Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.
Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizliyi orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir. Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, insanları idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.
Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.
Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Ulu öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsiplərinə verildi. Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.
Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı. Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Ulu öndərimiz yaxşı bilirdi ki, müstəqil respublikamızda dövlət mülkiyyəti özəlləşdirilmədən bazar iqtisadiyyatının sürətlə formalaşması, ölkənin xarici iqtisadi əlaqələrinin güclənməsi mümkün deyil. Ona görə də hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaqda ölkədə həyata keçirilən özəlləşdirmə prosesini mühüm vasitə hesab edirdi.
Onu da deyim ki, ümummilli lider bütün çıxışlarında respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Elə bu məqsədlə də 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.
Ulu öndərimizin dövlət mülkiyyətinin özəlləşdirilməsinə mühüm önəm verməsi bu dövrdə bazar münasibətlərinin geniş vüsət almasına, liberallaşma və çoxcəhətli iqtisadi islahatların uğurla aparılmasına, xüsusən özəlləşdirmə proqramlarının həyata keçirilməsinə, pul-kredit və maliyyə sisteminin yenidən qurulmasına, milli sahibkarlar sinfinin formalaşmasına, eyni zamanda regionların inkişafına əlverişli zəmin yaratmışdır. Həmin dövrdə onlarca sənaye və istehsal sahəsi bərpa edilmiş, yeniləri yaradılmışdır.
Xatırladım ki, ümummilli liderimizin sahibkarlığın inkişafı yolunda atdığı ilk addımlardan biri qanunvericilik sahəsində oldu. Belə ki, 1 yanvar 2003-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Qanunla kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən daha optimal bir sistem yaradıldı. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirildi, lisenziyaların müddəti isə 2 ildən 5 ilədək uzadıldı. Bütün bunlar ölkədə sahibkarlıq sinfinin inkişafı ilə bağlı tarixi nailiyyətlərə imza atılmasına, orta təbəqənin cəmiyyətdə xüsusi çəkisinin artmasına gətirib çıxardı ki, bu da əhalinin maddi rifah halının artmasında böyük əhəmiyyət kəsb etdi. Beləliklə, ulu öndərin rəhbərliyi və təşəbbüsü ilə sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları, habelə digər mühüm tədbirlərin bu sahənin inkişafında xüsusi rolu oldu. Dahi rəhbər kiçik və orta sahibkarlığın inkişafı üzrə rəsmi tədbirləri Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Başqa sözlə, bu dövrdə dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirildi, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırıldı. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirlərin sistemliliyini təmin etdi, bu tədbirlər vahid strategiyanın həyata keçirilməsinə yönəldildi. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirildi, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baş verdi. Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşması oldu. Ulu öndər tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki Azərbaycanın inkişafında müstəsna rol oynadı, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrildi.
Ulu öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuşdur. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)”nın əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşmasını, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsini, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Qeyd olunan məsələlər regionların inkişafına dair ikinci Dövlət Proqramında da öz əksini tapdı. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırıldı, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salındı, ölkədə ixrac rüsumları ləğv edildi, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirildi.
Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir.
Göründüyü kimi, ulu öndərin siyasi varisi ona bəslənilən ümidləri qısa müddətdə doğrultdu, çünki həmin siyasət ənənəyə söykənir və bu missiya inkişaf edir. Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial - iqtisadi hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz bu gün də davam edən bu strategiya dahi öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.
Məhərrəm ŞƏFİYEV,
“Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.