Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin nəsillərə örnək olan titanik fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən ən başlıca keyfiyyət onun xalqını, Vətənini canından artıq sevməsi ilə bağlı idi. Milli mənsubiyyəti, azərbaycanlı olması ilə həmişə fəxr edən ulu öndərimiz bütün mənalı ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına həsr etmişdir.
Dahi Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı hər iki tarixi dövr iqtisadi tənəzzüllə xarakterizə olunsa da, məhz bu fenomenal şəxsiyyətin, müdrik və uzaqgörən dövlət adamının qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində respublikamız sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev hazırda bütün dünyada Azərbaycanın bugünkü iqtisadi müstəqilliyinin banisi kimi tanınır.
Tarixə nəzər salaq. Ötən əsrin ikinci yarısında sovetlər birliyinin tərkibində olan Azərbaycan geridə qalmış aqrar respublikası kimi tanınırdı. Son dərəcə ləng inkişaf edən iqtisadiyyata malik respublikamızda, həm də sosial problemlər dərin kök salmışdı və xalqın həyat səviyyəsi olduqca aşağı idi. 1969-cu ildə isə respublikamızın, xalqımızın həyatında ciddi dönüşün əsası qoyuldu, zəngin həyat və siyasət məktəbi keçmiş Heydər Əliyev Azərbaycana rəhbər təyin olundu. Xalqımızın böyük oğlu Heydər Əliyev respublika iqtisadiyyatını böhrandan çıxarmaqla yanaşı, sosial infrastrukturun yaradılması, əhalinin üzləşdiyi problemlərin təcili surətdə aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər planı işləyib hazırladı. Bu baxımdan, Bakı şəhərinin, eləcə də respublikamızın digər şəhər və rayonlarının içməli suya gündən-günə artan tələbatının ödənilməsi də prioritet vəzifə kimi qarşıya qoyuldu. Tam qətiyyətlə demək olar ki, Azərbaycanın içməli su təchizatı sektorunun bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Xatırladaq ki, həmin dövrdə respublikamızın paytaxtı içməli su ilə “Şollar” və ikinci Bakı su kəməri vasitəsilə təchiz olunurdu. Bu isə mövcud tələbatı ödəmir, sakinlərin içməli su təminatında ciddi çətinliklərə səbəb olurdu. Belə bir şəraitdə Kür suyunun paytaxta gətirilməsi zərurəti yaranmışdı. Kür su kəmərinin birinci növbəsi kompleksinin inşasına 1968-ci ildə başlanılsa da, işlər olduqca ləng gedirdi. Yalnız respublikamızın rəhbəri Heydər Əliyevin 1970-ci ilin iyun ayının 10-da Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı əlaqədar təşkilatlara verdiyi konkret tapşırıqlardan sonra işlər əsl məcrasına düşdü. Respublikanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, şənbə iməciliklərinin mütəşəkkil şəkildə keçirilməsi Kür su kəmərinin çəkilişini əsl ümumxalq tikintisinə çevirdi. Məhz bunun nəticəsi idi ki, 30 ayda görülməli işlər təqribən 4 ay ərzində başa çatdırıldı. Nəhayət, həmin il sentyabr ayının 27-də Kür su magistralının birinci növbəsi istifadəyə verildi.
Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci qolunun çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Respublikamızın rəhbəri Heydər Əliyevin diqqət və qayğısı sayəsində cəmi bir il sonra – 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verildi. Azərbaycanın ictimai həyatı və xalq təsərrüfatı üçün son dərəcə mühüm əhəmiyyət daşıyan həmin obyektin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev belə bir mürəkkəb texniki obyektin tikintisini və quraşdırılmasını qısa müddətdə başa çatdırmış inşaatçıları, quraşdırıcıları, layihəçiləri, istismar işçilərini böyük əmək qələbəsi münasbətilə təbrik etmiş, onların fədakar əməyini yüksək qiymətləndirmişdir. Xatırladaq ki, o dövr üçün zərbəçi tikintisi elan olunmuş Kür su kəməri kompleksinin tam istifadəyə verilməsi Bakı və Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaratmışdır.
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan su anbarı, təmizləyici qurğular kompleksi və magistral su kəmərlərinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Xatırladaq ki, üç mərhələdə həyata keçirilən bu layihənin sonuncu mərhələsi 1978-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə işə salınmış, bununla da, Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,38 kubmetrə çatdırılmışdır.
Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən respublikamızın paytaxtı Bakı şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilirdi. Bakı şəhərində İttifaq və yerli əhəmiyyətli bir sıra sənaye obyektlərinin istifadəyə verilməsi və xidmət sahələrinin fəaliyyətə başlaması işçi qüvvəsinə tələbatı xeyli artırmışdı. Paytaxtda, eləcə də Sumqayıtda yeni yaşayış massivlərinin salınması içməli suya tələbatı xeyli artırmışdı. Ümummilli liderin diqqət və qayğısı sayəsində 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisi həyata keçirildi və paytaxta daha üç magistral su kəməri çəkildi. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi xeyli artırılaraq saniyədə 9,5 kubmetrə çatdırıldı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, respublikamızın digər şəhər və rayonlarının da içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Yeri gəlmişkən, həmin illərdə bir sıra bölgələrdə olduğu kimi, Mil-Muğan rayonlarında da kəskin içməli su qıtlığından əziyyət çəkən əhali Kür və Araz çaylarının bulanıq sularından istifadə etmək məcburiyyətində qalırdı. Bu tarixi problemi həll etmək üçün respublika rəhbəri Heydər Əliyev qrup su kəmərlərinin tikintisi ideyasını irəli sürdü. Məhz bu təşəbbüsün məntiqi nəticəsi olaraq 1976-cı ilin sonu – 1977-ci ilin əvvəlində Sabirabad-Saatlı qrup su kəmərinin tikintisinə start verildi. Yeri gəlmişkən, həmin illərdə aran bölgəsinin, demək olar ki, infrastruktur baxımından xeyli geridə qalan Sabirabad rayonunda körpü, mədəniyyət evi, məktəb binaları və ayrı-ayrı qurğuların tikintisi də sürətlə davam etdirilirdi. Ulu öndərin Sabirabadda həyata keçirilən layihələrlə tanışlığının dəfələrlə şahidi olmuşam, onun inşaatçılara verdiyi dəyərli tövsiyələri dinləmişəm. Ümummilli liderimizin hər bir tövsiyəsi, dəyərli məsləhətləri məsuliyyətimizi qat-qat artırır, bizi işə daha həvəslə yanaşmağa sövq edirdi. Məhz bunun nəticəsində işlər bir qədər də sürətlənir, rayonumuzun sosial-iqtisadi həyatı üçün son dərəcə vacib olan qurğu və obyektləri vaxtından əvvəl və keyfiyyətlə başa çatdırmaq mümkün olurdu. Təkcə onu qeyd etmək kifayətdir ki, respublikamızın rəhbəri Heydər Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində 1980-ci ildə Sabirabad-Saatlı qrup su kəmərinin tikintisi uğurla başa çatdırıldı. Bununla da, həmin rayonlarda içməli su təchizatı məsələsi həllini tapdı. Yeri gəlmişkən, işin vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirməyimiz o zamankı SSRİ rəhbərliyinin diqqətini özünə cəlb etdi və qurğu SSRİ Nazirlər Sovetinin xüsusi mükafatına layiq görüldü, bir qrup inşaatçı müxtəlif dövlət təltiflərinə layiq görüldü.
Yaxşı xatırlayıram, 1980-ci ildə ümummilli liderimiz Heydər Əliyev qurğunun açılışında iştirak etmək üçün rayonumuza gəlmişdi. Ulu öndər obyektin tikintisində çalışanlarla görüşüb olduqca səmimi söhbət etdi, respublikamızda ilk qrup su kəmərinin tikintisini uğurla başa çatdıran inşaatçıları təbrik etdi. Qurucu, yaradıcı lider Heydər Əliyevin dəyərli tövsiyələri, səmimi, mehriban münasibəti bizi respublikamızda gedən quruculuq işlərində daha fəal iştirak etməyə ruhlandırdı, tikinti meydanlarında ilkin addımlarını atan gənc inşaatçıların qurub-yaratmaq əzmini gücləndirdi. Məhz o vaxtdan respublikamızda qrup su kəmərlərinin tikintisi bir qədər də sürətləndi, respublika rəhbərinin diqqət və qayğısı sayəsində Salyan-Astara, Mil-Qarabağ və Şivan qrup su kəmərləri qısa müddətdə inşa olunaraq istismara verildi.
Həmin illərdə respublikamızın rəhbəri Heydər Əliyev rayonlarda yeni yolların və körpülərin salınmasına da xüsusi diqqət və qayğı göstərirdi. Ulu öndər 1970-1980-ci illərdə, demək olar ki, hər il Sabirabada gəlir, mövcud vəziyyətlə tanış olurdu. Ümummilli liderimiz Sabirabad rayonunun Araz və Kür çaylarının ətraf ərazilərində yaşayan sakinlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, kəndlər arasında gediş-gəlişi asanlaşdırmaq məqsədilə yeni körpünün tikintisi ilə bağlı göstəriş vermişdi. Yaxşı xatırlayıram, 1978-ci il idi. Sabirabad rayonunda pambıq əkini getdikcə intensivləşirdi. Rayonun Ulacalı kəndində keçirilən zona müşavirəsində respublika rəhbəri Heydər Əliyev ətraf kəndlərin sakinləri, kolxozçularla görüşüb səmimi söhbət etdi, onların qayğıları ilə maraqlandı. Ulu öndər söhbət əsnasında Kürətrafı ərazidə yerləşən 16 kəndin sakinlərinin körpünün olmamasından çox böyük çətinliklərlə üzləşdiyini öyrəndi. O, Bakıya qayıdan kimi, bu barədə müvafiq göstəriş verdi. Qısa müddətdə körpünün inşasına başlanıldı. Obyektin inşası zamanı qarşıya çox böyük çətinliklər çıxırdı. Lakin Heydər Əliyevin bilavasitə diqqəti sayəsində bütün çətinliklər aradan qaldırıldı və körpünün tikintisi vaxtında başa çatdırıldı. Nəhayət, 1979-cu ildə Surra körpüsü istifadəyə verildi.
Yeri gəlmişkən, körpü salmaq çox gözəl bir ənənədir. Dövlət başçımız İlham Əliyevin dediyi kimi, körpü həyat verir, rahatlıq verir, körpü inkişaf deməkdir. Sevindirici haldır ki, hazırda bu vacib məsələ ulu öndərin Azərbaycanda başladığı quruculuq missiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də xüsusi diqqət mərkəzində saxlanılır. Təkcə onu qeyd etmək kifasyətdir ki, son illər ərzində respublikamızda yüzdən çox körpü tikilib istifadəyə verilmişdir...
Ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanda hakimiyyətə gələn təsadüfi, səriştəsiz adamların hakimiyyət sükanı arxasına keçməsi nəticəsində ölkə həyatının bütün sahələri böhranla üzləşmişdi. Həmin dövrdə iqtisadi müstəqilliyini əldə edə bilməyən respublikamızın dövlət müstəqilliyi üçün də ciddi təhlükə yaranmışdı. Yalnız ölkəmiz, xalqımız üçün son dərəcə məsul bir dövrdə Azərbaycanı üzləşdiyi bu bəlalardan qurtarmaq üçün xilaskarlıq missiyasını üzərinə götürmüş ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində təhlükə sovuşdu. Məhz 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə hakimiyyətə gələn ulu öndərin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı. Ümummilli liderimiz ölkədə siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, iqtisadi müstəqilliyin də əsasını qoymaq barədə götür-qoy etdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin, xalqımızın gələcək firavanlığının təminatına yönəldilməsini nəzərdə tutan mükəmməl neft strategiyası işlənib hazırlandı. 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda iqtisadi sabitliyin təməli qoyuldu. Bu da öz növbəsində beynəlxalq maliyyə qurumlarının ölkəmizdə həyata keçirilən iqtisadi və infrastruktur layihələrinə marağını artırdı. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsü müsbət nəticə verdi.
Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü sosial-iqtisadi strategiyaya əsaslanan islahatların Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi bütün sahələrdə olduğu kimi, ölkənin içməli su təchizatı sektorunda da iri infrastuktur layihələrinin reallaşdırılmasına səbəb olmuşdur. Son illər bu sahədə həyata keçirilmiş ən böyük layihə isə, heç şübhəsiz, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlıdır. Yeri gəlmişkən, Bakını ekoloji cəhətdən təmiz və keyfiyyətli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı da ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin bu nəcib təşəbbüsü onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrildi.
Son illər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri ilə yanaşı, ölkəmizin regionlarında da içməli su təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. “Azərsutəchizatikinti” ASC də podratçı təşkilat olaraq bu işlərdə fəal iştirak edir. Hazırda kollektivimiz Qusar, Xaçmaz, Saatlı və Xızı rayonlarının, eləcə də Gəncə şəhərinin bir hissəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası sahəsində çalışır. Yeri gəlmişkən, vaxtilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayan Kür su mənbəyinin regionların su təchizatının təminatına yönəldilməsi üçün hazırda müvafiq işlər görülür. Ümummilli lider Heydər Əliyevin xalqımıza yadigarı sayılan Kür sutəmizləyici qurğular kompleksindən içməli suyun aran bölgəsində yerləşən rayonlara verilməsi “Azərsu” ASC-nin sifarişi ilə reallaşdırılan nəhəng layihələrdəndir. Layihə çərçivəsində Hacıqabul rayonunun Talış kəndindən Saatlı-Sabirabad istiqamətinədək uzunluğu 62 kilometr olan magistral su kəmərinin çəkilişi bizim təşkilata həvalə olunmuşdur.
Ulu öndər erməni təcavüzü nəticəsində ev-eşiklərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına da daim diqqət və qayğı ilə yanaşırdı. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması proqramı çərçivəsində 2002-ci ildə ilk qəsəbələrin salınmasına başlanıldı. “Azərsutəchizattikinti” ASC-nin kollektivi də podratçı təşkilat kimi Biləsuvar və Füzuli rayonlarının ərazilərində qəsəbələrin salınmasında fəal iştirak etmişdir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində hazırda bu işlər sürətlə davam etdirilir, ölkə ərazisində çadır şəhərciklərinin ləğvi intensivləşir. Həmin işlərin davamı olaraq hazırda paytaxt ərazisindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburu köçkünlərin yerləşdirilməsi həyata keçirilir. Bu məqsədlə hər cür infrastruktura malik yeni şəhərciklər salınır. Məcburi köçkünlər üçün salınmış yeni yaşayış məskənlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yaradılması işlərində də kollektivimiz yaxından iştirak edir.
Son illər Azərbaycanda tikinti-quruculuq işləri geniş vüsət almış, ölkənin inşaat kompleksinin inkişafı ilə yanaşı, infrastrutur layihələrinin icrası da xeyli sürətlənmişdir. “Azərsutəchizattikinti” ASC-nin kollektivi də ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi proqramlar çərçivəsində sosial və infrastruktur obyektlərinin inşasında bundan sonra da fəal iştirak edəcəkdir.
Mirzəcan XƏLİLOV,
əməkdar mühəndis,
“Azərsutəchizattikinti” ASC-nin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.