Qədim bir Şərq məsəlində deyilir ki, Tanrının insanları mükafatlandırmaq üçün düşündüyü yollar və vasitələr tükənməsə də, o mükafata layiq olan insanların sayı tükənir. Yəni, uca dərgahda seçilənlərin sayı o qədər də böyük deyil. O dərgahda seçilmək, mükafatlandırılmaq isə təbii ki, xoşbəxtlikdir. Biz fəxr və məmnunluqla deyə bilərik ki, bilavasitə böyük yaradan tərəfindən mükafatlandırılan azsaylı bəşər övladları arasında təkcə türk dünyasının deyil, bütün dünya siyasətinin görkəmli simalarından olan ulu öndər Heydər Əliyev də vardır. Bəs həmin xoşbəxtlik və mükafatın səbəbi nə idi? Avropanın ən tanınmış siyasətçilərindən olan Uinston Çörçill deyir ki, sadə insanlaın xoşbəxtliyinin müxtəlif meyarları ola bilər. Siyasətçinin xoşbəxtliyi isə ancaq və ancaq xalqına xidmət etməyi bacarması və bu dahi insanın əməlləri ilə özünün yoxluğunda da yaşamasıdır. Bu düsturu bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin həyatına şamil edəndə görürük ki, o, öz xalqına xidmət etməyi ən ali səviyyədə, fədakarlıqla yerinə yetirmiş və bu dahi insan nurlu əməlləri ilə sözün həqiqi mənasında, əbədiyaşarlıq qazanmışdır. Yəni, əsl siyasətçi xoşbəxtliyinə nail olmuş, əbədi səadətə qovuşmuşdur. Çünki, bu gün hər bir qədirbilən azərbaycanlının ürəyində onun abidəsi ucalır.
Onun Tanrı tərəfindən mükafatlandırılması məsələsinə gəlincə isə, cəmi üç-dörd məqamın yada salınması kifayətdir. Siyasətçilər deyirlər ki, şüurlu həyatını, siyasi fəaliyyətini və bütün varlığını başdan-başa öz xalqına həsr etmiş Heydər Əliyevin ən böyük mükafatı ümumxalq məhəbbəti idi. Bu məhəbbəti qazana bilməyən siyasətçinin hansı uğura imza ata bilməsi isə tamamilə absurd bir məsələdir. Tarixçilər deyirlər ki, Heydər Əliyevin Tanrı tərəfindən aldığı ən böyük mükafatın göstəricisi onun memarı olduğu qüdrətli Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının gündən-günə daha böyük uğurlara imza atmasıdır. Bir liderin qurub-yaratdığı , məhrumiyyət və məşəqqətlərdən, yabancı təsir və təzyiqlərdən, məhv olmaq faciəsindən, xilas etdiyi gənc müstəqil respublika liderin cismani yoxluğundan sonra BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq bir quruma sədrlik edirsə, həmin ölkənin bayrağını daşıyan rabitə peyki kosmosun ənginliklərində dünyanın ən qüdrətli dövlətlərinin süni peykləri ilə yanaşı fəaliyyət göstərirsə, deməli, həmin siyasətçi təkcə insanların deyil, həm də Uca Tanrının mükafatına çatmışdır.
Bu qədir-qiymətin bir əlaməti də bu gün dünyanın istənilən qütbündən Azərbaycana təşrif gətirən ali qonaqların, siyasətçi, diplomat və parlamentarilərin öncə ulu öndərin özünün və Azərbaycan qadınını ləyaqətlə təmsil edən ömür-gün yoldaşının - akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etmələridir. O, təkcə siyasətdə, diplomatiyada, dövlətçilikdə və idarəetmədə deyil , həm də ailədə möhtəşəm bir nümunə müəllifi idi. Elə Fəxri Xiyabandakı qoşa, qonşu ziyarət ünvanları da ulu öndərimizin ailə səadətinin milyonların gözü qarşısında davam etməsidir.
Sosioloq və cəmiyyətşünaslar deyirlər ki, Tanrının onu sevməsinin , seçməsinin və mükafatlandırmasının ən bariz əlamətlərindən biri də o idi ki, böyük yaradan onun ailəsinə xoşbəxtlik üçün vacib olan hər iki töfhəni vermiş, övladları cəmiyyət və xalq üçün gərəkli olan vətəndaşlar kimi yetişmişlər. Çünki o, şüurlu həyatının bütün mərhələlərində Şərq müdriklərinin böyük önəm verdiyi bir məsələni - cəmiyyətdə kişi ilə qadının hüquqlarının bərabər tutulması, ailədə milli dəyərlərə hörmət və ehtiram prinsipini daim diqqət mərkəzində saxlamışdır. Qloballaşma prosesinin önündə gedən Qərb indi həmin məsələni gender siyasəti adı altında geniş şəkildə təbliğ edir. Halbuki, Azərbaycan xalqının tarixində bu prinsipə daim əməl edilib və ulu öndər Heydər Əliyevin birinci dəfə ölkədə hakimiyyətə gəlişindən sonra bu qədim mədəni ənənə yüksək səviyyədə inkişaf etdirilmişdi.
Təbii ki, sadaladığımız bütün bu fakt və uğurların əldə edilməsinin təməlində ilk növbədə ulu öndərimizin fitri istedadı, siyasi iradəsi, fərdi qətiyyəti, unikal şəxsi keyfiyyətləri - bilik, bacarıq və peşəkarlığı, eləcə də ömür boyu xidmət etdiyi xalqdan aldığı dəstək , millətin inam və etibarı dayanırdı. Ancaq bütün bunların həqiqət olduğunu təsdiqləməklə yanaşı , daha bir zərurət də vardır ki, Tanrının sevib-seçmədiyi, qorumadığı dünya siyasətçilərinin heç biri bu miqyasda uğurlara imza ata bilməmişdir. O, sözün bütün mənalarında xalq adamı, dövlət adamı və Allah adamı idi. Ona görə də xalq da, dövlət də, Allah da daim onunla oldu, dünya səviyyəsində məşhurlaşdırdı.
Mən bu sətirləri qələmə alarkən, təmsilçisi olduğum üç zümrənin - Azərbaycan xanımlarının , ölkənin təhsil ictimaiyyətinin (həmin ictimaiyyətin 75-80 faizinin qadınlar olduğunu söyləməyə ehtiyac yoxdur) və rəhbəri olduğum Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının hər bir fərdinin demək istədiyi fikirlərə üstünlük verməyə çalışıram. Yəni bu üç zümrənin istənilən təmsilçisi Heydər Əliyev haqqında nə isə yazmaq istəsə, mütləq onun Azərbaycan qadınının adını göylərə qaldırmaq üçün atdığı addımları xatırlayacaq. Səmimi şəkildə etiraf edirəm ki, mən də həmin məsələni daha çox qabartmaq istəyən, tez-tez yada salmağa çalışan insanlardan biriyəm. Ona görə də bu qısa yazını məhz ümummilli liderimizin gender siyasəti barədə mülahizələrim üstündə qurmağa çalışacağam.
Həm şəxsi müşahidələrimizdən, həm də ulu öndərin siyasi fəaliyyəti barədə yazılan kitablardan, məqalələrdən , ekran, efir məlumatlarından yaxşı bilirik ki, Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən birini onun sosial siyasətdə gender bərabərliyinin gücləndirilməsi prinsipi təşkil edirdi. Qeyd etdiyimiz kimi, qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. Planetin inkişaf etmiş ölkələrində gender bərabərliyinə həssas yanaşma tərzi zamanın tələbidir. Bu isə ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan üçün prioritet xarakter kəsb edir. Məmnunluqla söylənilməli faktdır ki, ölkəmiz genderlə bağlı yeniliklərə ilkin imza atan dövlətlərlə bir sıradadır. Yəni digər sahələrdə olduğu kimi, gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Həmin məktəb böyük hakimiyyət ustadı Heydər Əliyevin irsi, Heydər Əliyevin siyasət məktəbidir.
İstənilən yazını qələmə alarkən mütləq tarixi faktları, yanaşmaları və ya münasibətləri bir-biri ilə müqayisə etmək zərurəti yaranır. Belə bir müqayisə aparmağa cəhd edərkən görürük ki, hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda ulu öndərin müdrik siyasəti, uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi. Bu fikirlərimizi nə ilə izah edə bilərik? Həmin suala cavab vermək üçün deyə bilərik ki, Heydər Əliyev əvvəl qadınların cəmiyyətdəki sosial statusunu təhsil, səhiyyə, dövlət idarəçiliyi və digər sahələrdəki təmsilçiliyində görürdü. Onun rəhbərliyi ilə elə bir sahə yox idi ki, orada qadınların iştirakı olmasın. Bu da qadın hərəkatında bir inkişafa səbəb oldu, eyni zamanda, onlar üçün bir stimul rolu oynadı.
Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə qadınların yüksək vəzifələrə irəli çəkilməsi üçün respublikada hər cür şərait mövcud idi. Qadın akademiklər, qadın nazirlər, qadın ali məktəb rektorları o illərdə irəli çəkilmişdilər. Ulu öndər Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da genişləndirir və qadınlarımız da onlara göstərilən etimadı doğruldaraq çalışdıqları sahədə nümunə göstərir, uğurlar qazanırdılar.
Mənim yadımdadır, hələ müstəqillikdən əvvəlki illərdə respublikamızın müxtəlif təşkilatlarında, idarə və müəssisələrində 4 minə yaxın qadın şuraları fəaliyyət göstərirdi. Həmin şuralarda cəmləşmiş 30 min nəfərədək qadın, uşaq və yeniyetmələrin tərbiyəsi ilə məşğul olur, qadınların əmək və məişət şəraitinin yüngülləşdirilməsi üçün təşəbbüskarlıq göstərirdi. O illərdə qadınlarla bağlı ən yaddaqalan hadisə Azərbaycanda qadın qurultaylarının keçirilməsi idi. Elə sonrakı illərdə də qadınlarımız xüsusi fəallıq nümayiş etdirərək geniş quruculuqla məşğul olurdular. Elmdə, əməkdə, fəaliyyət göstərdikləri bütün sahələrdə görkəmli qadınlara fəxri adların verilməsi, milli-mədəni irsimizin təbliği, bu əsaslar üzərində müasir mədəniyyətimizin inkişafına nail olunması Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən idi.
Başqa bir fakta diqqət yetirsək, görərik ki, respublikamızın öz dövlət müstəqilliyinə ikinci dəfə qovuşmasından sonra təcrübəsiz adamların hakimiyyətə gəlməsi ölkədə xaos yaratmışdı. Torpaqlarımızın 20 faizdən çoxu ermənilər tərəfindən işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Bu reallıqlardan ən çox zərər çəkənlər isə qadın və uşaqlar idi. Dağılan ailələr, yaşanan faciələr qadınların və uşaqların həyatında daha dərin iz qoyurdu. Nəticədə bu sahədə yaranan boşluqlar qadın hərəkatında özünü daha kəskin şəkildə göstərməyə başladı. Azərbaycan qadınının 1988-1993-cü illərdə yaşadıqlarını heç kəs, heç zaman unuda bilməyəcək.
Bütün cəmiyyətin nigarançılıq içərisində yaşadığı bir vaxtda xalqın israrlı çağırışları ilə yenidən hakimiyyətə qayıdan ulu öndər ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası və xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində titanik addımlar atdı. Həmin qayıdışla ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoydu, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin inkişafı üçün geniş imkanlar yarandı. Ulu öndər müstəqilliyin ilk illərindəki çətin məqamlarında belə qadın problemlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazımi köməklik göstərirdi.
Azərbaycan xalqının xoşbəxtliyidir ki, bu gün Heydər Əliyev siyasi kursu uğurla davam edir. Məhz siyasi kursa sədaqətin nəticəsidir ki, bir çox beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olan Azərbaycan bölgədə aparıcı dövlətə çevrilmişdir. Ölkəmizin əldə etdiyi təcrübə bir sıra dövlətlərdə lazımınca dəyərləndirilir. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıq quruldu.
Zamanın tələblərinə və Azərbaycanın hərtərəfli imkanlarına uyğun şəkildə həyata keçirilən regional və qlobal layihələr respublikamızın beynəlxalq nüfuzunu daha da artırdı. Cəmiyyət həyatının müxtəlif sahələrində baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər son illərin böyük uğurlarıdır. Ancaq gərək unutmayaq ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı illərdə ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarına qoşulmuşdu. Həmin uğurlar Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. İndi Azərbaycan Respublikası həmin konvensiyalara üzvlüklə bağlı vaxtaşırı BMT-yə hesabat təqdim edir, istənilən hesabatımız isə ən yüksək səviyyədə təqdir olunur.
Bu bir həqiqət idi ki, ulu öndərin ciddi səyləri nəticəsində hələ 90-cı illərin ortalarından etibarən ölkədə yaranan sosial və iqtisadi sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Prezident Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən fərman və sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış qətiyyətli addımlar oldu. Qadınların həyatında canlanma əmələ gəldi, respublikada qeyri-hökumət qadın cəmiyyətləri və təşkilatları yaranmağa başladı. Müstəqilliyin ilk illərində respublikada qadın problemləri ilə məşğul olan dövlət qurumu olmadığına görə 1994-cü il sentyabrın 19-da Heydər Əliyev “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələrindən ibarət Milli Komitə tərəfindən həmin ərəfədə qadınların cəmiyyətdəki statusunu artırmağa və cinslər arasında bərabərliyə nail olmağa yönəlmiş bir sıra tədbirlər, yəni, konfranslar, dəyirmi masalar, müzakirələr, sərgilər təşkil olundu.
1995-ci ilin sentyabr ayında isə Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət böyük nümayəndə heyəti iştirak etdi. Həmin konfransda qadınların cəmiyyətdəki vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edildi. Ən maraqlı məqam isə ondan ibarət idi ki, Pekin konfransına ilk adekvat cavab verən ölkə Azərbaycan olmuşdu. Adıçəkilən konfransdan sonra respublikamızda qadınların fəallığı daha da artmış və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxalmışdı.
Sonralar ulu öndərimizin imzaladığı fərman və sərəncamlar , o cümlədən, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” , “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin güclənləndirilməsi haqqında” , “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi” haqqında Dövlət Proqramı və digər rəsmi sənədlərdə Azərbaycan qadınlarının hüquqlarının mühafizəsi yüksək səviyyədə təmin olundu.
Heydər Əliyevin imzaladığı “Azərbaycan qadınlarının rolunun artırılması haqqında” sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən qabaqcıl sahələr müəyyənləşdirildi. Ulu öndərin 14 yanvar 1998-ci il tarixli başqa bir fərmanı ilə ölkədə qadın siyasətini həyata keçirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xatırladaq ki, bu komitə MDB məkanında qadın problemlərinin vahid mərkəzdən idarə olunduğu ilk dövlət qurumu idi.
Elə həmin ilin sentyabrında Azərbaycan qadınlarının Birinci qurultayı keçirildi. Xanımların ali məclisində respublikanın bütün şəhər və rayolarından 2 mindən artıq nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı və həmin illərdə onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm əhəmiyyət daşıyırdı. Birinci qurultayda qadınlara qarşı ayrıseçkiliyin ləğv edilməsi üzrə gələcək strategiya barədə çıxış edən ulu öndərin tezisləri qurultay iştirakçılarının proqram sənədinə çevrildi. Bu məsələ Pekin Konfransının müddəalarına əsaslanaraq qadınların sosial-iqtisadi həyatının yaxşılaşdırılmasına da öz töhfəsini vermiş oldu.
Ulu öndərin dövlət qadın siyasəti istiqamətində reallaşdırdığı lahiyələr və atdığı addımlar bununla kifayətlənmirdi. Heydər Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi münasibətilə hazırlanmış tədbirlər proqramında da birbaşa və bilavasitə qadınların hüquqları , azadlıq və bərabərlikləri istiqamətində atılacaq addımlar əksini tapırdı. Dövlət başçısının xüsusi diqqət mərkəzində olan həmin proqramda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti ilə yanaşı, Qadın Problemləri üzrə Dövlət Komitəsinin də təmsil olunması qadın hərəkatının dövlət idarəçiliyində fəal iştirakını təsdiqləyirdi. Həmin illərdə Qarabağ müharibəsi ilə əlaqədar qadın hərəkatında bir qədər boşluq yaransa da, tezliklə vətənpərvər, ictimai cəhətdən fəal qadınların hesabına bu boşluq aradan qaldırıldı. Respublikamızın qadınları həyatın bütün sahələrində ciddi fəaliyyətə başladılar.
Azərbaycan xalqına qurtuluş, milli dövlətçiliyimizə isə nicat gətirmiş Heydər Əliyevin zəngin təcrübəsi və düzgün strategiyası bu gün Azərbaycanda gender siyasətinin uğurla həyata keçirilməsinin əsasını təşkil edir. 2006-cı il fevral ayının 6-da dövlət başçımız cənab İlham Əliyevin imzaladığı fərmanla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu kursun uğurlu davamı və qadın məsələlərinə kompleks yanaşmanın nəticəsidir. Bu o deməkdir ki, ailə, qadın, və uşaq problemləri dövlət siyasətinin prioritet istiqamətlərinin əsasını təçkil edir. Indi qadınlar həyatımızın aparıcı qüvvəsinə çevrilib. Dövlət qadın siyasətinin bariz nümunəsi kimi qadınların rəhbər vəzifələrə irəli çəkilməsini, parlamentdə qadın deputatların sayının artmasını, bələdiyyə seçkilərində və qeyri-hökumət təşkilatlarında qadınların sürətlə artan təmsilçiliyini xüsusi qeyd etmək lazımdır. Bu gün yerli icra hakimiyyəti orqanlarında əvvəlki illərə nisbətən daha çox qadınların vəzifə tutması ölkə əhalisi ilə yanaşı beynəlxalq təşkilatlar tərəfindən də məmnunluqla qarşılanır.
Dövlət başçımızın fərmanı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlətin diqqət mərkəzində olduğunun təzahürüdür. Bu qanunların və məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqəsi naminə geniş fəaliyyət göstərir. Onun həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden-medallara layiq görülməsi ölkəmizin birinci xanımının öz xalqına, dövlətinə sədaqətin, həmin şərəfli missiyanı ləyaqətlə yerinə yetirməyin göstəricisidir.
Xatırladım ki, ötən il bizim üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan qadınlarının böyük himayədarı və qayğıkeşi olan ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd etdik, onun çox böyük hüquq, səlahiyyət və imtiyazlar verdiyi Azərbaycan qadınlarının 4-cü qurultayını keçirdik və eyni zamanda, Heydər Əliyev siyasətinin ölkəmizdə əbədiyaşarlığını daim arzu edən xalqımız prezident seçkilərində yenidən onun siyasi davamçısına etimad göstərdi. Azərbaycan xalqı öz ulu öndərinin və böyük xilaskarının siyasi fəaliyyətindən bəhrələnməklə kifayətlənmir, eyni zamanda, onun əməllərinin yaşadılması istiqamətində mühüm addımlar atır.
Mən məmnunam ki, dövlətçiliyin tərəqqəsinə xüsusi töhfələr verən milyonların sırasında Azərbaycan qadınları, Azərbaycan müəllimləri və 1995-ci ildə unudulmaz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası da vardır. Cəmi bir neçə gündən sonra unudulmaz ulu öndərin anadan olmasının 91-ci ili tamam olur. Onun üç şah əsərindən biri olan Yeni Azərbaycan Partiyasının qadın fəalları da bu mühüm əlamətdar günə böyük məsuliyyətlə hazırlaşırlar. Yazıya nöqtə qoymazdan əvvəl isə ümummili liderimizin “üç şah əsəri” ifadəsinə daxil olan “əsərlərin” adını bir daha xatırlatmaq istəyirəm. Həmin əsərlər belə sıralanır: Müstəqil Azərbaycan Dövləti, Yeni Azərbaycan Partiyası və əvvəlki iki “əsər”in şəriksiz lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev. Sayı 50 milyondan çox olan xalqımız əmindir ki, dahi siyasətçinin bu üç “əsəri” Azərbaycanın aydın sabahını və qüdrətli gələcəyini təmin edəcəkdir.
Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.