Cənubi Qafqazda yeni əməkdaşlıq formatı

Deyə bilərəm ki, hazırda bu üçtərəfli format, nəinki regionda dünya miqyasında böyük maraq doğurur. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətləri – qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətləri qurmuşdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Qafqaz tarix boyu geosiyasi cəhətdən son dərəcə həssas, əbədi mübarizələr meydanı olmuşdur. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin təmsilçilərinin bu regionda uzun əsrlər boyu mövcud olması da siyasi proseslərə öz təsirini göstərmişdir. Təsadüfi deyildir ki, Samuel Hantinqton Qafqazı sivilizasiyaların kəsişmə xəttində yerləşən region olaraq qiymətləndirmişdir. Eyni zamanda, Qafqazın siyasi həyatında bərabərhüquqlu münasibətlərə üstünlük verənlərlə yanaşı, xarici siyasi aktorların himayəsinə sığınanlarda olmuşdur.

2014-cü il mayın 7-də Tbilisidə əsası qoyulan Azərbaycan-Türkiyə-Gürcüstan sammitini bu prizmadan qiymətləndirdikdə regionun real siyasi mənzərəsi daha aydın görünür.

Azərbaycan Respublikasının xarici siyasəti milli maraq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı və etimad hörmət prinsiplərinə söykənir. Məhz bu prinsiplər əsasında Azərbaycan müstəqil siyasət həyata keçirir. İyirmi üç  illik müstəqillik həyatında respublikamız beynəlxalq müstəvidə adi iştirakçıdan böyük layihələrin müəllifinə, xaricdən yardım alan ölkədən donor və sərmayədar ölkəyə çevrilmişdir. Azərbaycan enerji, nəqliyyat sahəsində öz tərəfdaşları ilə bərabər əfsanələri reallığa çevirən bir dövlət olmuşdur. Artıq istifadədə olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və inşası tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti regionun və ümumilikdə, Avropanın enerji və nəqliyyat xəritəsində yeni mənzərə yaratmışdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün bildirdiyi kimi, “bu layihələr vaxtilə reallaşması çətin, hətta bəzilərinin “əfsanə” adlandırdığı layihələrdir”. Reallığa çevrilən bu əfsanələr isə bir-birini əvəz etməkdədir. Bu gün bütün Avropada, xüsusən də Cənub-Şərqi Avropada ən aktual mövzu Transanadolu (TANAP) layihəsidir. TANAP Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığının yeni məhsuludur.

Azərbaycan etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut etmişdir. Gürcüstan enerji böhranı yaşadıqda Azərbaycan öz qonşuluq və tərəfdaşlıq prinsiplərinə sadiq qaldığını göstərmişdir. Hazırda Avropaya əsas enerji marşrutlarından biri Azərbaycan üzərindən düşünülür. Avropadan fərqli olaraq Qafqazda etibarlı dost və tərəfdaş sözünün siyasi mənası ilə yanaşı mənəvi dəyəri də vardır. Hər tərəfdən uca dağlarla əhatə olunan Qafqazda dağlar vüqar, əzəmət və sadiqliyin timsalıdır. Minillərdir bu dağlar öz əhatəsində bu dəyərləri yaşadan insanlara şahidlik edir. Zaman-zaman Qafqazı zəbt edən əcnəbilər burada uzun müddət qala bilməmişlər. Ona görə də Qafqaz özünə yox, əcnəbi himayədarlarına arxalananlara Vətən olmayacaqdır.

Bərabər hüquqlarla müstəqil siyasət həyata keçirən Azərbaycan, Türkiyə və Gürcüstandan fərqli olaraq,  Ermənistan regionda forpost ölkədir. Gömrük İttifaqı ilə Avropa İttifaqı arasında seçim edərkən Ermənistanın atdığı addımlar forpost ölkənin mövqeyini, əslində, mövqesizliyini bir daha bütün dünyaya göstərdi.

Əsası Tbilisidə qoyulan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli sammiti zamanın tələbidir. Müstəqilliyin ilk illərindən bu 3 ölkə arasında münasibətlər müstəsna xarakterə malik olmuşdur. Xəzərin enerji ehtiyatlarının Avropaya nəqlində həyata keçirilən bütün layihələrdə hər üç ölkənin imzası vardır. Coğrafi yaxınlıqdan əlavə, ortaq tarixi köklər və ənənələr, mehriban qonşuluq və yenə də müstəqil siyasi xətt əməkdaşlığın prinsiplərini müəyyənləşdirmişdir. Bu gün əlaqələr bütün sahələrdə daha da dərinləşir. Azərbaycan Türkiyə və Gürcüstanda ən böyük sərmayədardır. Eyni zamanda, türk şirkətləri Azərbaycanın qeyri-neft sektorunda mühüm yer tuturlar. Hər üç ölkə bir-biri ilə əsas ticarət tərəfdaşlarındandırlar. Azərbaycan-Türkiyə-Gürcüstan Asiyadan Avropaya enerji və nəqliyyat dəhlizinin əsas sütunlarıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu üçtərəfli formatın əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər əməkdaşlığın mahiyyətini ortaya qoyur: “Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz, eyni zamanda bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır.”

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli sammiti Xəzər, Qara və Aralıq dənizi hövzəsini birləşdirən mühüm bir təşəbbüsdür. Möhkəm siyasi təməl üzərində qurulan əməkdaşlıq iqtisadiyyat sahəsində davam etdirilir. Bu gün ölkə vətəndaşlarının sərbəst hərəkəti istiqamətində ortaq addımlar atılır. Türkiyə ilə Gürcüstan, Gürcüstanla Azərbaycan sərhədində hərəkətin asanlaşdırılması istiqamətində işlər aparılır. Hər üç ölkənin nəqliyyat strategiyasında vahid dəhliz prioritet təşkil edir. Üçtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi yeni bazarlara və yeni ölkələrə çıxış imkanlarını da artırır. Aralıq dənizi Yaxın Şərq və daha geniş məkana, Egey dənizi Avropaya çıxışdırsa, Xəzər Mərkəzi Asiya və Çinə qədər imkanlar deməkdir.Bu üçtərəfli əməkdaşlıq formatı Xəzər, Qara və Aralıq dənizləri hövzələrində bu qədər böyük imkanlara malik yeganə nümunə sayıla bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçtərəfli sammitdə çıxışı zamanı həm region üçün, həm də qlobal çağırışlara uyğun mesajlar verdi. Birincisi, Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlərin dostluq və qardaşlıq zəminində qurulduğunu bir daha bəyan etdi. İkincisi, əsası qoyulan bu üçtərəfli əməkdaşlıq formatının əsas prinsipləri müəyyənləşdirilmişdir: bərabərhüquqlu münasibətlər, qarşılıqlı maraq və bir-birinə hörmət. Üçüncüsü, bu üç ölkənin birgə layihələrinin artıq regional səviyyəni aşaraq beynəlxalq və qitə əhəmiyyətli təşəbbüslər olduğunu bildirmişdir. Dördüncüsü, birgə əməkdaşlıq formatının Azərbaycan, Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyini artıq təmin etdiyini və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini bəyan etmişdir. Bu, üç ölkə arasında karbohidrogen ehtiyatları ilə zəngin yeganə ölkə olan Azərbaycanın etibarlı tərəfdaş olduğunun bariz göstəricisidir. Çünki həm üçtərəfli formatda, həm də qitə üçün enerji təhlükəsizliyi daha çox Azərbaycanın enerji ehtiyatlarına söykənir.

Nəhayət, Prezident İlham Əliyev üç ölkənin xalqlarının iradəsini və güclü siyasi iradəni birgə təşəbbüslərin təməlində dayanan meyar kimi qiymətləndirmişdir. Azərbaycan hər zaman bu meyara önəm verir. Avropa İttifaqının Praqada keçirilən Şərq Tərəfdaşlığı sammitində də, Gürcüstan enerji böhranı ilə qarşılaşanda da Azərbaycan Respublikasının Prezidenti öz siyasi iradəsini ortaya qoymuşdur. Türkiyənin iştirak etmədiyi Praqa Sammitində Ermənistan rəhbərliyinin avantürist və böhtançı çıxışına Prezident İlham Əliyevin tutarlı cavabı bütün dünya qarşısında bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu və siyasi iradəsini nəyin necə olmasından asılı olmayaraq ortaya qoyduğunu göstərdi. Azərbaycan da öz növbəsində bu üçtərəfli əməkdaşlıq formatında Türkiyə və Gürcüstandan hər zaman prinsipial mövqelərini ifadə etmələrini gözləyir. Zaman-zaman bu ölkələrdə müxtəlif siyasi dairələrdə Azərbaycanın maraqlarını nəzərə almayan təşəbbüslərin heç bir uğur gətirə bilməyəcəyini də artıq tarix təsdiq etmişdir.

Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regionda yeni bir mənzərənin konturlarıdır. Regionun autsayderi olan Ermənistanın yalqızlığa məcbur olması isə, bu ölkənin siyasi kursunun nəticəsidir. Belə ki, Ermənistan regionda hər üç ölkəyə qarşı ərazi iddiaları və separatizm yönümlü münasibəti mövcuddur. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir, Türkiyənin şərq vilayətlərinə rəsmi olaraq iddia edir. Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində ermənilərin separatçı çıxışları günü-gündən artmaqdadır. Onlar ilkin inzibati-bölgü baxımından Kvemo-Kartli regionuna daxil olan Çalk bələdiyyəsinin Cavaxetiyaya birləşdirilməsini, bundan sonra isə Samsxe-Cavaxetiyaya muxtariyyət verilməsini, erməni dilinə rəsmi dil, erməni apostol kilsəsinə isə əlavə statusun verilməsini tələb edirlər. Bütün bunlar Tbilisi sammitindən sonra regionun mənzərəsində Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının yeni mərhələyə qalxacağını göstərir.

 

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsi analitik informasiya sektorunun müdiri,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında