Ekspertlər beynəlxalq təşkilatların ikili standart siyasətini tənqid edirlər

 

 

 

İyirmi ildən çoxdur ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sərgilədiyi işğalçı siyasət, qeyri-konstruktiv mövqe qarşısında Qərb ölkələrinin və beynəlxalq qurumların Azərbaycana verdikləri boş vədlər ikili standartların hələ də davam etdiyini sübut edir. Bu ədalətsiz siyasətlə əlaqədar bir sıra tanınmış ekspertlərin fikirlərini öyrəndik.

Məzahir Əfəndiyev,

BMT-nin Bakı ofisinin proqramlar meneceri:

– Belə vəziyyət, dünyanın ən qaynar nöqtələrindən biri olan Cənubi Qafqazda vəziyyətin ağırlaşmasına təsir göstərən amildir. Əslində, beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ problemi o qədər qəliz məsələ deyil. Bütün sənədlərdə birmənalı şəkildə təsdiq olunub ki, erməni silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Lakin bu, mötəbər qurumların qərar və qətnamələrində öz əksini tapsa da, ortada konkret iş, əməli nəticə yoxdur, işğalçı dövlətə qarşı ən adi sanksiya belə tətbiq edilməyib. Və bu vəziyyətdən də Ermənistan dövləti sui-istifadə edir. Heç şübhəsiz ki, beynəlxalq hüquq normalarını rəhbər tutaraq Azərbaycan dövləti bu problemi bundan sonra ATƏT-in Minsk qrupundan daha yüksəyə – BMT Təhlükəsizlik Şurası səviyyəsinə qaldırmalıdır. Əslində müəyyən vaxtlarda bu məsələlər qaldırılmışdır. Amma artıq bir az da ciddi formada bu məsələnin üzərinə getməyin vaxtı gəlib çatmışdır.

Digər tərəfdən də, ikili standartların olması danılmaz faktdır. Xüsusilə Azərbaycanın həm müsəlman ölkəsi olması, həm də bu gün regionun lider dövlətinə çevrilməsi bizim bəzi “dostlarımızı” narahat edir. Onlar bir növ əllərindən gələni edirlər ki, biz bu münaqişənin həllində qazanan tərəf olmayaq. Heç şübhəsiz ki, burada digər maraqlar da var. Elə dövlətlər var ki, Dağlıq Qarabağ ərazisində istər separatçılığın, istər terrorizmin, narkotik alış-verişinin yayılmasında hətta narkotiklərin qeyri-qanuni kultivaziyası məsələlərində maraqları var. Bu kimi qeyri-qanuni iqtisadi-maliyyə maraqlarının olması da münaqişənin sülh yolu ilə həllinə maneçilik törədən amillərdəndir. Buna dünya ictimaiyyəti, sözsüz ki, öz sərt münasibətini bildirməlidir. Lakin qeyd edim ki, bu gün ABŞ-ın Suriya, İraq kimi məsələlərdə başının qarışıq olması, Avropa Birliyinin Ukrayna və Suriya hadisələrində göstərdiyi aktiv siyasi gedişlər, Rusiyanın həmçinin istər postsovet ölkələrində ki, dəyişilməz maraqları, istərsə də hazırda dünya siyasətində həlledici faktorlardan biri olması onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ya bu qütblərin iştirakı ilə, ya da silah gücünə həll olunmalıdır. Yəni, sözün həqiqi mənasında, dünyanın başı qarşıqdır. Biz sülh yolunu seçmişik və yetərincə səbr nümayiş etdiririk. Lakin nəticə budur ki, bu prizmadan yanaşdıqda, Dağlıq Qarabağ probleminin Minsk qrupu çərçivəsində həlli yaxın perspektivdə görünmür. Buna görə də Azərbaycan dövlətinin bu münaqişənin həllində olan dəyişilməz maraqları istənilən yolla öz həllini tapmalıdır. Nəzərə alsaq ki, bu gün qloballaşmanın təsiri var və dünyanın hegemon dövlətləri xəritəni öz xeyirlərinə dəyişmək istəklərini gizlətmirlər. Son Suriya və Ukrayna hadisələri də buna əyani sübutdur. Bu hadisələr xəbər verir ki, yaxın perspektivdə dünyada gözlənilməz ərazi dəyişiklikləri ola bilər. Bu proseslər bizim işğal olunmuş torpaqlarımızın geri qaytarılması məsələsini ardıcıl olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmağı sürətləndirməmizi zəruri edir. Dünyadakı gərgin siyasi vəziyyət bunu bizdən belə tələb edir. Düşünürəm ki, istər ATƏT çərçivəsində, istərsə də BMT daxilində bu münaqişə daha yüksək kollegial qurum tərəfindən idarə olunmalıdır.

Əkbər Qoşalı, yazıçı-publisist, Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının sədri:

— “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan, əslində isə Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktına, başqa sözlə, bu ölkənin Azərbaycana qarşı elan olunmamış müharibəsinə münasibətdə Qərbin yürütdüyü ikili standartlar, çox təəssüf ki, günümüzdə də davam etməkdədir.

Baxın, Ukraynanın bir parçası olan Krımla bağlı Rusiya kimi böyük bir dünya gücünə sanksiyalar tətbiq edən Avropa Qarabağ məsələsi gələndə, kiçik Ermənistandan sanki çəkinirmiş, ehtiyat edirmiş kimi davranır. El sözü ilə desək, “gah nala gah da mıxa vurur”... Bu, necə demokratik dünyadır ?

 Bir daha əmin oluruq ki, bizim nicatımız milli birlikdə, dövlət-xalq birliyindədir! Avropada, Qərbdə, Şimalda, Cənubda nicat axtaranların xəyalları puç olacaq. Biz Azərbaycan olaraq, Türk dünyası olaraq güclənməliyik. Möhtərəm Prezidentimizin Azərbaycanın haqlı mövqeyi, tarixi haqları, ilbəil artan iqtisadi qüdrəti ilə bağlı, Nazirlər Kabinetinin son toplantısında səsləndirdiyi fikirlər, gətirdiyi faktlar hər bir vətəndaşımızda qürur hissi yaradır. Bu qürur hissi, eyni zamanda, inamımızı daha da gücləndirir ki, biz nəinki Qarabağa, zaman-zaman tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, İrəvan və başqa yurdlarımıza, mahallarımıza da qayıdacağıq!..

Bax, bu anlamda, Qərbin ikili standartlarına biz artıq öyrəşmişik. Ancaq onlar nə nə zamansa fərqinə varacaqlar ki, bu standartlar yalnız ondan əziyət çəkənlərə deyil, çox da uzaq olmayan gələcəkdə özlərinə də problem yaradacaq... Dünya yalnız Qərbdən, Avropadan ibarət deyil... Ölkələr yalnız beynəlxalq münasibətlər sistemini düşünmür... İstər-iztəməz, daxili dəyərləndirmələrin aparılması; xalqın Vətənin müdafiəsi işinə hazırlanması; başqa məkanların, başqa geopolitik konfiqurasiyaların aranması, qurulması və s. işlər stimullaşdırılmış olur... Mən bunu sırf Azərbaycan timsalında demirəm, ümumən belə bir nümunə mövcuddur...

Vüsalə Hüseyinli, Demokratik İslahatçı Gənclər Birliyinin sədri:

— Qərb ölkələri, beynəlxalq birlikləri və təşkilatları həmişə bəyanatlarında insan hüquq və azadlıqlarından, sərhədlərin toxunulmazlığından, ölkələrin ərazi bütövlüyünə hörmətin vacibliyindən ağız dolusu danışırlar. Lakin baxın, onlar Əfqanıstana, İraqa, Liviyaya bu adla gəldilər. Bu prinsiplərin bərpası üçün. Lakin əvəzində nə oldu? Adını çəkdiyimiz dövlətlər daha pis, daha acınacaqlı vəziyyətə düşdülər. Hazırda bu ölkələrin sosial rifah və mədəni səviyyəsində gördüyümüz dəhşətli gerilik bunun əyani sübutu deyilmi ? İndi də Ukrayna bölünür. Qərb dövlətləri Krım problrmində Rusiyanın sanki üstünə getmiş kimi üç-beş kəskin bəyanat verməklə məsələnin bitdiyini zənn edirlər. Bir tərəfdən Ukraynaya kömək edəcəklərini bildirirlər, digər tərəfdən Rusiyanın üstünə siyasi bəyanatlarla həmlələr edir, başqa bir tərəfdən isə prosesləri sadəcə seyrçi kimi izləməyi daha məqsədəuyğun hesab edirlər. Burada isə artıq bir neçə üzlü siyasət, ikili deyil, hətta üçlü... standart siyasət sərgilənir. Uzun illərdir ki, Azərbaycanı da bu kimi istiqaməti bəlli olmayan riyakar siyasətlə arxayın salmışlar və ölkəmizi konkret addımlar atmaqdan çəkindirmiş, özləri də bunun əvəzində Ermənistana heç bir kiçik sanksiya belə tətbiq etməmişlər. Budurmu Qərb demokratiyası, Avropa ədaləti? Tarixən Avropa bu kimi oyunlarla öz məqsədlərini həyata keçirməyə çalışmışdır. Təəssüf ki, zaman keçmiş, lakin bu kurs dəyişməmişdir. Tarixən necə idisə, indi də o cürdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir... Biz isə bununla heç vaxt barışmayacağıq.

 Anar TURAN,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında