Qüdrətli Atatürk Türkiyəsi rəzil Ermənistan qarşısında dizmi çökəcək?

Yaxud soykökü, dili və dini bir olan xalqların münasibətlərində üzüdönüklük nədən qaynaqlanır?
Yəqin ki, hörmətli oxucular bu yazının hər iki sərlövhəsinin sual işarəsi ilə bitməsinin fərqinə vardılar. Yəni biz, şəxsən bu sətirlərin müəllifi on milyonlarla türkün və azərbaycanlının iradəsinin əksinə olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına inanmaq istəməzdik.Ancaq qardaş ölkənin Azərbaycandakı böyük elçisi Hulusi Kılıç avqustun 20-də APA İnformasiya Agentliyinə verdiyi müsahibə ilə bizi inandırdı. Elə bu məqamda sərlövhədəki digər məqamlara da diqqət yetirək. Atatürk Türkiyəsini qüdrətli adlandırmağımız təkcə bizim bu xalqla qardaş, bu dövlətlə müttəfiq olmağımızdan irəli gəlmir. Bu amilin əsas səbəblərindən biri də Türkiyə tarixinə dərindən bələd olmağımızdır.
Ötən əsrin əvvəllərində ən qüdrətli Avropa dövlətlərinin diş qıcartdığı, qılınc çəkdiyi, qurğuşun yağdırdığı gənc müstəqil Türkiyə Cümhuriyyəti heç bir təzyiq, təhdid, hədə-qorxudan çəkinməyərək öz yoluna davam etmişdi. Osmanlı imperiyasının qalıqları arasından güclü Türkiyə Cümhuriyyətinin baş qaldırmasını böyük Mustafa Kamal Atatürkün qətiyyəti təmin etmişdi. Yeni əsrin əvvəllərində isə son yüz ilin ən güclü dövlətlərindən olan Türkiyə rəzil, dilənçi, zəlil, eyni zamanda işğalçı və terrorçu Ermənistan qarşısında diz çökdürülür. Hədsiz dərəcədə üzücü fakt, həqarətli reallıqdır.
Qardaşlararası münasibətlərdə "istisna olaraq dönüklük" ifadəsinə gəlincə isə qeyd edim ki, biz bunu qətiyyən mümkün saymırıq və tam əminliklə, tam qətiyyətlə söyləyirik ki, Türkiyə Cümhuriyyəti ərazisində yaşayan türklər bizim qardaşlarımız, bu dövlətin özü isə Azərbaycanın ən yaxın dostu, ən etibarlı tərəfdaşıdır. Fəqət sayın böyük elçinin APA-ya verdiyi müsahibədə söylədiyi fikirlər bizim üçün inandırıcı olmasa da, dünya ictimaiyyətinə göndərilən mesaj kimi sübut edir ki, qardaşlar arasındakı münasibətlərdə istisna olaraq düşmənçilik... mümkündür: "... Türkiyə - Ermənistan sərhədinin... istisna hal kimi, müvəqqəti olaraq açılması ehtiyat variant kimi dəyərləndirilməkdədir". Cənab səfir söyləyir ki, Ermənistanda keçiriləcək hərbi təlim təbii fəlakətlərə qarşı mübarizə məqsədi daşıyır və humanitar mahiyyətdədir. Onda sual ortaya çıxır - Əcəba, bu sərhədlər nə üçün bağlanmışdı? Cavab qısadır: - Təbiətdəki fəlakətlərdən zərər çəkənlərə yardım üçün yox, cəmiyyətdəki fəlakət və faciələrdən - yəni Ermənistanın işğalçılıq, terrorçuluq, vəhşilik, vandallıq, şərəfsizlik, simasızlıq əməllərinə etiraz olaraq. Elə isə Ermənistan həmin alçaqlıqların hansından əl çəkib? Əlbəttə, heç birindən. Üstəlik, öz himayədarlarının köməyi ilə daha da quduzlaşıb. Bəs elə isə o boyda faciələrin baiskarları öz cavabını almamış təbii fəlakətdən "zərər çəkənlərə yardım" bəhanəsiylə Ermənistana süni nəfəs vermək kimə lazımdır? Təbii ki, bu, türk xalqına və türk dövlətinə qətiyyən lazım deyil. Sadəcə, bir ovuc siyasətçi kiminsə xoşuna gəlmək üçün 70 milyonluq türk xalqının və 50 milyonluq azəri türklərinin heysiyyətini ayaq altına atmağa hazırdır.
Yox, bəylər, heç bir təbii fəlakət, heç bir uydurma və ya həqiqi səbəb Türkiyə rəhbərliyinin ardıcıl olaraq verdiyi vədləri pozmasına bəraət qazandırmır. Ötən il bu məsələ gündəliyə gətiriləndə həm Türkiyədə, həm də Azərbaycanda çox böyük narazılıqlar yarandı, etiraz səsləri qaldırıldı. O zaman Türkiyə rəsmiləri - hətta, ən ali səviyyədə, dönə-dönə bəyan etdilər ki, işğal edilmiş Azərbaycan torpaqları qəsbkar ermənilərdən tamamilə təmizlənməyincə, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Nə oldu, işğalçılar qəsb olunmuş Azərbaycan torpaqlarından rədd olub getdilərmi? Getmədilər. Heç cənab səfirin dediyi kimi, "istisna hal kimi" və ya "müvəqqəti olaraq" da rədd olmadılar. Bəs elə isə nə üçün "istisna hal" kimi sərhədləri açırıq? Yeri gəlmişkən, ötən il Türkiyə-Ermənistan sərhədlərinin açılmasını mümkünsüz sayan siyasətçilərdən biri də cənab Prezident Abdullah Gül idi. Ancaq hörmətli Prezident Bakıya sonuncu səfəri zamanı bu sərhədlərin açılıb-açılmayacağı barədə suala cavab verməkdən yayındı. Yəni, səfir Hulusi Kılıçın "istisna hal olaraq" Azərbaycana qarşı dönüklük, xəyanət ediləcəyi barədə söylədikləri təsadüfi deyil.
Azərbaycan dövləti 17 ildir ki, işğalçı Ermənistanı danışıqlar prosesində konstruktiv mövqeyə gətirmək üçün çoxşaxəli siyasi-diplomatik tədbirlər həyata keçirib. Xüsusən, 2009-cu ildən sonra beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Azərbaycanın mövqelərini daha ciddi şəkildə müdafiə edir, bizim haqq işimizi dəstəkləyirlər. Belə bir zamanda - yəni Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsinə zəmin yarandığı dövrdə şimal qonşumuz, eyni zamanda, dostumuz və strateji müttəfiqimiz olan Rusiya tamamilə çökmüş erməni ordusunu dirçəltməyə cəhd etdi. Ardınca isə qardaş Türkiyə Cümhuriyyətindən ölüm ayağında olan Ermənistan iqtisadiyyatına süni nəfəs verəcək bir addım barədə xəbər gəlir. Azərbaycanın 17 illik zəhmətindən sonra dostlarımız və qardaşlarımız bizə qarşı belə münasibət göstərəcəkdilərsə, bəs onda biz kimə inanaq?
Cənab səfirin avqustun 20-də verdiyi müsahibə və Prezident Abdullah Gülün Bakıda yuxarıda qeyd etdiyimiz sualı cavablandırmaması Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı olaraq etirazla qarşılanır. Politoloqlar, ekspertlər, sadə insanlar açıq şəkildə bəyan edirlər ki, Azərbaycanın milli maraqlarına zidd olan bu addım həm respublikamızda, həm də qardaş Türkiyədə çox ciddi narazılığa səbəb olacaqdır. Azərbaycan ziyalıları Türkiyə rəhbərlərini öz vədlərinə hörmətlə yanaşmağa çağırırlar: "Əks təqdirdə siz təkcə türklərin və azərbaycanlıların deyil, bütün türk dünyasının inamını itirəcəksiniz". Hətta, ictimaiyyət nümayəndələri Türkiyə ilə Ermənistan arasında hansısa məxfi danışıqların getməsindən şübhələnirlər. Ermənilər hələ üç il əvvəl Avropa mətbuatında Türkiyəyə eşitdirmişdilər ki, guya Türkiyənin Ermənistana hansısa güzəştə gedəcəyi təqdirdə (bu məqamda sərhədlərin açılmasından böyük heç bir güzəşt mümkün deyil) İrəvan Türkiyəyə qarşı qaldırdığı iddiaların birindən vaz keçəcək. Həmin iddialar isə əsasən erməni soyqırımının tanınmasını və Türkiyənin bir çox ərazilərinin Ermənistana "qaytarılmasını" özündə əks etdirir. Redaksiyamıza zəng edən politoloq bizdən öyrənmək istəyir ki, Ankara rəsmiləri Türkiyə-Ermənistan sərhədlərini açmaqla ermənilərin hansı iddiasını gündəlikdən çıxarmaq istəyirlər? Biz bu suala cavab verə bilmədik və ona görə də hörmətli politoloqa Türkiyə səfirliyinin ünvanını söylədik. Bəlkə də orada "istisna hal olaraq" bizim politoloq soydaşımıza bir aydın cavab verəcəklər.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında