Heydər Əliyev mütərəqqi sosial siyasət modelinin banisidir

Tarixin ən böyük bəxşişi olan müstəqillik nemətinə qovuşmuş hər bir xalqın başlıca missiyası demokratik dövlət quruculuğu prosesini uğurla həyata keçirməkdən ibarətdir. Çünki bunsuz milli azadlıq mübarizəsi yolunda qazanılmış nailiyyətləri qoruyub saxlamaq mümkün olmazdı.

Elə buna görə də  ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi dövlət quruculuğunu əsas milli məqsəd kimi elan etmiş və cəmiyyətimizin bu ideya ətrafında səfərbərliyinə nail ola bilmişdir. Ulu öndər bu barədə demişdir: “Biz çalışırıq ki, Azərbaycanın müstəqilliyini təmin edək, möhkəmləndirək, digər tərəfdən, respublikamızı yeni yol ilə, demokratik yol ilə aparaq. Uzun illər Sovetlər İttifaqının tərkibində olan, sosialist, kommunist ideologiyasının təsiri altında yaşayan Azərbaycan xalqı, Azərbaycan Respublikası artıq indi bu prinsiplərdən imtina etmişdir. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi gedir. Bizim məqsədimiz Azərbaycanda hüquqi demokratik dövlət qurmaq, sivilizasiyalı, hüquqi cəmiyyət yaratmaqdır”.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan demokratik dövlət quruculuğu prosesinin elmi təhlili zamanı əsas prinsip və meyarlar üzrə qarşıya qoyulmuş məqsədlərin uğurla həyata keçirildiyini və misilsiz nailiyyətlərin əldə olunduğunu görürük. Azərbaycanın müstəqil dövlət olaraq mükəmməl modernləşmə xətti yürütməsi, yeniləşən cəmiyyətin sosial strukturunun yenidən və tam düzgün müəyyənləşdirilməsi, ölkəmizdə hər bir cəmiyyət üzvünün maraqlarına cavab verən sosial modelin qurulması, heç şübhəsiz ki, bu nailiyyətlərin ən mühümüdür.

Cəmiyyətin sosial modelinin müəyyənləşməsində əhalinin sosial tərkibi, ictimai həyatın sosial strukturunun xarakteri əhəmiyyətli rol oynayır. Müəyyən sosial qrupa mənsub olmaları sayəsində insanlar cəmiyyətdə özlərinin çoxtərəfli funksiyalarını daha dolğun yerinə yetirə bilir, bir sıra ümumi sosial əlamətlər əsasında bir araya gələ bilirlər. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə deyil, həm də peşə, etnik, ərazi, demoqrafik, dini və s. göstəricilər üzrə təşkil olunurlar.

Heydər Əliyevin müdrikliyi onda idi ki, o, keçmiş sovet ideologiyasından yenicə ayrılıb xaotik şəkildə özünüaxtarış dövrünü yaşayan, mürəkkəb sosial tərkib və struktura malik cəmiyyətimizi vahid milli ideya ətradında bir araya gətirə, ictimai həyatımızdakı xaos, qaragüruh elementlərini və bu kimi meyillərin milli dövlətçiliyimiz üçün doğurduğu təhdidləri aradan qaldıra bilmişdi.

Milli ideya və ideologiyanın Heydər Əliyev zəkasının işığında ictimai şüura düzgün təqdim olunması cəmiyyətimizi primitiv etnik millətçilikdən uzaqlaşdırmış, mənşəyindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının dəyərlərini özündə ehtiva edən pozitiv, milli-mədəni vətəndaş vətənpərvərliyi sisteminin inkişafına təkan vermişdir.

Müasir dünyanın modernləşmə fəlsəfəsinin görkəmli tədqiqatçılarından olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu barədə yazmışdır: “Ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dil, etnik və konfessional fərqlərdən asılı olmayaraq, ölkənin bütün əhalisinin mənafeyini nəzərə almalıdır”.

Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin qayəsini əks etdirən belə bir yanaşma qloballaşma şəraitində hər bir müstəqil dövlət üçün böyük əhəmiyyət daşıyır. Çünki qloballaşma şəraitində bəzi böyük dövlətlər, kimisi bütün dünya, kimisi isə ayrıca bir bölgə üzərində nəzarət uğrunda təsir vasitələri tapmaq üzrə apardığı mübarizədə kosmopolitizm, kənardan sırınmış demokratiya, etnik, dini qarşıdurma ideyalarından istifadə edir, hər cür separatçılıq formalarını dəstəkləyir, bunu yeni dünya nizamına doğru hərəkət kimi qələmə verirlər. Heydər Əliyevin bu sahədə müəyyən etdiyi yanaşma isə ifratçılıqdan və kosmopolitizmin radikal formalarından və radikal separatçılıqdan, son nəticədə xarici müdaxilələrdən qorunmaq üçün konseptual əsas yaradır.

Akademik Ramiz Mehdiyev “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” məqaləsində Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövrünün siyasi-fəlsəfi xarakterindən çıxış etməklə doğru olaraq göstərir ki, “...Milli tariximizin bu dövrü milli dövlətçilik qurulması üçün o vaxt zəruri olan qətiyyətli, etatist yanaşmanın əsası, başlıca mənbəyi olmuş, bu yanaşmanın bazis konsepti isə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi və sosiomədəni modernləşməsinin prioritet komponenti kimi realpolitik çıxış etmişdir. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı və müxtəlif kliyentalist qrupların eksperimentlər aparması üçün sınaq meydanı kimi baxanların siyasi romantizmə və bəsirətsizliyə əsaslanan bütün cəhdlərinin üstündən qələm çəkdi”.

Dünyanın kifayət qədər gərgin, mürəkkəb xarakterə malik Qafqaz regionunda bir türkdilli ölkənin qazandığı bu nailiyyətlər, heç şübhəsiz ki, ilk növbədə ulu öndərin tapındığı “Vətəndə sülh, regionda sülh, dünyada sülh” prinsipinə əsaslanırdı. Bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olan Qafqaz etnodil, etnodemoqrafik, etnososial, etnomədəniyyət və etnik baxımdan, həqiqətən dünyanın unikal bölgələrindən sayılır. Qafqaz geosiyasi mövqeyinə görə də Şərqlə Qərb, Cənubla Şimal arasında mühüm strateji məkanda yerləşir. Müasir mərhələdə—XXI əsrin başlanğıcında Qafqaz dünya siyasətində geostrateji bölgə kimi daha önəmli yer tutmaqdadır. Tarixən də Qafqaz böyük imperiyaların, aparıcı dövlətlərin maraq və mənafelərinin kəsişdiyi, toqquşduğu bölgələrdən biri olmuşdur. Zəmanəmizdə də Qafqaz regionu dünyanın aparıcı dövlətlərinin milli maraqlarının, dövlət mənafelərinin kəsişdiyi coğrafi məkanlar içərisində öncüllərdəndir. Çünki Qafqaz regionu Asiya ilə Avropanı iqtisadi və mədəni cəhətdən bir-birinə qovuşduran, inteqrasiyaya yardım edən körpü rolunu oynayır. Bu mənada Qərb və Şərq sivilizasiyalarının bir-birinə inteqrasiyasında, qoca Şərqin qədim və zəngin klassik mədəni irsinin Qərbin yeni, müasir texnologiyaları ilə daha da zənginləşməsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi müstəsna əhəmiyyət daşıyır. Digər tərəfdən, Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının, Orta Asiya və Qazaxıstan xammalının, hazır məhsullarının Qərbə nəqlində Qafqaz bölgəsi həlledici rola malikdir. Bütün bunları nəzərə alan ABŞ-ın və Qərb dövlətlərinin Qafqaz siyasətində Cənubi Qafqaz respublikalarının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, bu regionda demokratiyanın və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına, Şimali Qafqazda qeyri-sabitliyin aradan qaldırılmasına, Qafqaz dövlətlərinin Qərbə inteqrasiyasına, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına və inkişaf etdirilməsinə, nəhayət, Xəzərin enerji ehtiyatlarının Qərbə nəqlinə yardım göstərilməsi əsas yer tutur.

Bu da inkarolunmaz həqiqətdir ki, Qafqaz mürəkkəb etnik münaqişələrin çoxluğu və miqyası baxımından da unikal coğrafi məkanlardan biridir. Belə bir şəraitdə dünyanın ən qaynar nöqtələrindən birinə çevrilən Qafqazda sülh, təhlükəsizlik, sabitlik təkcə region ölkələri üçün deyil, bütövlükdə Asiya və Avropa ölkələri üçün də faydalı və əlverişli olmaqla həyati əhəmiyyət daşıyır. Qafqazda sülhü və sabitliyi təmin etmədən Şərqlə Qərb, Cənubla Şimal arasında, həmçinin region ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və mədəni inteqrasiyasından söhbət gedə bilməz. Bütün bu tarixi, ictimai-siyasi, iqtisadi və mədəni amillər deməyə əsas verir ki, “Qafqazda sülh, bölgədə sülh, dünyada sülh!” modeli bu gün beynəlxalq aləmi düşündürən başlıca amillərdən, dünyanı narahat edən qlobal problemlərdən olmalıdır.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi və mədəni inteqrasiyanın əsas təminatçısı və alovlu təbliğatçısı, çağdaş dövrdə “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyasının və konsepsiyasının banisi və bu konsepsiyanı həyata keçirən əsas lider missiyasını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yerinə yetirmişdir. Ulu öndərin bu məsələyə münasibətdə tutduğu mövqe onun aşağıdakı fikirlərində dəqiq şəkildə öz ifadəsini tapır: “Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus, öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir”.

Təsadüfı deyildir ki, Gürcüstanın keçmiş prezidenti, bir vaxtlar SSRİ-nin xarici işlər naziri kimi dünyanın siyasi mənzərəsinin müəyyənlşəsində aparıcı simalardan biri kimi çıxış etmiş Eduard Şevardnadze Heydər Əliyevin Qafqazdakı sülh proseslərində rolu barədə demişdir: “Prezident Heydər Əliyev Qafqazda sülh təşəbbüsünü dəstəkləyən ilk dövlət başçısıdır”.

Hazırda qloballaşan və qloballaşdıqca da terrordan, separatçı hərəkətlərdən, etnik münaqişələrdən əziyyət çəkən narahat dünyamızın ən qaynar nöqtələrindən və strateji baxımdan ən əhəmiyyətli geosiyasi məkanlarından olan Qafqazda sülhün qorunması, sülh prosesinin hər vasitə ilə inkişaf etdirilməsi nəticə etibarilə “Ümumdünya evi”nin təhlükəsizliyi, ölkələrin və dövlətlərin birgəyaşayışı, əmin-amanlığı, qarşılıqlı əməkdaşlığın iqtisadi və mədəni inteqrasiyası üçün böyük imkanların açılması Heydər Əliyevin bu istiqamətin inkişafına verdiyi tarixi töhfələrdir.

Bu siyasətdən ən çox faydalanan sosial qruplardan biri də Azərbaycan qadınları idi. Azərbaycan xalqı üçün ananın - qadının hər şeydən ucada dayandığını, müqəddəs tutulduğunu, ehtiram və hörmət simvolu sayıldığını xüsusi qeyd etməyə, yəqin ki, lüzum yoxdur. Azərbaycan mentalitetinə görə, anaya - qadına hörmət Uca Tanrıya tapınmaqdır, etiqad etməkdir, müqəddəsliyi ziyarət etməkdir. Heydər Əliyev məhz bu keyfiyyətlərə görə “Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrah, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir”,–deyirdi.

Azərbaycanda qadın fəallığı ənənələri məhz Heydər Əliyevin sayəsində yeni bir inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyev dinimizin qadınlara bəslədiyi böyük ehtiramın ifadəsi olan “Cənnət ananın ayaqları altındadır” formulunu Azərbaycan xalqının milli mentalitetinin, milli əxlaq və davranışının ali prinsipinə çevirdi.

Heydər Əliyev tarixin bütün dövrlərində cəmiyyətin sosial strukturunda aparıcı yer tutan, toplumun intellektual potensialını ifadə edən ziyalıların da ən böyük hamisi idi. Ulu öndərin titanik xidmətləri sayəsində onun hakimiyyətdə olduğu dövrlər Azərbaycan elminin, iqtisadiyyatının, mədəniyyətinin və təhsilinin intibah dövrünə çevrilmişdir. Fəaliyyətində və siyasi təcrübəsində elmin son nailiyyətlərindən bəhrələnən, elmin, mədəniyyətin, maarifin inkişaf məsələlərinin həllində peşəkarlıq göstərən Heydər Əliyev hər zaman elmə, alimə, müəllimə diqqət və qayğı ilə yanaşır, onların fəaliyyətini həssaslıqla izləyir, uğurlarını yüksək qiymətləndirir, problemlərindən narahatlıq hissini gizlətmirdi. Təsadüfi deyildir ki, 1993-cü ildə hakimiyyətə ulu öndərin qayıtdıqdan sonra Onun respublikada ilk görüş keçirdiyi ən böyük auditoriya məhz Elmlər Akademiyası olmuşdu. On illik ayrılıqdan sonra alimlərlə, ziyalılarla görüş məkanı rəmzi məna daşısa da, müstəsna əhəmiyyət kəsb edirdi. Xaos içərisində çırpınan respublikada gedişatı elmi müstəvi üzərinə keçirmək zərurəti yaranmışdı. Azərbaycan xalqının milli sərvəti olan Elmlər Akademiyasının başı üzərində dolaşan qara buludlar haqqında açıq danışmaq, problemlərin həlli yollarını müəyyənləşdirmək vaxtı təxirəsalınmaz idi. O zaman Heydər Əliyev akademiya haqqında bəd niyyətə düşənlərin arzusunu ürəyində qoyaraq 1993-cü il sentyabrın 21-də elm xadimləri və ziyalılar ilə görüşündə dedi: “Bir sözlə, elmimiz, mədəniyyətimiz yaşamalı, inkişaf etməlidir”.

Azərbaycan dilinin zənginləşməsində, istifadə miqyasının genişlənməsində, dövlət dili kimi statusunun möhkəmlənməsində də Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, natiqlik məharəti, dəqiq məntiqi, nurlu zəkası, heyrətamiz yaddaşı, müdrikliyi və mövzuya dərindən bələdliyi ilə ana dilimizin, nitq mədəniyyətimizin ən gözəl nümunələrini yaratmışdır. Hakimiyyətdə olduğu bütün zamanlarda Azərbaycan dilinə üstünlük verən, bu dili Avropa ölkələrinin və beynəlxalq təşkilatların rəsmi məclislərində səsləndirən, ölkədəki yüksək çinli məmurları Azərbaycan dilində danışmağa məcbur edən Heydər Əliyev gənclərə üz tutaraq Azərbaycan dilinə hörmətlə yanaşmağı, bu dilin incəliklərini mənimsəməyi, bu dili duymağı, sevməyi onlara dönə-dönə tövsiyə edirdi. Ulu öndərin “Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərmanı, Prezident yanında Dövlət Dil Komissiyasının yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli qanunun qəbul edilməsi, 2001-ci il avqustun 1-dən ölkədə bütün yazışma və nəşrlərin latın qrafikasına keçrilməsi o dövrdə dövlət başçısının ana dilimizə diqqət və qayğısının parlaq ifadəsi idi. Hətta Prezident fərmanı ilə avqustun 1-i hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Heydər Əliyev özünün və ölkənin ən çətin məqamlarında da milli dəyərlərə, mənəvi sərvətlərə həmişə diqqət və qayğı ilə yanaşır, yüksək səviyyəli əsərlərdən zövq almağı bacarırdı. Alimlər, sənət adamları, yazıçı və şairlər də ulu öndəri hər zaman sevgi və səmimiyyətlə qarşılayır, sevgi və ehtiramlarını gizlətmirdilər.

Ümummilli liderin zəngin elmi-fəlsəfi irsi içərisində mədəniyyətimizin, incəsənətimizin müxtəlif sahələrinə aid dəyərli fikir və tövsiyələri geniş yer almışdır. Onun Azərbaycanın milli teatrı, musiqisi, rəssamlığı, heykəltəraşlığı, memarlığı haqqında söylədiyi dəyərli fikirləri, təlim və tövsiyələri uzun əsrlər dövlət siyasətinin mədəniyyət sahəsində aparıcı lokomotivi olacağı şübhəsizdir.

Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda ən çox şairlərə, yazıçılara, elm və mədəniyyət xadimlərinə abidələr ucaldılmış, yubiley mərasimləri böyük təntənə ilə qeyd olunmuşdur. Dövrün ədəbi-mədəni hadisəsinə çevrilmiş iki yubileyi - Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik təntənəli yubiley mərasimlərinin keçirilməsi, buna parlaq misaldır.

Bağdadda, Kərbəlada, Kərkükdə, Tehranda, Ankarada, Moskvada, Bakıda böyük təntənə ilə keçirilən mərasimlər, UNESCO-nun hər iki möhtəşəm yubileyin keçirilməsi haqqında qərarları, türkdilli dövlət başçılarının bu tədbirlərdə iştirakı ümummilli liderin uzaqgörən siyasətinin Azərbaycan xalqına əvəzsiz töhfəsi idi. Bu yubiley tədbirləri qədim və zəngin mədəniyyətə malik xalqımızın dünyada sülhsevər millət imicinin formalaşması, dünya türklərinin milli-mənəvi birliyi istiqamətində müsbət rol oynadı.

Heydər Əliyev dinə də mədəniyyət hadisəsi kimi baxır, dünyəvi dövlət olan Azərbaycanda vicdan azadlığının təminatçısı kimi çıxış edir, ölkə vətəndaşlarının əksəriyyətinin müqəddəs inancı olan İslamla yanaşı, Azərbaycandakı digər dinlərin təmsilçilərinə də qayğı ilə yanaşırdı.

O, bu barədə demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır”.

Bu yanaşmadan irəli gələrək, 1999-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr Tolerantlıq Günü kimi qeyd edilməyə başladı. Heydər Əliyev Azərbaycanda mövcud olan dini tolerantlığı yerində görmək və nəticə çıxarmaq üçün digər dinlərin ali rəhbərlərini vaxtaşırı ölkəyə dəvət edirdi. Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən də bəyan edilmişdir. Belə ki, Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın sabiq Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryamın Miladı Baş Kilsəsi də bərpa olunmuşdur.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinə bariz nümunə kimi Roma Katolik kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci ildə Azərbaycana etdiyi tarixi səfərini də göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunmuşdur.

Dinlərarası münasibətlərdə Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri sayəsində mümkün olub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir.

Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini hər zaman diqqətə çatdıran Prezident İlham Əliyev dünyada sülhün təmin olunmasında belə dialoqlara böyük ehtiyac olduğunu söyləyir: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”.

Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri də özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq etmiş Bakıda toplaşır və dinlərin dialoqu çərçivəsində və bununla həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar. Bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi və iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların da qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.

Bu sahədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş zəngin ənənələrə, ulu öndərin zəngin irsinə sadiqlik nümunəsi kimi Heydər Əliyev Fondu da bütün bu istiqamətlərin inkişafına öz tarixi töhfələrini verməkdədir. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbəri olduğu bu fond ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi diqqət yetirir. Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu sahədə görülən işlərdən biridir.

Məlum olduğu kimi, müasir dünyada sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Son illərin ən funksional terminlərindən olan multikulturalizm anlayış baxımından, əslində, qədimlərə gedir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır.

Mədəni bərabərliyin təmin edilməsi, tolerantlığın inkişafında mühüm rol oynayan multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir, ayrı-seçkiliyin qarşısını alır, fərqli mədəniyyətləri təmsil edən xalqların sülh şəraitində birgəyaşayışına müsbət təsir göstərir. Bu baxımdan, müasir anlamda multikulturalizm hər hansı ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən müsbət nəticələrin nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir.

Tarix sübut edib ki, multikultural dəyərlər olmasaydı, heç böyük bəşər mədəniyyəti də ola bilməzdi. Çünki müəyyən sərhədlər daxilində təcrid olunmuş və özünə qapanmış hər hansı bir mədəniyyət tənəzzülə məhkumdur. Qloballaşma dövründə isə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz.

Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidentı İlham Əliyev çıxışlarının birində deymişdir: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”.

Akademik Ramiz Mehdiyev Şərqlə Qərb arasında yerləşən Azərbaycanın müasirlik, inkişaf, sabitlik, multikulturalizm fenomenlərini əldə rəhbər tutmasının elmi izahını öz çıxışlarında belə əsaslandırmışdır: “Ölkə modernləşmənin təkcə Qərb modelini deyil, həm də Şərq modelini öyrənir, onun vəhdətini yaradır. Azərbaycanın hələ keçid dövründə əldə etdiyi güclü dövlətçilik, bazar iqtisadiyyatı, yaxşı investisiya imkanları yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir, nümunədir. Çoxmillətli dövlət olan Azərbaycan tarixi boyunca heç vaxt dinlərarası, etnik qruplar arası münaqişələrə səhnə olmayıb və olmayacaq da. Çünki tolerantlıq milli dəyər kimi qorunur. Prezident İlham Əliyevin öz fəaliyyəti ilə dinlərarası, sivizilaziyalararası, mədəniyyətlərarası dialoqa verdiyi bəşəri töhfələr, Azərbaycanı bölgənin humanitar təfəkkür mərkəzinə çevirməsi bunun bariz nümunəsidir”.

Dünyanın çoxmillətli dövlətlərindən olan Azərbaycan dövləti hər bir azərbaycanlının Vətənidir. Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaradıb. Etnik azlıqlara da tam bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur: müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur; qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir. Beləliklə, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır.

Azərbaycan son illərdə bu sahədə aparılan müzakirələrin sadəcə iştirakçısı qismində çıxış etmir, eyni zamanda bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyən edilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir.

2011-ci ildən başlayaraq paytaxtımızda keçirilən Bakı Beynəlxalq Humanitar Forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.

Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən bu cür təşəbbüslərin irəli sürülməsi və uğurla reallaşmasında, heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır və bu məqama xarici mətbuat da xüsusi diqqət yetirir. Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Washington Times” qəzetinin Mehriban xanım haqqında dərc etdirdiyi məqalədə oxuyuruq: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir!”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də həyata keçirdiyi çoxşaxəli fəaliyyətində mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirir. Buna nümunə olaraq, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın dəstəyi ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu” kitabının çapdan çıxması məhz Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. Fəaliyyət coğrafiyasını daim genişləndirən qurumun təmsilçiləri, eyni zamanda, Leyla xanımın rəhbəri olduğu Rusiya Azərbaycanlıları Gənclər Təşkilatında təmsil olunan azərbaycanlı gənclər klubları eyni missiyanı təkcə Moskvada deyil, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da uğurla yerinə yetirməkdədirlər.

2012-ci il noyabrın 8-də Londonda, Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans isə Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə daha bir töfhə olmuşdur. Şübhəsiz ki, Heydər Əliyev Fondu gələcək fəaliyyəti ilə bu sahədə indiyə qədər əldə edilmiş bəşəri nailiyyətlərin sırasını daha da zənginləşdirəcəkdir.

Müstəqil Azərbaycan dövləti bu gün tarixinin ən böyük intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ölkəmizin sosial-iqtisadi imkanlarının genişlənməsi cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə müəyyən edilmiş inkişaf kursunun yüksələn xətt üzrə davamlılığını, ardıcıllığını, məqsədyönlülüyünü təmin edir. Azərbaycanın əsas iştirakçı kimi çıxış etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi qlobal layihələr təkcə müstəqil dövlətimizin gələcək firavanlığının, sosial-iqtisadi tərəqqisinin, Azərbaycan insanının xoş güzəranının təminatı deyil. Həm də cəmiyyətimizi bir zamanlar bütün Şərq dünyasında ilk dəfə demokratik bir cümhuriyyət bina etmiş mütəfəkkirlərimizin, o cümhuriyyətin tarixi ruhunun gücü, enerjisi ilə müstəqil Azərbaycan dövlətini qurub yaratmış ulu öndər Heydər Əliyevin arzularında yaşanan sivil bir aləmə qovuşduran körpüdür.  Azərbaycanın xoşbəxt sabahlarına doğru uzanan yollardır.

 

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiri,

tarix elmləri doktoru, professor,

YAP Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikasının əməkdar müəllimi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında