Kaliforniya mətbuatı ermənipərəst qətnaməni etirazla qarşılamışdır

Erməni lobbisinin güclü təzyiqləri ilə Kaliforniya Ştat Assambleyasının mayın 5-də müzakirə və 8-də qəbul etdiyi, qondarma “DQR” ilə bağlı qətnaməni Kaliforniya KİV-ləri etirazla qarşılamışlar. KİV-lərin əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək, bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndirmişdir.

 Belə ki, Kaliforniya siyasi dairələrinin ən çox oxunan “Sacramento Bee” qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı video-bloq vasitəsilə çıxış edərək demişdir: “Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək, lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə müdaxilə edir. Məsələn, götürək Dağlıq Qarabağ ilə bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır? Onsuz da bu qətnamənin münaqişə üçün heç bir önəmi yoxdur. Səbəb aydındır. Çünki Kaliforniyadakı böyük erməni lobbisi Ştat Assambleyasına bu qətnaməni qəbul etmək üçün böyük təzyiqlər göstərir. Assambleyanın isə onlara “yox” deməyə gücü çatmır. Ancaq assambleya erməni lobbisinə etiraz edərək, Kaliforniya əhalisini maraqlandıran işlərlə məşğul olmalıdır”.  D.Uoltersin çıxışı ilə bu linkdə tanış olmaq olar: http://goo.gl/hEc1Bd.

Qətnamənin müəllifi, assambleyanın ermənipərəst üzvü Mayk Qattonun seçki dairəsində də qətnamə narazılıqla qarşılanmışdır. Həmin dairədə nəşr olunan “Crescenta Valley Weekly” qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Müəllif Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi cinayətlərdən danışaraq, xüsusilə onların Kəlbəcər rayonunda törətdiyi hərbi cinayətləri qeyd edir. T.Ayala Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən aldığı müsahibəyə istinad edərək, bu qətnamənin Kaliforniyanın azərbaycanlı və erməni icmalarını qarşı-qarşıya qoyduğunu, sülh danışıqlarına mənfi təsir göstərə biləcəyini, həm ABŞ xarici siyasətinə, həm də beynəlxalq birliyin iradəsinə qarşı olduğunu bildirir. Sonda müəllif bir sıra başqa ABŞ ştatlarının Kaliforniyadan fərqli mövqe tutaraq, ABŞ federal hökumətinin xarici siyasətini dəstəkləyən qətnamələr qəbul etdiyini qeyd edir və bu səpkidə Arizona qanunvericilik orqanının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 2014-cü il 30 yanvar tarixli qətnamələrini diqqətə çatdırır. Məqaləni bu linkdə oxumaq olar: http://goo.gl/DDy4Id.

Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq - “California Political News & Views” saytında yerləşdirilmiş “Sakramento demokratları iş yerləri yaratmaq əvəzinə, xarici siyasətlə məşğuldurlar” başlıqlı məqalədə isə qeyd olunur ki, “Kaliforniya depressiya içindədir, işsizlik 15 faizdir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16,7 milyard dollarlıq büdcə kəsiri vardır. Ancaq bütün bunları həll etmək əvəzinə, Ştat Assambleyasının üzvü Mike Qatto Ermənistan ilə Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır”.

Eyni elektron nəşrdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayevin “Kaliforniya qanunvericilik orqanı özünün erməni lobbisi tərəfindən manipulyasiyasına imkan verməməlidir” başlıqlı məqaləsi də verilmişdir.

“Los Angeles Times” qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ hökumətinin Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını, buna görə də bu qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə Şərqi Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin yersizliyini qeyd edir.

Qeyd edək ki, kaliforniyalı oxucular bu məqalələrə şərhlər yazaraq, qətnaməyə etirazlarını bildirmiş, Kaliforniya qanunvericilərinin xarici siyasətlə məşğul olmaqdansa, ştatın təxirəsalınmaz problemlərinin həllinə diqqət yetirməli olduqlarını söyləmişlər. Məqalələrlə bu linklərdə tanış olmaq olar: http://goo.gl/wYRSYj və http://goo.gl/yOA14L.

Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan “Springtime of Nations” siyasi bloqunda dərc olunmuş “Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi” başlıqlı məqalədə də sözügedən qətnamə kəskin tənqid olunur. Müəllif Ermənistan tərəfindən həyata keçirilmiş işğal, etnik təmizləmə və Xocalı soyqırımı barədə oxucuları geniş məlumatlandıraraq, Kaliforniya qanunvericilərinin bu qətnamə ilə bütün bu cinayətlərə haqq qazandırmış olduqlarını vurğulayır. Məqaləni bu linkdə oxumaq olar:http://goo.gl/085crp.

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında