Tarix sübut edir ki, güclü və vətənpərvər liderə malik olmayan xalqın əlverişli siyasi şəraitdə real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması mümkün deyildir. Bu mənada, XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət - ümummilli lider Heydər Əliyev də milli dövlətçiliyin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır.
Şərq müdriklərindən Nizamülmülk “Siyasətnamə” əsərində əbəs yerə yazmırdı ki, Ulu Yaradan sevimli insanları arasından birini seçib ona əzəmətli şahlara xas istedad və qabiliyyət bəxş edir, ad və hədsiz şöhrət qazandırır. Tanrı XX əsrdə aramızdan Azərbaycan xalqının ümummilli lideri, müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyevi seçdi və onun əlləri ilə Azərbaycan xalqının tarixində şanlı salnamələr açdı! Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Təqribən 700 il əvvəl Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusi yazırdı: hökmdarlıq cəmiyyəti ən müxtəlif xəstəliklərdən xilas edə bilən şəxsiyyətə yaraşır və əsil hökmdar ölkəsinin həkimi yerində olmalıdır. Bu baxış bucağından yanaşdıqda Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli məqamlarında xilaskarlıq mücəssəməsinə çevrilərək Azərbaycanın ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən, mərdliklə verən xariqüladə şəxsiyyət olduğu aşkar görünür. Heydər Əliyev dühası bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl - Böyük Azərbaycanlı olması faktını qətiyyən kölgədə saxlamır. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən ümummilli lider sanki Azərbaycana, azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz nurlu simasında bir araya gətirmiş və bununla özü də canlı Azərbaycana çevrilmişdi. Şəxsiyyətinin nəhəngliyi və miqyası ilə daha böyük ölkələrə rəhbərlik etmək imkanında olan ümummilli lider Azərbaycan adlı qədim yurdu az qala qarış-qarış gəzərək, onun hər bölgəsinə silinməz izlər salmış, sağlında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmiş, unudulmaz tarixə çevirmişdi.
Böyük strateq Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Ulu öndər bütün siyasi fəaliyyəti boyu böyük təzyiqlər və təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək, əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Rus dilinin az qala rəsmən dövlət dili səviyyəsində qəbul edilmək üzrə olduğu bir zamanda - 1969-cu ildə respublikaya rəhbər təyin olunan Heydər Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin plenumunda azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını vermiş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti hər zaman həssas olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərimizin Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti xüsusi xatırlatmaq lazımdır. O zaman SSRİ konstitusiyası layihəsinin hazırlanması üçün yaradılan komissiyada Heydər Əliyev nəinki müsəlman-türk xalqlarını, hətta Cənubi Qafqazı təmsil edən yeganə siyasi xadim idi. 1978-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dilinin rəsmi dövlət kimi qəbul edilməsi də ümummilli liderin əzmkarlığı sayəsində mümkün olmuşdu. Bununla bağlı Kreml emissarlarının dəfələrlə Bakıya səfərlər edərək Heydər Əliyevi fikrindən daşındırmağa səy göstərdiklərini, lakin buna nail olmadıqlarını da mühüm fakt kimi vurğulamaq lazımdır. Eyni zamanda, ümummilli liderin təşəbbüsü və köməyi ilə 70-ci illərdə nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliklərinə Dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə olmuşdur.
Xalqın milli düşüncə tərzinin formalaşmasında mühüm rolu olmuş tarixi şəxsiyyətləri qorumadan, onları xalqın yaddaşında yaşatmadan, müasir ziyalıları, ictimai xadimləri də müdafiə etmək mümkün deyildir. Böyük öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı və yüzlərlə digər korifeyin adını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşadılması, bütövlükdə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılması məqsədini əsas tutmuşdur. Həmin dövrdə müxtəlif təzyiqlərə, təhdidlərə, qaragüruhçu qüvvələrin müqavimətinə məhəl qoymayaraq, qətiyyət nümayiş etdirən Heydər Əliyev qarşısına qoyduğu bir sıra ali məqsədlərə nail olmuşdur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 70 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Heydər Əliyev Sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir.
Hər bir xalqın elminin, təhsil sisteminin inkişafı onun mənsub olduğu dövlətin apardığı kompleks işlərlə qırılmaz vəhdət təşkil edir. Heydər Əliyev zəkasının respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən müqəddəs izlərinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində böyük müdrikliklə bəyan etmişdir ki, cəmiyyətin tərəqqisinə, mədəni-intellektual intibaha təsir göstərən ən qüdrətli vasitələrdən biri də elm və təhsildir. Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətin mütərəqqi ruhda inkişafına ciddi zəmin yaratmışdır. Dahi öndərin Azərbaycana birinci rəhbərliyi dövrü - 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya elminə birbaşa inteqrasiya imkanları qazanmış, alimləri cəmiyyət həyatına, dövlətin, xalqın tərəqqisinə xidmət göstərən çoxsaylı fundamental kəşflərə imza atmışdır.
Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan ümummilli lider Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Bunu ulu öndərin 1991-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsində işləyərkən Türkiyənin “Zaman” qəzetinə verdiyi müsahibədə söylədiyi fikirlər də təsdiq edir: “Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi”.
Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti, yəqin, heç zaman xatirələrdən silinməyəcək. Baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı qəti bir əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin çətin situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycan xalqını növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.
Ümummilli lider Heydər Əliyev xalqın çağırışına müsbət cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək, təbiətin bəxş etdiyi fədakarlıq, işgüzarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur.
Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultmuşdur. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün, hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Ulu öndər özünəməxsus müdrikliklə bəyan etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Böyük dövlət strateqi özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus tərzdə irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumdaxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
1993-cü ildən etibarən respublikada həyata keçirilən hüquqi-siyasi islahatlar vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunmuş uğurların təməlini təşkil etmişdir. Heydər Əliyevin yaratdığı hüquqi dövlət və vətəndaş cəmiyyəti modeli unikal səciyyə daşımaqla, Azərbaycanın Avratlantik məkana inteqrasiyası prosesini sürətləndirmiş, Avropanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq yeni müstəvidə inkişaf etmişdir. Hüquqi dövlət quruculuğu sahəsində ayrı-ayrı dövlətlərin çoxəsrlik təcrübəsi nəzərə alınsa da, bu təcrübə olduğu kimi tətbiq edilməmiş, əksinə, yeni ideya və çalarlarla zənginləşdirilmiş formada həyata keçirilmişdir. Ümummilli liderin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən ən mühüm məqamlardan biri də qanunun aliliyinin idarəetmə sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi olmuşdur. Heydər Əliyev müdrik rəhbər olaraq, hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail olmuşdur. 1995-ci ilin noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq xalqın rifahına xidmət edən dövlət idarəetmə mexanizminin hüquqi təməlinə çevrilmişdir. Sonrakı mərhələdə Heydər Əliyevin iradəsi ilə qəbul olunan saysız-hesabsız törəmə qanunların da kökündə məhz insan şəxsiyyətinə hörmət amili dayanmışdır. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudsman) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.
Ulu öndər Azərbaycanda vətəndaş sülhünün gücləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevrilməsi istiqamətində sona qədər əzmkarlıq göstərmişdir. Böyük demokrat olaraq, o, yeri gəldi-gəlmədi “azadlıq”, “demokratiya” hayqırıb, azadlığı nihilizm kimi başa düşənlərə anlatmışdır ki, kiməsə verilmiş azadlıq başqasının hüquqları başlayan sərhədə çatarkən dayanmalı, qanun və mənəviyyat çəpərlərini adlayıb anarxiyaya çevrilməməlidir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu son 10 il ərzində həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab etmişdir. Ulu öndər Azərbaycan cəmiyyətinin vahidliyini təmin etmiş, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir.
Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Hazırda yalnız onunla təsəlli tapırıq ki, bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31 oktyabrında “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” — deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev son 10 ildə Heydər Əliyev siyasi irsini bütün sahələrdə uğurla davam etdirmişdir. Dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.
Müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış edir. Bu reallıqdan çıxış edən cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkənin və xalqın bütün problemlərinin, - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək, - hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz iqtisadi tərəqqidən keçir. Güclü, mobil, və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri güzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Cənab İlham Əliyev 10 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.
Dövlət başçısı seçki ərəfəsində və ondan sonra verdiyi hər vədə sadiqlik nümayiş etdirərək, ictimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılmasını - qeyri-neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, iqtisadiyyatın tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atmışdır.
Prezident İlham Əliyev ötən 10 ildə respublikamızda qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamışdır. Hər bir dövlətdə ictimai münasibətlər sisteminin qanunamüvafiq surətdə tənzimlənməsinin ən fundamental şərti məhkəmələrin müstəqilliyinin təmin edilməsidir və dövlət başçısının həyata keçirdiyi islahatların əsasında da məhz bu amil dayanır. Beynəlxalq təcrübədən çıxış edən cənab İlham Əliyev məhkəmələrin, ümumilikdə, hüquq-mühafizə orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu dövlət təsisatlarına çevrilməsinə, cəmiyyətdə yüksək etimad qazanmasına çalışır.
Dövlət başçısının ötən 10 illik fəaliyyəti həm də ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.
XX əsr Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi olduqca zəngin və əhatəlidir. İllər geçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox düşür, Vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi qəbul edirsən.
Ölkənin elm və təhsil adamları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanırlar.
İlham MƏMMƏDZADƏ,
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.