Vaşinqtonda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr edilmiş brifinq

 

 

AzərTAc-ın xüsusi müxbiri “Freedom House”un Azərbaycana qərəzli mövqeyinin səbəbini

təşkilatın layihə rəhbərindən təkidlə soruşmuşdur

Vaşinqtonda, ABŞ Dövlət Departamenti nəzdində xarici mətbuat mərkəzində “2014-cü ildə Ümumdünya Mətbuat Azadlığı Günü: mətbuat azadlığının vəziyyəti” mövzusunda brifinq keçirilmişdir. Brifinqdə ABŞ dövlət katibinin ictimai məsələlər üzrə köməkçisi Daq Frans və “Freedom House” təşkilatı yanında “Mətbuat azadlığı” layihəsinin direktoru doktor Keren Karlekar iştirak etmişlər.

Məruzəçilər brifinqdə 2013-cü ildə mətbuat azadlığının vəziyyətinə dair hesabatın müddəalarını şərh etmişlər. Təşkilatın hesabatında dünyanın 197 ölkəsində və müvafiq ərazilərdə KİV-in müstəqillik səviyyəsi normativ, siyasi və iqtisadi mühit kateqoriyaları üzrə qiymətləndirilmişdir. Bu yaxınlarda Gürcüstanda, Qırğızıstanda, Cənubi Afrika Respublikasında və Türkiyədə olmuş Daq Frans öz məruzəsində mətbuat azadlığının vacibliyini qeyd etmişdir. Məruzəçi bildirmişdir ki, ABŞ-da mətbuat azadlığı renkinqi əvvəlki il ilə müqayisədə bir neçə bənd aşağı düşmüşdür.

“Freedom House”un nümayəndəsi isə qeyd etmişdir ki, keçən il “qismən azad” sayılan 10 ölkənin statusu dəyişərək “qeyri-azad” ölkə hesab edilmişdir. Onun sözlərinə görə, bütövlükdə 2013-cü il mənfi olmuş və bir neçə ölkə, o cümlədən Liviya, Cənubi Sudan, Türkiyə, Ukrayna və Zambiya renkinqdə geriləmişdir.

K.Karlekar brifinqdə Azərbaycanda mətbuatın vəziyyəti məsələsinə toxunmasa da, “Freedom House” Azərbaycana növbəti dəfə mənfi qiymət vermişdir. AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı mətbu nəşrlərin mənfəətinin itirilməsi səbəbindən bir sıra qəzetlərin elektron versiyaya keçməsi faktını qeyd etmiş, nümunə kimi keçən il borclarının yaranması və mənfəətin itirilməsi səbəbindən cəmi 250 milyon dollara satılmış nüfuzlu “Washington Post” qəzetini misal göstərərək, Keren Karlekardan soruşmuşdur: “Freedom House” öz hesabatında ölkənin renkinqini müəyyən edərkən, əhalinin əksəriyyətinin birbaşa və maneəsiz istifadə etmək imkanına malik olduğu internet amilini nəzərə alırmı? K.Karlekar demişdir ki, onun təmsil etdiyi təşkilat yekun qərar çıxararkən bu elementi hökmən nəzərə alır. Layihə direktoru demişdir: “Hər bir ölkə üçün mətbuatdan, yayımdan və internetdən istifadə imkanları olan əhalinin nisbətləri müxtəlif olduğu kimi, informasiya vasitələri kompleksi də müəyyən qədər fərqlidir. Buna görə də biz ölkədə “əhalinin səviyyəsini” və əsas xəbər mənbələrinin yerləşdiyi internetdən istifadə etmək imkanı olub-olmamasını nəzərə alırıq”. Bir sıra ölkələrdə mətbuat azadlığının və internet azadlığının səviyyəsi arasında xeyli fərq olduğunu qeyd edən K.Karlekar demişdir ki, onlar “reytinqləri müəyyən edərkən hər bir ölkənin qiymətini nəzərə alırlar və əksər hallarda ölkələr nisbətən açıq internetin mövcud olmasına görə qəbul edilir”.

AzərTAc-ın xüsusi müxbiri xahiş etmişdir ki, xanım Karlekar “əhalinin səviyyəsi” dedikdə nəyi nəzərdə tutması məsələsinə aydınlıq gətirsin. Xanım K.Karlekar demişdir ki, “Mətbuat azadlığı” layihəsinin terminologiyasında əhalinin səviyyəsi mətbuatın bu və ya digər növündən istifadə etmək imkanı olan əhalinin faizini bildirir. K.Karlekar demişdir: “Beləliklə, məsələn, əgər əhalinin 10 faizinin internetdən istifadə etmək imkanı vardırsa, bu, ölkədə xəbərlərin əsas mənbələrindən biri hesab edilməyəcəkdir, çünki internetdən istifadə etmək imkanı olan vətəndaşlar nisbətən azdır. Lakin əgər ölkə əhalisinin 80 faizinin internetdən müntəzəm istifadə etmək imkanı varsa, bu o deməkdir ki, internet xəbərlərin və informasiyanın ən mühüm mənbəyidir”.

Azərbaycanda internetdən birbaşa istifadə etmək imkanı olanların sayı ölkənin bütün əhalisinin 65-70 faizini təşkil etdiyinə və sosial şəbəkələrin istifadəçilərinin sayı günbəgün artdığına görə (xüsusən, Facebook şəbəkəsinin istifadəçilərinin sayı bir milyonu aşmışdır) və mətbuatla tanış olmaq üçün internetdən istifadə etmək imkanı olan əhalinin say nisbəti barədə xanım Karlekarın izahatını nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, 2013-cü ildə mətbuat azadlığının vəziyyətinə dair hesabatda Azərbaycana qarşı qərəzli mövqe vardır. Yəni Azərbaycanda əhalinin 70 faizi internetdən birbaşa istifadə edə bilir. Bu isə təxminən 6,5 milyon nəfər, yəni əhalinin əksəriyyəti deməkdir. Əgər K.Karlekarın dediyi kimi, bu fakt interneti əhali üçün əsas informasiya mənbəyinə çevirirsə, onda nə üçün “Freedom House” həmin məlumatları öz hesabatına daxil etmir və Azərbaycana mənfi qiymət verir. Bu suala cavab alınmamışdır.

Eyni qayda ilə daha bir suala cavab alınmamışdır: “Freedom House” təşkilatı özünün “Dünyada azadlıq” adlı hesabatında Dağlıq Qarabağda azadlığın hansı növdə olmasını, ümumiyyətlə, nə üçün qiymətləndirir və oradakı separatçı, qeyri-leqal rejimə qiymət verir, özü də Azərbaycanın erməni silahlı dəstələri tərəfindən işğal edilmiş bu regionunu “qismən azad” adlandırır. Bu separatçı rejim və hərbi işğal altında olan ərazi necə “qismən azad” adlandırıla bilər ki, erməni təcavüzü dövründə onun Azərbaycan mənşəli 600 min sakini öz doğma yurdundan qovulmuş və on minlərlə sakin qətlə yetirilmişdir?

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında