​Azərbaycan xalqının müdriklik simvolu

Zamanın, tarixin yetişdirdiyi dahilərə Allah bir xilaskarlıq missiyası verir - xalqını məhvolma təhlükəsindən qurtarmaq, öz işıqlı ideyaları və əməlləri ilə insanları uzun illər həsrətində olduğu azadlığa, müstəqilliyə qovuşdurmaq missiyasını... Allah xalqımıza bu şərəfli missiyanı daşımaq üçün Böyük İnsan, Müdrik Xilaskar Heydər Əliyevi göndərmişdi. Həyat və fəaliyyəti tarix üçün bir örnək, xalq üçün bir nümunə olan ümummilli lider Heydər Əliyev nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil,  demokratik Azərbaycanı bəxş etdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı, Avropa ölkələri ailəsinin tamhüquqlu üzvləri sırasına çıxardı. Ölkəmiz Qafqaz regionunun iqtisadi, hərbi təsir gücünə malik ən nüfuzlu dövlətinə çevrildi.

Artıq neçə ildir ki, Azərbaycan xalqı may ayının 10-nu - öz böyük oğlu Heydər Əliyevin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilmişdir. Bu fenomeni bu böyük insanın öz millətinə, Vətəninə həsr olunan şərəfli ömür yolu, bir qərinədən artıq Azərbaycana rəhbərlik fəaliyyəti, xalqın öz həqiqi liderinə olan böyük sevgisi və inamı yaratmışdır. Və bu gün ümummilli liderimizin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, öz nuruna bürüyür. 

Müstəqil Azərbaycanı böyük dünya siyasətinə qovuşduran siyasi liderin - Heydər Əliyevin həyatı və irsi barədə düşünərkən gözlərimiz önündə onun heyrətamiz intellekti, işıqlı ideyaları, xüsusilə dəyərli əxlaqi və siyasi siması canlanır. Bu dahi şəxsiyyətlə bağlı hər hansı bir fikir söyləyərkən böyük şərəf və məsuliyyət hissi keçirirsən. Çünki fərdi-subyektiv ölçülərə sığmayan ulu öndər Heydər Əliyev şəxsiyyətıni dəyərləndirməyə cəhd etmək tarixə, zamana, gələcəyə  qiymət vermək qədər çətindir. Etiraf etmək lazımdır ki, özünün böyük həyatı və zəngin fəaliyyəti boyu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün etdiklərini ondan əvvəlki dövlət adamlarımız, ictimai-siyasi xadimlərimiz edə bilməmişlər. Ona görə də Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında onun qədər misilsiz xidmətlər göstərən dövlət adamı tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz olmaqla yanaşı, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir. Tanrı bu dahi şəxsiyyətə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, dəmir iradə, coşqun enerji, zəngin təcrübə vermişdi. O, böyük ictimai-siyasi fəaliyyət təcrübəsinə malik beynəlxalq miqyaslı, nüfuzlu bir dövlət xadimi idi. Onun nüfuzu, şöhrəti, ilk növbədə, bu böyük şəxsiyyətin fitri istedadı, zəkası və fədakar əməyindən qidalanırdı. Onun böyük gücü isə dərin və universal biliyində idi. Ulu öndər qətiyyəti, uzaqgörənliyi, səbirliliyi, müdrikliyi, əzmkarlığı, idarəçiliyi ilə onu tanıyanları heyrətləndirirdi.

Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ən yüksək tribunalardan böyük iftixarla “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləyən bu böyük şəxsiyyət, ilk növbədə, dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkışafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri ilə, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev ötən əsrin hələ 70-80-ci illərində  respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkışafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosıal-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur və bu, inkaredilməz bir faktdır ki, dünya tarixinin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev öz siyasi uzaqgörənliyi, müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti ilə Azərbaycanı və xalqımızı tarixin ağır sınaqlarından uğurla çıxarmışdır. Belə ki, 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan Respublikasının hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətlənmişdir. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətımizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkəni və xalqı yaranmış bu böhrandan qurtarmaq üçün ümummilli lider Heydər Əliyev öz təcrübəsindən və bacarığından uğurla istifadə etməklə yanaşı, Azərbaycanın əlverişli geosiyasi mövqeyindən və zəngin təbii ehtiyatlarından istifadə olunmasını respublikanın və xalqın üzləşdiyi problemlərin həllinə yönəltməyi də  müvəffəqiyyətlə bacardı.

Bu gün tariximizin son yarım əsrlik dövrünə nəzər yetirəndə Azərbaycanın gələcəyinə istiqamətlənmiş, effektli, uzunmüddətli şərtlərin təminatını, intellektual və elmi potensialın inkişafını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş praqmatik siyasətin təzahürlərini görürük. Azərbaycanın müstəqilliyinə yönəlmiş bu müdrik siyasətin təməlini qoymuş ulu öndər Heydər Əliyev  çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətin xarakterini, milli iradəni atdığı hər bir addımında əks etdirirdi. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyildi, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi.  Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünürdü.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin dəyəri məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala və malik olduğu zəngin təcrübəyə əsaslanmasında idi. Cəmiyyətin, xalqın  inkişaf zəminini elmdə, intellektdə, mənəvi-əxlaqi dəyərlərdə görən bu dahi insan elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi və araşdırıcısı idi. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”–deyən ulu öndər Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin milli-mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və onları yaşadan, inkişaf etdirən ziyalılara, elm, mədəniyyət və incəsənət xadimlərinə daim qayğı ilə yanaşmış, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli dəyərlərimizin hərtərəfli inkişafı və yüksəlişi üçün əlindən gələni əsirgəməmişdir.

Bütün həyatı və fəaliyyəti boyu ağsaqqal sözünə hörmətlə yanaşan müdrik dövlət başçısı Heydər Əliyev milli-mənəvi dəyərlərimizə, soy-kökünə qırılmaz tarixi tellərlə bağlı olan bir şəxsiyyət idi. Əslində, ulu öndər Heydər Əliyev təbiət etibarilə və xarakterindəki bütün cizgiləri ilə bu millətin ən böyük və müdrik ağsaqqalı idi. Çünki Azərbaycanın, eləcə də dünyanın siyasət arenasına yeni siyasi mədəniyyət gətirən lider kimi məhz o, ölkəmizi dərin siyasi və iqtisadi böhrandan xilas edərək  dinamik inkişaf yoluna çıxardı. Bu bir danılmaz faktdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın düşdüyü çətin və ağır vəziyyət ölkəmizi sözün əsl mənasında idarə edə biləcək ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik rəhbərin olmamasından yaranmışdı. Lakin tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan bir ölkəyə çevirə bildi. Ümummilli lider Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirərək xalqımızın taleyində silinməz izlər qoydu. Şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü ilə seçilən müdrik dövlət xadiminin siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər bu gün göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.

Ulu öndər Heydər Əliyev “milli mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı  ağsaqqallara hər zaman diqqət və qayğı göstərmiş, Azərbaycana rəhbərliyi dövründə taleyüklü qərarların qəbulu zamanı onların məsləhət və tövsiyələrinə həmişə önəm vermiş, ölkəmizin ictimai-siyasi həyatındakı həlledici tarixi məqamlarda ağsaqqalların dəstəyinə arxalanmışdır. Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti də ümummilli lider Heydər Əliyevin yaxından köməkliyi ilə daha da genişlənmiş və ağsaqqallarımız da öz növbəsində cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişlər. Onlar Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı ən aktual məsələlərə, ölkəmizdə həyata keçirilən demokratik proseslərə, islahatlara vətənpərvər ictimai xadim, əsl ziyalı, müdrik ağsaqqal və vətəndaş məsuliyyətilə münasibət bildirmiş, öz əməli fəaliyyətləri ilə bu prosesin fəal iştirakçısı olmuşlar. 

Hər zaman ölkəmizin və xalqımızın hərtərəfli inkişafının qayğısına qalan ulu öndərin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənməyə başladı, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar oldu və dövlətimiz sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atdı. Beləliklə, ölkəmiz siyasi və iqtisadi cəhətdən regionun ən güclü dövlətinə çevrildi və dünyanın super gücə malik dövlətləri Azərbaycanla əməkdaşlığa böyük önəm verməyə başladılar. Bu yüksək tərəqqinin müəllifi olan ümummilli lider Heydər Əliyev Azərbaycanın parlaq və firavan gələcəyinə öz varlığı qədər inanırdı. Çünki onun təməlini qoyduğu bu siyasi kurs və iqtisadi inkişaf modeli dərin elmi əsaslara və qabaqcıl dünya təcrübəsinə söykənirdi. O, bu siyasi kursu və  inkişaf modelini dönmədən, qətiyyətlə və ardıcıl şəkildə davam və inkişaf etdirə biləcək siyasi lideri də görə bilirdi. Ulu öndər İlham Əliyevin Azərbaycan üçün taleyüklü məsələləri həll etməyə qadir olduğunu vurğulayır və ona özü qədər inandığını bildirirdi. Tarix göstərdi ki, böyük müdrikliyə və uzaqgörənliyə malik olan dahi siyasətçi və böyük tarixi şəxsiyyət yanılmamışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər  Heydər Əliyev siyasi kursunu  dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz  bu siyasi kursun nəticəsidir ki, indi respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan  ictimai-siyasi sabitlik hökm sürür. Ölkəmizdə  siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm  inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır. Və bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ölkəmiz bu yüksək səviyyəyə böyük azərbaycanlı və işıqlı şəxsiyyət  Heydər Əliyevin müdrik siyasətini yeni dövrün tələblərinə uyğun, böyük əzmkarlıq və qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz  İlham Əliyevin sayəsində ucalmışdır. Cənab İlham Əliyevin başçılığı altında Azərbaycan son illər ərzində istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır ki, bu uğurlar da bugünkü Azərbaycanın  reallıqlarıdır.

Ölkəmizin dünyanın ən mötəbər qurumlarından olan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Azərbaycanın ilk “Azərspace-1" telekommunikasiya peykinin uğurla orbitə buraxılması, dünyanın ən iri enerji layihələri hesab edilən TANAP, TAP və XXI əsrin müqaviləsi adlandırılan “Şahdəniz-2” layihələrinə imzaların atılması, 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qərara alınması, ölkə vətəndaşlarının maaşlarının, pensiyalarının, sosial ödəmələrin  dəfələrlə artırılması, sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması, yüzlərlə məktəb, xəstəxana və idman komplekslərinin tikintisi və s. yalnız son illər ərzində ölkəmizdə həyata keçirilmiş böyük işlərin müəyyən bir qismidir.

Respublikamızdakı bu sosial-iqtisadi inkişaf tempindən, ictimai-siyasi sabitlikdən və tərəqqidən ruhlanan Azərbaycan Respublikası Ağsaqqallar Şurası da xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşdirmiş və ictimai-siyasi proseslərdə daha yaxından iştirak edərək öz fəaliyyətini şaxələndirmişdir. Bu gün Azərbaycan ağsaqqalları hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasəti ürəklə dəstəkləyir, ulu öndərin irsindən bəhrələnərək gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq  məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə təcrübə və tövsiyələrini yeni nəsillərə aşılayırlar.

Ölkəmizin nüfuzlu ziyalılarını, siyasi, ictimai, mədəniyyət və elm xadimlərini özündə birləşdirən Azərbaycan Ağsaqqallar Şurası həlledici tarixi məqamlarda həmişə dövlət və xalq maraqlarını üstün tutaraq ölkə Prezidenti cənab İlham Əliyevə  sadiqlik nümayiş etdirmiş və onun Azərbaycanımızın gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş quruculuq siyasətinin yanında olmuşdur. Bu gün də Azərbaycan ağsaqqalları ölkə başçısının respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi təmin edən siyasi xəttini dəstəkləyir, müstəqil dövlət quruculuğu prosesində öz zəngin təcrübələrini, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan  qədirbilən xalqımızın hər zaman önündə gedən Azərbaycan ağsaqqallarının qarşısında duran əsas vəzifə müstəqil dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu səbəbdən də cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda formalaşması  üçün ağsaqallarımız üzərlərinə düşən missiyalarını tükənməz enerji və  böyük səylə davam etdirirlər.

Ağılları, ürəkləri fəth edə bilmək yalnız zamanın fövqündə duran, sağlığında milyonların qəlbində ölməzlik məşəlini yandıran, onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatdıran, mənəvi nüfuz və böyüklük qazanan, millətinin iradəsini ifadə edən liderlərə nəsib olur. Tarix yaradan bu şəxsiyyətlərin həyatı bütöv bir xalqın taleyinə dönür... Dünya siyasət olimpinin ən parlaq və yüksək zirvəsində dayanaraq bəşəriyyətin tarixinə işıq salan belə görkəmli şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyev Azərbaycanın xaos burulğanında çarpışdığı tarixi məqamlarda xalqın taleyinin müəyyənləşməsində mühüm rol oynamaqla adını tarixin yaddaşına qızıl hərflərlə həkk edərək ürəklərdə özünə əbədi abidə ucaltmışdır.

 

 Fəttah HEYDƏROV,

 Azərbaycan Ağsaqqallar Şurasının sədri,

 Milli Məclisin deputatı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında