Ulu öndərin ideyaları uğurla davam etdirilir

Bu günlərdə Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevin  anadan olmasının 91-ci ildönümü geniş ictimaiyyət tərəfindən qeyd edilir. Əlbəttə, bu, bir tərəfdən, qədirbilən xalqımızın Heydər Əliyev şəxsiyyətinə yüksək məhəbbət bəsləməsindən irəli gəlirsə, digər tərəfdən, əsas məqsəd yeni əsrdə həyata atılan yeni nəsillərə dahi şəxsiyyətin irsini, vətənpərvərliyini, azərbaycançılıq ideyalarını, işgüzarlıq, qətiyyət, mənəvi təmizlik və sair kimi keyfiyyətlərini aşılamaqdan ibarətdir.

Heydər Əliyevin həyatı və fəaliyyəti, doğrudan da, gənclərimiz üçün əsl məktəbdir. Hər kəs bu məktəbdən bəhrələnməlidir. Son zamanlar Heydər Əliyev irsinin tədqiqi ilə əlaqədar tədqiqatçılar araşdırmalar aparır, dissertasiyalar yazırlar. Həqiqətən, bu irs bir dəryadır. Onu tədqiq etməklə başa çatdırmaq müşkül məsələdir. Ulu öndərimizin fikirləri, ideyaları daim xalqın rifahının yaxşılaşmasına yönəlib. Məhz ona görə də Azərbaycan xalqının gələcək inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin əbədiliyi naminə onun irsi öyrənildikcə öyrənilməli, hər bir gənc öz fəaliyyətində bu ideyaları əsas götürməlidir.

Bu, bir həqiqətdir ki, XX əsrdə Azərbaycan tarixinin baş qəhrəmanı müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyev olmuşdur. Həqiqətən, o, qəhrəman idi, çünki əlçatmaz arzuları gerçəkləşdirdi və bu yolda sevincli-kədərli günlər yaşadı. Azərbaycanın inkişafı, xoşbəxt gələcəyi naminə ulu öndərimizin təkcə sovet hakimiyyəti dövründə apardığı siyasət böyük tədqiqat əsərləri üçün zəngin material ola bilər. Harada olmasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, daim Azərbaycanın gələcəyini düşünmüşdür. Əbəs yerə xalq ona “Yeni Azərbaycanın qurucusu” adını verməmişdir. Azərbaycanın bugünkü inkişafının əsası ulu öndər tərəfindən hələ 1969-82-ci illərdə qoyulmuşdur.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev yüksək dövlətçilik bacarığı ilə, polad iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi çəkişmələrdən qurtardı. Ona görə də hər bir azərbaycanlı Heydər Əliyevə borcludur. Onun ideyalarının həyata keçirilməsi üçün hazırkı Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyimizi möhkəmləndirməliyik, müstəqilliyimizin əbədiləşməsi naminə öz işlərimizi elə qurmalıyıq ki, ulu öndərin ruhu şad olsun.

Heydər Əliyev keçən əsrdə gedən mübarizələrdən Azərbaycanı qorudu, onun müstəqilliyinin təməlini möhkəmləndirmək üçün müdrik siyasət apardı, “Əsrin müqaviləsi” kimi nəhəng bir neft kontraktının imzalanmasına nail oldu. Bununla müstəqilliyimizin bünövrəsi daha da möhkəmləndirildi. Ulu öndərin neft strategiyasının bu gün tam reallığa çevrilməsi ölkənin sürətlə inkişafına təkan verib. Müasir Azərbaycanın nefti dünya siyasətində önəmli vasitəyə çevrilib, nəhəng dövlətlərin diqqətini özünə cəlb edib və bütün bunlar son nəticədə ölkəmizdəki sosial-iqtisadi problemlərin həllinə müsbət mənada ciddi təsir edib. Azərbaycanın beynəlxalq arenada nüfuzu və mövqeyi daha da güclənib. Hazırda Azərbaycan 160-dək dövlətlə diplomatik əlaqələr qurub, ölkəmizin haqq səsi ali tribunalardan eşidilməkdədir. Qonşu respublikalarla müqayisədə ölkəmizdəki ictimai-siyasi sabitlik, davamlı iqtisadi inkişaf göz qabağındadır.

Əfsuslar olsun ki, hələ də həm daxildə, həm də xaricdə Azərbaycanın işıqlı gələcəyini istəməyənlər var. Onlar imkan düşən kimi ölkəmizdəki sabitliyi pozmağa çalışırlar. Hər bir qeyrətli Azərbaycan vətəndaşı belələri ilə mübarizə aparmalıdır. Ulu öndər bütün varlığı ilə Azərbaycana, onun dininə, dilinə, ənənələrinə ürəkdən bağlı olan vətənpərvər bir insan idi, azərbaycanlı olmağı ilə daim fəxr edirdi.

Heydər Əliyev həmişə qürur hissi ilə deyirdi: “Bir Vətənimiz var, o da Azərbaycandır!” Azərbaycanı o qədər sevirdi ki, onun gələcək inkişafını təmin edən, ideyalarını həyata keçirə bilən bir şəxsiyyət hazırladı və əmin idi ki, yarımçıq qalmış ideyalarını özü qədər inandığı İlham Əliyev başa çatdıracaq. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev həm daxildə, həm də xaricdə onun ideyalarını cəsarətlə həyata keçirir. Ulu öndərin ideyalarının reallaşdırılmasında, yəni Azərbaycanın dinamik və sürətli inkişaf siyasətinin uğurla həyata keçirilməsində onun layiqli davamçısı olan İlham Əliyevi bu gün bütün xalqımız, xüsusilə də gənclərimiz dəstəkləyirlər. Bunu sonuncu prezident seçkilərində İlham Əliyevə səs verməsi bir daha təsdiqlədi. Bu, xalqın Heydər Əliyev siyasi xəttinə inamının bariz nümunəsi idi. Xalq faktik olaraq özünün xöşbəxt gələcəyinə səs verdi. Bir daha sübut olundu ki, ulu öndərin siyasəti, onun ideyaları yaşayır və uğurla davam etdirilir.

 

Tamilla NAİBOVA,

Azərbaycan Dövlət Neft Akademiyasının dosenti,

Yeni Azərbaycan Partiyası ADNA ilk təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında