Azərbaycanı tarixi arzularına qovuşduran fenomenal şəxsiyyət

 

 

 

Möhtəşəm tarixi hadisənin – Azərbaycanın böyük oğlu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənələrinin astanasındayıq. Bu gün ulu öndəri tanıyan hər bir insan onun ölməz şəxsiyyətinin əzəməti barədə fikir yürütməyə mənəvi ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana, bütün mənalı ömrünü yalnız insanlığa xidmət etməyə həsr etmişdi!

 Bu böyük insan haqqında deyilən sözlər, söylənilən fikirlər ifadə üslubuna görə fərqlənsə də, məzmunu ilə Heydər Əliyev şəxsiyyətinin dahiliyini ən müxtəlif tərəflərdən ifadə edir. Onun böyüklüyünü hər birimiz illər keçdikcə daha dərindən dərk edirik. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz və işıqlı obrazı yaşayır. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin yaradıcısı və idarəedicisi ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümül fəaliyyətini əhatə etməkdə acizdir.

Biz bu gün Azərbaycan tarixində yeni bir era yaratmış ulu öndər haqqında danışarkən, adətən, onu ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz və şərhsiz olaraq belədir. Lakin əlavə etməyə ehtiyac duyulur ki, Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqlarının, istərsə də digər yaxın-uzaq xalqların tarixində mühüm rol oynamış, onların həyatına təsir edəcək proseslərə rəvac vermiş və imza atmış bir şəxsiyyətdir.

Digər  tərəfdən, Azərbaycan tarixinin Heydər Əliyev dövrü də təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması kimi bir anlama uyğun gəlir. Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaratmışdır. Bu nadir tarixi dühanın bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan onun milli tariximizdə unudulmaz və əbədi iz qoyduğunun parlaq nümunəsidir. Şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı əbədi həkk olmuşdur.

Heç də təsadüfi deyil ki, xalqların dünya miqyasındakı yeri qeyri-adi idarəçilik keyfiyyətləri, mütərəqqi ideyaları, mürəkkəb siyasi şəraitdə məsuliyyəti öz üzərinə götürmək bacarığı ilə fərqlənən dahi şəxsiyyətlərin tarixi missiyası ilə birbaşa bağlıdır. Məhz belə şəxsiyyətlər xalqının ən ümdə istək və arzularının gerçəkləşməsində müstəsna rol oynayırlar. Azərbaycanda belə bir fövqəladə missiyanı Heydər Əliyev həyata keçirərək, dünyanın ən qüdrətli siyasi xadimləri ilə bir sırada dayanmaq haqqı qazanmışdır.

Bu görkəmli dövlət xadimi tarixi irs və milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla, XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu misilsiz xidmətləri sayəsində Heydər Əliyev öz xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. Heydər Əliyev zamanın ərsəyə gətirdiyi lider olmaqdan əlavə, həm də qeyri-adi istedadı və yaddaşı, universal biliyi, mahir liderlik keyfiyyətləri ilə seçilən nadir şəxsiyyətdir. Tarix isə belə dahi insanları unutmur.

Ulu öndər Heydər Əliyev 34 ildən  artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.

Həyatımız durmadan inkişaf edir, bir nəsil digər nəsli əvəz edir, cəmiyyətdə yeni fikri və düşüncələr meydana gəlir. Lakin dəyişməyən bir anlam var. Təkzibolunmaz həqiqət bundan ibarətdir ki, Heydər  Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanmışdır. Haqqında danışdığım bu ecazkar hadisənin səbəblərini araşdırmağa çalışsam, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini vurğulamaq lazım gələr. Əslində, bu tarixi Heydər Əliyev özü yaradıb desəm, yenə də yanılmaram.

İnsanlar Heydər Əliyevi həm də ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa əlaqədardır. Əgər 70-80-ci illərdə Azərbaycanın intibahı fonunda insanların həyatının müsbət irəliləyişlərə doğru günbəgün dəyişməsini orta və yaşlı nəsillər unutmayıbsa, eynilə də 20 il əvvəl ölkənin fəlakət girdabından çıxarılmasını, əmin-amanlığın bərqərar edilməsini, yüksək tərəqqiyə gətirib çıxaran islahatların həyata keçirilməsini hər kəs yaxşı xatırlayır. Heydər Əliyev hər bir azərbaycanlı üçün onun fərdi həyatını dəyişdirən dahi şəxsiyyət olaraq qavranılır və dəyərləndirilir.

Heydər Əliyev həm də insanların qəlbində ona görə yaşayır və əbədi olaraq yaşayacaq ki, o, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, onun güc və qüdrət mənbəyinə çevrilib. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz arzu və istəklərinin təcəssümünü görüb. İndi isə ulu öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur.

Tarixə möhür vurmuş böyük şəxsiyyətlər, ilk növbədə, insanlar üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuş və ictimai inam qazanmışlar. Xalqların tarixən formalaşan maraq və mənafeyini maksimum dərəcədə özündə ehtiva edən bu ideyalar, eyni zamanda, onların perspektiv milli inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir. Həqiqi azadlığa zəmin yaradan iqtisadi müstəqillik də məhz belə fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanmışdır.

XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət – ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənəyə uyğun olaraq gerçəkləşdirmiş dahi strateq kimi xalqımızın əbədi və tükənməz sevgisini qazanmışdır. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş tariximizdə yerini və rolunu daha dərindən başa düşmək, həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı vermişdir. Bu qiymətləndirmə fonunda bir həqiqət istisnasız qəbul olunur ki, Azərbaycanın müstəqillik illərində sosial-iqtisadi, elmi-təcrübi və mədəni-humanitar sahələrdə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi dövündə  müdrikliklə formalaşdırdığı zəngin resurslardan qaynaqlanır.

Məhz bu dövrdə ulu öndər Heydər Əliyev respublikanın keçmiş ittifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq, belə vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları səfərbər etməklə, tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına nail olmuşdur. Bu dahi insan respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanları, çatışmamazlıqları həll etmişdir.

Ümummilli lider olaraq o, respublikanın siyasi rəhbərliyinin birliyinə nail olmaqla yanaşı, kadrların milliləşdirilməsinə, azərbaycanlıların, xüsusilə gənclərin bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır. Həqiqi xalq lideri olan Heydər Əliyev dövlət strukturlarında azərbaycanlıların xüsusi çəkisinin artmasını təmin etmiş, onların yüksək idarəçilik keyfiyyətləri əxz etməsi üçün zəruri tədbirlər həyata keçirmiş, öz təcrübəsi ilə canlı məktəbə çevrilmişdir.

Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olunmuş, bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası  hələ o zaman formalaşdırılmışdır.

Böyük strateq həmin dövrdə özünün dövlət idarəçiliyi proqramında mədəni və mənəvi intibahı iqtisadiyyatda və sənayedəki uğurlarla tamamlayaraq daha da   sürətləndirmişdir. Məhz Heydər Əliyevin rəhbərliyə başlaması ilə sovetlər dövrünün son onilliklərində Azərbaycan cəmiyyəti milli şüurun formalaşması baxımından daha fəal, məhsuldar mərhələyə qədəm qoymuş, bu dahi insanın təşəbbüsləri ilə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirilmişdir. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib-itməməsi üçün əlindən gələni etmişdir. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkmiş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmışdır.

Məhz o dövrdə milli və mənəvi dəyərlərin qorunub-saxlanılmasında, dövlətçilik ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində sonradan xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait formalaşmışdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrilmişdir.

Xalqımızın böyük oğlu keçmiş Sovet dövlətinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə öz yurdunun taleyi  ilə bağlı məsələlərdə qətiyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi sərgiləmişdir.

XX əsrin 80-ci illərinin sonunda SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşdu. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycan Respublikası ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibəti ilə üzləşdi. Ancaq  bu dəfə xalqımızın xoşbəxtliyi onda idi ki, artıq onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında  xalq onu yüksəklərə qaldırmış oğlunun arxasında idi.

Böyük xilaskarın dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Ümummilli lider kimi o, Azərbaycanı labüd fəlakətlərdən qurtarmış, ölkəmizi çevriliş, qiyam cəhdlərindən  qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etmiş, soydaşlarını  sabitliyə, firavanlığa qovuşdurmuşdur. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, həqiqi suverenliyi deklorativ müstəqillik aktı və bəyanatlar çevrəsindən çıxarmışdır.

 Həmin dövrdə dövlər başçısı kimi Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlamışdır. Bütün bunlar isə Azərbaycana öz maraqları çərçivəsindən yanaşanların məkrli niyyətlərinin üstündən birdəfəlik qələm çəkmişdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi-siyasi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır.

Böyük siyasət və dövlət xadimi olan Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk konstitusiyası isə ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi əsaslandırmışdır. Məhz bundan sonra ölkəmiz vahid Avropa ailəsinə daxil olmuş, Azərbaycan müstəqil siyasət yeridən ölkə kimi özünü bütün dünyaya təqdim etmişdir.

Prezident Heydər Əliyev bu mərhələdə respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük rəhbərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik amili bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir.

Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və cəmiyyətin inkişafına uyğun olaraq getdikcə ictimai şüur bu gerçəkliyi tam şəkildə mənimsəyib rəhbər tutur.

Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə gerçəkləşmişdir. Bütün ruhu, canı ilə mükəmməl azərbaycanlı timsalına çevrilən ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür.

Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.

Xalqımızın milli-mənəvi dəyərlərini özündə cəmləşdirən, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən bu ideologiya ölkənin milli birliyi üçün uğurlu təməl rolunu oynayır.

 Ümumilikdə, yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirmişdir. Respublikanın son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyevin formalaşdırdığı möhkəm təmələ əsaslanır. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tərəqqi yolundadır. Bu modelin üstün cəhətləri beynəlxalq maliyyə qurumlarında dəfələrlə təqdir və təsdiq olunmuşdur.

Azərbaycan xalqının mütləq lideri olmuş Heydər Əliyev bir çox siyasi xadimlərin həsəd apara biləcəyi fitri idarəçilik qabiliyyəti, müasir dünyanın ən aktual çağırışlarını cavablandırmaq bacarığı ilə milli dövlətçilik tariximizin əbədiyaşar simasına çevrilmişdir.

Bu nadir şəxsiyyət özündən sonra gələn nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur.

Ümummilli lider Heydər Əliyev çağdaş Azərbaycan tarixində taleyüklü hadisələrlə zəngin böyük bir dövrdür. Həyat göstərir ki, Heydər Əliyevin adı, ideya və əməlləri ilə bağlı bu dövr uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin formalaşdırdığı böyük siyasətin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarından, xalqın Prezidentə etimadının və dəstəyinin əzəmətindən qaynaqlanır. Ölkəmizin yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da  möhkəmləndirməsi, həqiqətən, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Ulu öndərin yaratdığı müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza, mənəvi xəzinə rolunu oynayır. Ümummilli liderin mənəvi-siyasi irsinin  ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Milli tariximizin ən möhtəşəm azərbaycanlısı Heydər Əliyevin ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.

Bütün ölkə vətəndaşları və dünya azərbaycanlıları qəlbən inanırlar ki, 91 il əvvəl dünyaya göz açmış və şüurlu həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirmiş Heydər Əliyevin dühası işığında doğma Azərbaycanımız həmişə irəliyə və yüksəlişə doğru gedəcəkdir.

 

Asif ƏSGƏROV,

Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında