Heydər Əliyev – liderlər əsrinin lideri

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır və möhkəmlənir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Tarix dəfələrlə sübut etmişdir ki, müxtəlif zaman və məkanlarda yaranan əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə özünün yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Cərəyan edən ictimai-siyasi proseslərin axarında xalqın əsrlərdən keçib gələn intellektual potensialının üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaranır. Bununla belə, fitri istedadı və xarizmatik keyfiyyətləri ilə ürəkləri fəth edərək zamanın fövqündə dayanmaq, milyonların qəlbində ölməzlik məşəli yandıraraq onlara müstəqillik, azadlıq hissini bütün varlığı ilə yaşatmaq, millətinin iradəsini ifadə etmək xoşbəxtliyi isə çox az liderlərə nəsib olur.

Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyurlar. Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Tarixi hadisələrin təhlili zamanı bu həqiqət bir daha təsdiqlənir ki, mütərəqqi ideyalar məhz parlaq şəxsiyyətlərdə təcəssüm olunur, bəzi hallarda hətta, şəxsiyyətin özü ideyanın rəmzinə, təcəssümünə çevrilir.

Həmin dahi şəxsiyyətlərin qurub yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, böyük intibah xalqlarının gələcəyinə işıq tutmuş, bəlkə də yüz illər sonrakı tarixini, dünyanın siyasi arenasındakı yerini müəyyənləşdirmişdir. Məhz qeyd olunan xidmətlərinə görə belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutmuşlar.

Azərbaycanın da dövlətçilik tarixində böyük şəxsiyyətlər, dünyaya meydan oxuyan sərkərdələr, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan dövlət xadimləri olmuşdur. Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, xalqımızın firavan gələcəyinə yönəlmiş xidmətlər göstərmiş və xalqımızın tarixində əbədi həkk olunmuşlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqı və milləti qarşısında titanik fəaliyyət göstərən dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, hətta,G mən deyərdim ki, çoxlarına əlçatmaz görünən xülyaları belə gerçəkləşdirmişdir. ABŞ-ın keçmiş prezidenti Teodor Ruzvelt demişdir: “Əsas odur ki, sən öz ölkən uğrunda ölməyə hazır olasan; daha da vacibi odur ki, sən onun üçün yaşamağa hazır olasan”. Qəhrəmanlığın, hünərin ən möhtəşəmi Vətən naminə edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.

Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qollun Fransa, Corc Vaşinqtonun Amerika Birləşmiş Ştatları üçün etdiklərini ulu öndərimiz Heydər Əliyev ən çətin məqamlarda doğma Vətəni və xalqı naminə edib. Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Böyük mütəfəkkir və filosof Mark Avreli əbəs yerə yazmamışdı ki, hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan insanların dövlətçilik fəaliyyətində açıla bilər.

Böyük filosof Platon demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Müdriklik və ədalət mücəssəməsi olan, dünyanın siyasi arenasında sayılıb-seçilən ulu öndər Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun öz ölkəsində bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır. Onun tarixi xidmətləri, xilaskarlıq, quruculuq missiyası, dahiliyi, həyata keçirdiyi siyasi, iqtisadi, sosial və mədəni islahatlar haqqında çox yazılıb. Hələ bundan sonra da yazılacaqdır. Çünki zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş birliyinin yaradılması və digər sahələrdə həyata keçirdiyi taleyüklü məsələlər daha aydın görünür.

XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər qədirbilən xalqımızın yaddaşında daima yaşayacaqdır.

Ulu öndər Heydər Əliyev özünün böyük həyatı ilə zamanın çərçivəsinə sığmayan yüksək bəşəri keyfiyyətləri, zəngin mənəvi xüsusiyyətləri, xalqa, Vətənə, insanlığa olan böyük sevgisi ilə xalqımızın qəlbində əbədiyaşarlıq qazanmışdır. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, o, həm də milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri ilə cəmiyyətin mənafe və maraqlarına bağlı olan bir liderə xas xüsusiyyətlərə malik idi. Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir. Çünki, bu bəşəri və xarizmatik keyfiyyətləri ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə tarixin onillər boyu onun üzərinə qoyduğu bir “ATA”lıq missiyasının ifadəsi ilə dərinləşmişdir.

Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı sayəsində nail olmuşdur.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məşhur bir deyimi var: “Xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər. Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi səviyyəsinə yüksəlirlər”. Bəli, xalqına arxalanan, amalı xalqına xidmət etmək olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini müəyyən etmək məsuliyyətinin nə demək olduğunu dərindən anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və firavanlığı üçün çalışmaqda görürlər.

Belə insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma onlar taleyin hökmü və millətin qisməti kimi həyatın ən çətin, böhranlı anlarında, xalq “ölüm, ya olum” dilemması qarşısında qalanda meydana atılır və müqəddəs xilaskarlıq missiyasını həyata keçirir, ömürlərinin qalan hissəsini millətə xidmətə həsr edirlər. Mənsub olduqları millətlə birlikdə dahi şəxsiyyətlərin özləri də yüksəlir, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrətləri aləmə yayılır.

Ulu öndər Heydər Əliyev də XX əsrdə Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi dühalardandır. O parlaq zəkasının, sarsılmaz iradəsinin, tükənməz enerjisinin sayəsində ucalmış, ümmilli lider səviyyəsinə qalxmışdır. Xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi fenomen şəxsiyyət - ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına salmış, millət kimi mövcudluğunu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol, əslində məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra başlamışdır.

Onun dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü bütün işlər həmişə xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq aləmdə böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının məhəbbət və rəğbətini qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmişdir.

Tarix boyu bir çox siyasət adamları hakimiyyətə can atmış və çox hallarda da buna nail olmuşlar. Lakin bunların bəziləri öz məhdud təfəkkürü üzündən son nəticədə diktatorlara, digərləri isə öz iradə zəiflikləri ucbatından ətrafdakıların oyuncağına çevrilmişlər. Məhz bunları nəzərdə tutan fransız mütəfəkkiri Pol Anri Holbax yazırdı: “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir”.

Nəsirəddin Tusi isə yazırdı: “Hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin həkimi yerində olmalıdır”. Təbiət və tarix isə bu kimi ülvi keyfiyyətlərin üzvi bir vəhdət halında birləşdiyi fenomenal şəxsiyyətləri çox az-az yetirir. Müasir dünya siyasətinin aparıcı simalarından olan Heydər Əliyev kimi. Məhz bu keyfiyyətlərinə görə o öz hakimiyyətini səlahiyyətlərinin gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə həyata keçirməklə qarşısındakıları zəkası və uzaqgörənliyi ilə əfsunlayırdı. Heç də təsadüfi deyildir ki, dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, elm və incəsənət korifeyləri ulu öndər Heydər Əliyevi “canlı əfsanə” adlandırırdı. Məhz buna görədir ki, Heydər Əliyev şəxsiyyətindən, müdrikliyindən xalqımız həmişə qürur duymuş və fərəh hissi keçirmişdir.

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.

1991-ci ildə müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı bir sıra dövlətlərdə qibtə hissi doğururdu. Lakin müstəqilliyin ilk illərində iqtidarda olan antimilli və naşı qüvvələrin yeritdiyi yarıtmaz siyasət üzündən respublikanın hər bir vətəndaşının arzuladığı hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması, sadəcə xoş bir istək, bir ideya olaraq qalırdı. 1991-1993-cü illərdə Azərbaycanda iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi, cəbhə bölgəsində hərbi uğursuzluqlar və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmışdı, Qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı.

1993-cü ildə xalq ölkəni bu vəziyyətdən çıxara biləcək hərtərəfli potensialı və müdrikliyi yeganə lider - Heydər Əliyevin şəxsində görürdü. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız polad iradəyə, mükəmməl idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır tarixi missiyanın öhdəsindən gələ bilər. Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkənin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dövlətçiliyi möhkəmlətdi, dirçəliş və inkişafa doğru yönəltdi, milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi.

Ulu öndər Heydər Əliyevin 34 illik hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin vaxtında qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa müvəffəq olan yeganə qüvvə olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxıb. Dahi öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan dünya dövlətləri birliyində öz layiqli yerini tutub, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulub. Ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təsisatlar yaradılıb, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılıb. Atəşkəs əldə edildikdən sonra xalqımızın ən ağrılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. İşğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami ordu - Silahlı Qüvvələr formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin səyi ilə ordumuzun elmi əsaslarla formalaşması, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində münaqişənin istənilən yolla aradan qaldırılması üçün ilkin şərait yaradılıb.

Azərbaycanın keçdiyi tarixi yola baxış prizmasından alman filosofu İmmanuel Kantın “Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər” fikrini ümummilli lider Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri ilə bir daha təsdiqlədi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ölkəmizin iqtisadi inkişaf konsepsiyasının, neft strategiyasının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən çox güclü iqtisadi potensiala malik bir dövlətə çevrilib.

Ulu öndərin qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin banisi, böyük fransız mütəfəkkiri Monteskyö “Qanunların ruhu” əsərində haqlı olaraq yazırdı ki, ədalətlə idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır. Məhz belə bir harmoniya ədalətli cəmiyyət, hüquqi dövlət ideyasını arzulardan həqiqətə çevirir: insanın bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünütəsdiqi hüquq və azadlıqlarını, vəzifə və borcunu, əxlaq məsuliyyətini dərk etdiyi andan başlayır. Ulu öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə riayət etməsi, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur. Bu dəyərlərə sadiqlik, ilk növbədə Heydər Əliyevin yüksək daxili demokratizmindən, hər kəsə örnək ola biləcək vətəndaşlıq məsuliyyətindən qaynaqlanmış, ümummilli lider hər bir fərdin maraq və qanuni mənafeyinin ödənilməsi, hüquqlarının qorunmasını dövlətin fundamental vəzifəsi saymışdır.

Vaxtilə antik yunan mütəfəkkiri və filosofu Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq “haqlı adam həmişə güclüdür” düsturunu işə salan belə fövqəl şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan ulu öndərimiz Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.

1993-cü ilin ikinci yarısından etibarən ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur.

Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı ciddi mübarizə başlanıb.

Bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər edilib, “cəzanın labüdlüyü” prinsipinin real təmin olunması üçün ən qəti tədbirlər görülüb. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da güclü xarakter alıb, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilib. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni sturukturların yaradılması önə çəkilmişdir. Cinayətkarlıqla mübarizə sahəsində ilk təkmil sənəd olan bu fərmanda, həmçinin cəmiyyətdə sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər öz əksini tapmışdır.

Bu fərman ölkədə ictimai sabitliyin yaranmasında, qanunçuluğun təminatında və ədalətin öz yerini almasında mühüm amil oldu. Ölkədə qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı səmərəli mübarizə sahəsində prokurorluq orqanlarının fəaliyyətində əsaslı dönüş yarandı. Prokurorluq orqanları dövlətçiliyin qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunmasında tədricən dövlətin əsas dayaqlarından birinə çevrildi. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi uzaqgörənliyinin, misli görünməmiş qətiyyətliliyinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrinin inkişafına güclü təkan verib. Azərbaycanda hüquqi islahatların daha sürətlə aparılmasına da geniş imkanlar açıb.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çəkmişdir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquq islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zərurətə çevirmişdir. Əsas Qanunda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur.

1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum olmuşdur. Bu memoranduma əsasən BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi başlıca ümumdövlət vəzifələri səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır.

Müstəqillik əldə edildikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik-hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ulu öndərimizin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluğa, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır. 1998-ci il feralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri də onun yeritdiyi siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanmasıdır. Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi Heydər Əliyev günahkarları cəzalandırmağı da, xeyirxahlıq, humanizm, müdriklik göstərərək bağışlamağı, islah etməyi də bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və Əfvetmə İnstitutunun bərpası da qeyd olunanaların bariz nümunəsi kimi xüsusi vurğulanmalıdır. 1995-2003-cü illər ərzində ulu öndər tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2001-ci illərdə amnistiya haqqında 8 qanun imzalamış, 31584 məhkum azadlığa buraxılmış və yaxud onların cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cinayət törətmiş şəxslərin islah edilməsinə və ölkədə cinayətkarlığın azalmasına səbəb olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldib. 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu qurumla səmərəli əməkdaşlıq nəticə etibarilə milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılmasına və mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına əlverişli şərait yaradıb.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması və habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir. Müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artması dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hüquq və idarəçilik sahəsində müvafiq islahatların keçirilməsini tələb edirdi. Çünki keçmiş SSRİ-dən miras qalmış totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar demokratik cəmiyyətə xas prinsipləri təsbit, təmin və müdafiə etməyi qeyri-mümkün, müstəqilliyimizin möhkəmləndirilməsində sivil metodlardan istifadəni istisna edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli lider Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”. Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Hüquqi islahatların davamı olaraq ölkəmizdə digər çoxsaylı müvafiq qanunların, habelə yeni münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı - ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Məhz ulu öndərin rəhbərliyi altında 1993-cü ildən etibarən hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdı. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Sonrakı mərhələdə də Prokurorluq orqanları ulu öndərimiz Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.

Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar ulu öndərin təşəbbüsü ilə qəbul olunmuş, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncam ümummilli liderimizin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür. 2002-ci ilin 24 avqustunda ulu öndərimizin təşəbbüsü əsasında Konstitusiyaya edilən mütərəqqi dəyişikliklərlə eyni zamanda prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da səlahiyyətlərin artırılması və yüksək etimad baxımından, prokurorluq orqanları üçün çox önəmlidir.

Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı, prokurorluğun da xüsusi rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni əsası 1992-ci ildə və daha əvvəllər qoyulmuş ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları kimi, prokurorluğa da arxalanmış, ona inanmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-inin Prokurorluq İşçilərinin Peşə Bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Ulu öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların aliliyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı ali ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərini lazımi səviyyədə həyata keçirməyə, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə çalışır. Silahlı Qüvvələrdə hərbi intizamın yüksək səviyyədə olması döyüş hazırlığının ən mühüm şərtlərindən biridir. Orduda özbaşınalıq, hərc-mərclik deyil, ciddi və polad kimi əyilməz hərbi intizam hökmranlıq etməlidir. Hərbi Prokurorluq orqanlarının mühüm vəzifələrindən biri də Azərbaycan Ordusunda hərbi anda, hərbi nizamnamə qaydalarına ciddi əməl edilməsinə tam nail olmaq, hərbi cinayətlərə qarşı mübarizəni daha da gücləndirmək, habelə cinayətkarlığa qarşı preventiv tədbirlər həyata keçirmək, əsgər və zabit heyətinin hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etməkdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq son illərdə ölkədə hərbi cinayətlərin - fərariliyin, hərbi xidmətdən yayınma hallarının və hərbi xidmət əleyhinə olan digər cinayətlərin sayı ildən-ilə kəskin şəkildə azalır.

Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehtiva etməklə məhdudlaşmır, həm də Azərbaycandakı bugünün inkişaf proseslərini istiqamətləndirən, bu proseslərə təkan verən mühüm siyasi-ideoloji amil kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, cahanşümul fəaliyyət nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir.

Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idi. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri - cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərinə son qoydu. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü “Mən ona özüm qədər inanıram” əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı böyük yüksəliş və yeni bir inkişaf mərhələsinə yol açdı.

Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimizin imzaladığı mühüm dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda bir sıra sosial-iqtisadi problemlər öz həllini tapmış və keçid dövrü uğurla başa çatdırılmışdır. Cənab Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bütün dünya üçün xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi probleminin həlli yönündə də əhəmiyyətli işlər görülmüş, mühüm dövlət proqramlarının icrasına başlanmışdır. Enerji və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin təmin edilməsi sahəsində də əsaslı tədbirlər həyata keçirilməkdədir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində qazanılan uğurların sırası Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas bölgədə yerləşən ölkəmiz öz mənafelərini balanslaşdırılmış xarici siyasət kursu nəticəsində qoruyaraq regionun ən vacib ölkəsinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin gerçəkliyə çevrilməsi, nəinki Cənubi Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini, onun xarici investisiyalar üçün açıq və cəlbedici ölkə, etibarlı tərəfdaş imicinin formalaşmasını təmin etmişdir. Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da özünü qabarıq şəkildə hiss etdirməkdədir.

Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. İkinci ildir ki, ölkəmiz öz kosmik peyki olan “Azərspace-1”i orbitə çıxarıb.

Bütün bunlarala yanaşı, ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır. Hər bir vətəndaş onunla dövlət arasındakı münasibətlərdə müəyyən edilmiş rol və vəzifələri, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha aydın görür, hər addımında buna riayət etməyə çalışır.

Son illərdə prokurorluğun yeni dövrə uyğun fəaliyyətini nizama salan, çoxsaylı normativ-hüquqi aktlar hazırlanaraq icraya yönəldilibdir. Prokurorluq işçilərinin maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması xüsusi qeyd edilməlidir. Fərəhlə demək olar ki, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində prokurorluqda, eləcə də hərbi prokurorluq sistemində işin təşkili ən müasir standartlar səviyyəsinə çatdırılmışdır.

Azərbaycan dövlətinin fəaliyyətində ölkədə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq mərkəzi yer tutur. Bununla əlaqədar olaraq ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında məhkəmə və hüquq-mühafizə fəaliyyətinin təkmilləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Konsepsiyanın məqsədlərinə uyğun olaraq qanunvericilik təkmilləşdiriləcək, hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması təmin ediləcək, məhkəmə infrastrukturu daha da müasirləşdiriləcək, elektron xidmətlər tətbiq ediləcək və vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları artırılacaqdır.

Bu günlərdə xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər, dünyanın seçilmiş insanlarından biri - unudulmaz şəxsiyyət Heydər Əliyevin 91 illiyini qeyd edir. Ulu öndərimiz Heydər Əliyevin cismən yoxluğu, ideallarından pöhrələnən uğurları özünün həyatda ikən görə bilməməsi qəlbimizi nə qədər göynətsə də, biz bu nailiyyətlərin hər birində ulu öndərin nurlu simasını görürük, onun varlığını hiss edirik və bu hiss Heydər Əliyevin Azərbaycanın bugünündən şad ruhunu bütün qəlbi ilə duyan hər bir insanın daşımalı olduğu əbədi bir vəzifəni - Heydər Əliyev ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir. Bu ideyaları layiqincə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə töhfə vermək üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim artıracaq, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mübariz olmağa, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərməyə çalışacaq, dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə üzərinə götürdüyü ali missiyanı Heydər Əliyev ideallarına layiq şəkildə davam etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələrin icrası istiqamətində səmərəli fəaliyyət göstərəcəkdir.

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru,

ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında