Biz - Avropada oxuyan və işləyən azərbaycanlı gənclər ölkəmizin istənilən uğurlarına sevinir və dərhal həmin uğurların əcnəbi tərəfdaşlarımız arasında yayılması, təbliğ edilməsi üçün yollar arayır, variantlar tapırıq. Yollar və variantlar isə dərhal tapılır. Çünki oxuduğumuz ali məktəbin tələbələri arasında, demək olar ki, dünyanın bütün ölkələrini təmsil edən gənclər vardır.
İstənilən tələbə ilə əməkdaşlığımız məhz bizə sərf edən nəticələri verdiyinə görə, bədnam qonşularımızı təmsil edənlər bunu təkcə qısqanclıqla qarşılamır, həm də açıq-açığına aqressivləşirlər. Cənab Prezident İlham Əliyevin Praqada - Avropa Birliyinin Sülh Naminə Tərəfdaşlıq Proqramının 5 illiyinə həsr olunmuş sammitin plenar iclasındakı möhtəşəm nitqindən sonra da bu insident yaşandı. Ermənilər dövlət başçımızın həmin qətiyyətini birmənalı olaraq həzm edə bilmir, etiraz və nifrətlərini gizlətmirdilər. Biz isə əsəbiləşmirdik. İlk növbədə ona görə ki, bu qəbildən olan etirazlara öyrəncəli idik, digər tərəfdən bizim deyə biləcəyimiz bütün sözləri möhtərəm dövlət başçımız çox yüksək səviyyədə demişdi. Biz sadəcə çalışırdıq ki, Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyəti barədə daha çox adamın xəbəri olsun. Buna da nail olduq.
Xatırladım ki, cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsi Avropadakı bütün azərbaycanlıların və türklərin xüsusi bir marağına və məmnunluğuna səbəb olub. Prezidentin Praqa səfərində nümayiş etdirdiyi qətiyyət isə bir daha sübut etdi ki, Azərbaycan diplomatiyası xalqımızın və dövlətimizin mənafelərinin təmin olunması üçün ən kəsərli addımları atmaq iqtidarındadır. Bu, bizi çox sevindirdi. Çünki cənab Prezident bu səfər çərçivəsində Avropa İttifaqı kimi mötəbər beynəlxalq təşkilatın zirvə toplantısının tribunasından bəyan etdi ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması, bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşma nümayiş etdirməsi, bütövlükdə, Avropanın bir sıra maraqlarının təmin olunmasına əngəl törədir. Elə biz də həmkarımız olan diplomat tələbələrdən eşidirik ki, indi artıq Avropa siyasətçiləri bu münaqişənin həllinə tələsirlər. Təbii ki, bu da Azərbaycan diplomatiyasının hücum taktikasına keçməsinin nəticəsidir.
Azərbaycan diplomatiyasının hücum taktikasına keçməsinin bariz nümunəsini dövlət başçımızın Çex Respublikasına səfəri zamanı gördük. Avropa İttifaqının adı çəkilən sammitinin plenar iclasında söz alan Ermənistan prezidenti Serj Sarkisyanın öz çıxışını bütünlüklə qondarma erməni soyqırımı ilə bağlı mülahizələrə həsr etməsi toplantıdakı mütərəqqi düşüncəli adamların hamısını əsəbiləşdirmişdi. Üstəlik , Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Sarkisyan zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq, uydurma soyqırımı məsələsini qabartmağa çalışırdı.
Avropadakı şərhçilər yazırlar ki, Serj Sarkisyan Praqada Türkiyəni, həm qondarma soyqırımı ilə bağlı “konstruktiv mövqe tutmağa” çağırır, həm də Ankaranı Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edirdi. Bu da az imiş kimi, Sarkisyan Türkiyənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyir. Yəni, Praqada da ənənəvi erməni həyasızlığı nümayiş etdirildi. Ona görə də Azərbaycan Prezidenti onu susdurmaq qərarına gəldi və susdurdu da.
Cənab Prezidentin Sarkisyana və bütün ermənilərə ağır zərbə kimi qəbul edilən Praqa çıxışının mətnini, demək olar ki, Avropadakı soydaşlarımızın hamısı əzbər bilir. “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. İnsafən, bu abzası türkiyəli gənclər daha çox sevirlər.
Prezident İlham Əliyev təkcə Praqadakı çıxışı deyil, ümumiyyətlə, bütün siyasi fəaliyyəti böhtan, uydurma və cəfəngiyyatdan ibarət olan Sarkisyanın Avropa İttifaqının tribunasından avropalılara sırımaq istədiyi yalanlara cavab olaraq demişdir: “Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.
Təkcə Avropadakı türkləri və azərbaycanlıları deyil, eləcə də köhnə qitədəki mütərəqqi düçüncəli adamların hamısını məmnun edən məqamlardan biri də o idi ki, Azərbaycan Prezidenti Praqada erməniləri yerində oturtduğu kimi, dünyanın ikili standartdan əl çəkə bilməyən siyasətçilərinə də kəsərli bir mesaj göndərirdi : “ Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bugünədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin ediblər”.
Bax belə, biz - Avropadakı azərbaycanlı gənclər həmişə Bakıdan gələn xəbərlərə sevinirdik. İndi isə Avropanın ən qədim şəhərlərindən olan Praqadan eşitdiyimiz xəbərdən məmnun olduq. İnanırıq ki, bu tendensiya daimi olacaq və Azərbaycanın bu münaqişədə tam qələbəsinə qədər davam edəcəkdir.
Sonda isə doktorantı olduğum Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi barədə bir neçə kəlmə qeyd edim. Yığcam olaraq Cenevrə Diplomatiya Məktəbi kimi qəbul edilən bu ali təhsil müəssisəsi yeni əsrin, xüsusən, qloballaşmanın tələbləri əsasında 2003-cü ildə yaranıb. İsveçrənin Cenevrə kantonunda fəaliyyət göstərir. Məktəbin “Sosial və siyasi elmlər” və “Beynəlxalq münasibətlər” bölmələrində 27 fakültə vardır. Tədris əsasən ingilis dilində aparılır. Tələbə ( bakalavr və magistr) , aspirant və doktorantların hamısı xaricilərdir. Professor Kolum Merfinin rəhbərliyi altında yaradılan və fəaliyyət göstərən məktəbin əsas partnyorları BMT, Kaliforniyadakı Berkli və Kosta-Rikadakı Sülh universitetləridir.
Yeri gəlmişkən, 2013-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş BMT - nin Kimyəvi Silahların Qadağan Olunması üzrə təşkilatının rəhbəri, türk diplomat Əhməd Üzümçü 2010-cu ildə Cenevrə Diplomatiya Məktəbinin doktoranturasını başa vuraraq diplomatiya üzrə doktorluq elmi dərəcəsi almışdır. Əvvəllər Türkiyənin Suriya və İsraildəki səfirliklərində çalışmış cənab Üzümçü 2002-2004-cü illərdə Türkiyənin NATO-dakı, 2006 - 2010-cu illərdə isə BMT - dəki daimi nümayəndəsi vəzifələrini yerinə yetirmişdir. Yəni indi bizim oxuduğumuz beynəlxalq təhsil ocağı dünyanın bütün guşələrində cərəyan edən ictimai-siyasi proseslərin bir növ hərtərəfli tədqiq, təhlil və tədris olunduğu ünvandır. Biz, azərbaycanlı tələbələr xoşbəxtik ki, burada Azərbaycan haqqında həmişə ürəkaçan xəbərlər, xoş soraqlar eşidirik. İnanırıq ki, tezliklə ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması xəbərini də eşidəcəyik. Çünki biz diplomatlar Azərbaycan xarici siyasətinin bütün konturlarını dəqiq müəyyən edən cənab İlham Əliyevin qüdrətinə inanırıq və inanacağıq.
Yusif HÜSEYNOV,
Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin doktorantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.