İctimai mənafeləri əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraq və mənafeni qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı “sürət əsri”ndə də qətiyyən aktuallığını itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayan və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik etmək haqqını qazanırlar.
Azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, istiqamətverici, gerçək ümummilli lider idealı məhz ulu öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrildi. Bu günlərdə anadan olmasının 91-ci ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövləti hər cür təhlükələrdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyin əldə olunması Azərbaycanın qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək, dünya miqyasında özünü təsdiq etmək vəzifəsini qoymuşdu. Bu mürəkkəb proses keçid dövrünün ilkin mərhələsində cəmiyyətin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında ciddi kataklizmlərlə müşayiət olunmuş, bir tərəfdən yeni ictimai-iqtisadi formasiyanın doğurduğu yeniliklərin ictimai şüurda “həzm olunmaması”, digər tərəfdən isə cəmiyyətin mənafeyini təmin edən legitim siyasi hakimiyyətin yoxluğu dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. 1990-1992-ci illərdə hakimiyyətdə olmuş diletant qüvvələrin “fəaliyyəti” nəticəsində dövlətin iqtisadi-siyasi dayaqlarının laxlaması, cəmiyyət həyatının bütün sahələrində tənəzzül və böhran meyillərinin güclənməsi, ölkənin vətəndaş qarşıdurması həddinə çatması, bölgələrdə dövlətçilik üçün potensial təhdidə çevrilən separatçı qüvvələrin baş qaldırması cəmiyyətin həlledici qismində haqlı olaraq belə bir qəti rəy formalaşdırmışdı ki, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu hakimiyyətə müstəqil Azərbaycan dövləti quruculuğunun mürəkkəb məsələlərini həll etməyi bacaran təcrübəli, peşəkar, vətənpərvər kadrlar gəlməlidir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.
Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Ümummilli lider müdrikliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. Keçid dövrünü yaşayan respublikamızda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən olmuşdur. Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir.
Ulu öndər Heydər Əliyev təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Ulu öndər bu mərhələdən respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır.
Həmin dövrdə Qərbin aparıcı şirkətləri müharibə şəraitində, eləcə də iqtisadi tənəzzül mərhələsinin yaşayan Azərbaycana investisiyaların yatırılmasına tərəddüd edir, bunu riskli sayırdılar. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq, Qərb şirkətlərini sərmayə qoyuluşlarının etibarlılığına inandırmaq son dərəcə çətin idi. Bu istiqamətdə gərgin danışıqların uğurla yekunlaşması isə məhz ulu öndərin şəxsi liderlik keyfiyyətləri, sözünə bütövlüyü, biznes və siyasət etikasına sadiqliyi ilə şərtlənirdi. Qərb şirkətləri hansısa hüquqi sənəddən də çox məhz Heydər Əliyevin verdiyi “söz”ə, təminatına inanırdılar. Məhz bu təminat “Əsrin müqaviləsi” kimi Azərbaycanın gələcək inkişafında lokomotivə çevrilən bir layihənin reallaşmasına imkan yaratmışdır.
Ümumilikdə, 90-cı illərin ortalarından etibarən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.
Siyasi sabitliyin yaradılması Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdi. Ulu öndərin müəllifliyi ilə hazırlanmış, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir.
1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulu ilə yanaşı, həm də Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilər keçirilmiş, demokratik şəraitdə ilk parlament formalaşdırılmışdır. Birinci çağırış parlament qarşısına qoyduğu ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında da məhz insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin imzaladığı “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman, təsisatının, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə əlçatmazlığını təsdiqlədi. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlü üzv qəbul edilmişdir. Həmin təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Bunun nəticəsidir ki, son 21 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir.
Bu mərhələdən demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə həyata keçirilmişdir.
Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm şərtlərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada, 23 illik müddətdə dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə basqılara, təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirən ulu öndər Heydər Əliyev bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıcılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz ötürülməsi üçün bütün zəruri addımlar atılmışdır.
Fəlsəfi dilçilik məktəbinin banisi, alman mütəfəkkiri V.Humboldt yazır ki, “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eynilik təsəvvür etmək çətindir”. Hazırda hər bir xalq, etnos özünəməxsusluğunu, milli ruhunu və mənəvi irsini qorumağın ümdə şərtlərindən biri kimi ana dilini yad təsirlərdən, assimilyasiyadan qorumağa çalışır. 1995-ci ildə Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu ərəfəsində ulu öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin, dilçi alim və ziyalıların iştirakı ilə keçirdiyi genişmiqyaslı müzakirələr, diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə nəticələnmişdir: xalqımız referendum yolu ilə öz prinsipial mövqeyini nümayiş etdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə səs vermiş, bununla da ana dilimizə qarşı edilmiş haqsızlıq, biganəlik aradan qaldırılmış, onun cəmiyyətdəki mövqeyi bərpa edilmişdir.
Ulu öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına daim xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə olmuşdur.
Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 2001-ci il 13 avqust tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir. Ulu öndər həmin tarixi bəyanatında haqlı olaraq demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.
Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirmişdisə, eyni zamanda, 90-cı illərdə xoas və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etmişdirsə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf modelinin formalaşmasını şərtləndirmişdir.
Ötən 10 ildə ulu öndərin yürütdüyü siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasında məhz “Güclü dövlət, sosial rifah” tezisi dayanır. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü dövlətə nail olmaq, insanların yüksək sosial rifahını təmin etmək qeyri-mümkündür. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
2009-cu ildə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Gələcəyə dair baxışlar, strategiyalar nə qədər mükəmməl olsa da, onların taleyi, həyata keçirilməsi gözlənilməz hadisələrdən, ssenarilərdən deyil, bütün hallarda lider missiyasından asılı olur. Azərbaycan öz inkişafının dönüş mərhələsində yaşayır və bunu mümkün edən isə düzgün hədəflər və onların davamlı reallaşdırılmasından irəli gələn nəticələrdir. Bu siyasətin gedişində yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə, regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13000 ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Prezident İlham Əliyevin söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqların kəşf olunması, Şərqlə–Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP, TAP kimi layihəçinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi innkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.
Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb etmişdir.
Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin etmiş, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir. Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının uğurları barədə dolğun təsəvvür yaradır: Azərbaycan son 3 ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Qəbələ rayonunda yerləşən Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilmişdir.
Azərbaycan son illər bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyən edilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. 2011, 2012, 2013-cü illərin oktyabrında paytaxtımızda keçirilən 1, 2 və 3-cü Bakı Beynəlxalq Humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.
Bir neçə gün əvvəl Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev demişdir: “Cəmiyyətimizdə sosial və siyasi razılığın ən vacib elementlərindən biri multikulturalizmdir. Biz bir neçə beynəlxalq tədbir keçirmişik. Sivilizasiyalararası dialoq mövzusunda söhbətlər aparmışıq, beynəlxalq humanitar forumlar təşkil etmişik ki, bu mühüm mövzuları nəzərdən keçirək. Fikrimcə, bu kimi məsələlər bu günə qədər belə açıq şəkildə müxtəlif beynəlxalq təsisatlarda müzakirə olunmur. Çünki bu vəziyyətlə bağlı müxtəlif yanaşmalar vardır. Bəzi insanlar hesab edir ki, bu ideya baş tutmayıb. Lakin hesab edirəm ki, yaxşı misallar vardır və onlar yaxşı şəkildə nəzərdən keçirilməlidir ki, burada hər hansı bir bədbinlik olmasın. Multikulturalizm uçurum kimi qəbul edilərsə, bu dünyada yaşamağın başqa üsulu yoxdur”.
2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu da ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Belə bir təşkilatın yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanında təsbit edilmiş, bununla qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyəti ilə yaradılmışdır. Qurum ilk gündən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini qarşıya qoymuşdur.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi; ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması; respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi; ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun 10 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum uşaq müəssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın inkişafı, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu sıraya əlavə oluna bilər. Bütün bunlar həm də göstərir ki, fond Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın yüksəliş və tərəqqisi naminə həyata keçirdiyi siyasətə sanballı töfhələr verir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasına, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə yönəlmiş fəaliyyəti bütün dünyada yüksək qiymətləndirilir. Fondun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında təhsil və səhiyyəyə yardım, bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri mühüm yer tutur. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər layihələr cəmiyyətdə böyük rəğbətlə qarşılanır.
Bu gün əminliklə deyə bilərik ki, ulu öndərin əsasını qoyduğu siyasəti əzmlə davam etdirən Prezident İlham Əliyevin son 10 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.
İsaxan VƏLİYEV,
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət
prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.