Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Heydər Əliyevin rolu

 

 

 

Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılmasında və nüfuzlu qurumlarla əməkdaşlığı genişləndirməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsinin, əməkdaşlığın genişləndirilməsinin və reytinqinin getdikcə artmasının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanın müstəqillik tarixi dövründə unudulmaz siyasi hadisəyə çevrilmiş BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməyimiz , bu seçkilərdə 155 dövlətdən dəstək almağımız və iki dəfə bu nüfuzlu quruma sədrlik etməyimiz də böyük siyasi xadim Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu siyasi strategiyanın məntiqi davamıdır.

 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda vətəndaş sülhünün və siyasi sabitliyin təmin olunmasına, hüquqi dövlət quruculuğu istiqamətində praktik addımların gerçəkləşdirilməsinə, genişmiqyaslı islahatların aparılmasına və beynəlxalq ictimaiyyətlə əlaqələrin qurulmasına inam yarandı. Ölkəyə  rəhbərlik dövlət idarəçiliyində zəngin təcrübəsi olan qüdrətli  şəxsiyyət Heydər Əliyevin üzərinə düşəndən dərhal sonra o, dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşdirilməsində aparıcı rol oynayan dövlətlərlə və  nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi prioritet vəzifə kimi qarşıya qoydu. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizdə möhkəm təməllər üzərində ictimai-siyasi sabitliyin təmin olunması, qəbul edilən qanunların dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunması istiqamətində qanunvericilik bazasının yaradılması və mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi Azərbaycanın mötəbər beynəlxalq təşkilatlara üzvlük  məsələsində real addımlar atmasına imkan yaradırdı.

 Heydər Əliyev ölkəmizin gələcək xarici siyasətinin formalaşdırılması ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verərkən demişdir:"Xarici siyasətimiz sülhsevərdir. Azərbaycanın daha geniş tanınmasına xidmət edir. Xarici siyasət ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir".

Hər bir dövlətin milli maraqlarının və təhlükəsizliyinin qorunmasında, regional münaqişələrin və mübahisələrin dinc yolla nizamlanmasında, ərazi bütövlüyünün qorunmasında beynəlxalq hüquq normalarına söykənən, habelə, bu normaların təminatçısı rolunu yerinə yetirən mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə yaratması və həmin təşkilatlara üzv olması mühüm vəzifələrdən biridir. Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq inteqrasiya fonunda Azərbaycan kimi gənc bir dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsi o zaman  çox çətin idi.  Buna  görə də ilk növbədə respublikamızın müstəqil  bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili xə xarici siyasətinin xarakteri  və prioritetləri müəyyən edilməli idi. Belə çətin və mürəkkəb bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin və beynəlxalq  münasibətlər sistemində təmsilçiliyinin strateji  və cari vəzifələri, xarici aləmlə əlaqələrin prioritetləri müəyyən edildi.

 Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası əsas vəzifələrdən biri  hesab olunurdu. Çünki bu münasibətlərin əsasını dövlətlərarası qarşılıqlı siyasi  və diplomatik əlaqələr təşkil edirdi. Bununla yanaşı, beynəlxalq təşkilatlarla  qarşılıqlı əlaqələr qurmaq digər dövlətlərlə çoxşaxəli siyasi, iqtisadi, elmi - mədəni və humanitar əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə, ölkədə baş verən proseslər haqqında obyektiv beynəlxalq ictimai rəy formalaşdırılmasına əsaslı təsir göstərmək baxımından böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş  Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlər sisteminə inteqrasiyası prioritet vəzifələrdən birini təşkil edirdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünya miqyasında tanıtmaq, ölkəmizin milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin, incəsənətimizin geniş miqyasda təbliği üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi, mötəbər qurumlara üzv olmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Ulu öndərin fəaliyyəti sayəsində bu əlaqələr getdikcə genişlənir və möhkəmlənirdi. BMT, ATƏT, NATO və 55 müsəlman dövlətini öz sıralarında birləşdirən İslam Konfransı Təşkilatı kimi qurumlarla əməkdaşlıq keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdu. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti yaranmış münaqişənin sülh yolu ilə nizamlanması, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmaq üçün beynəlxalq təşkilatların rolundan yararlanmağa böyük üstünlük verirdi. Bu mənada BMT, ATƏT, İslam Konfransı Təşkilatı ilə yanaşı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Parlamentlərarası İttifaq, NATO və digər nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yarandı.

1994 - cü il sentyabrın 20 - də “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və  informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalandı. Bu da Heydər Əliyevin uzaqgörən siyasətinin, müdrikliyinin nəticəsi idi. Həmin dövrdə Azərbaycan haqqında dünyada bir o qədər də təsəvvür yox idi. Respublikamız haqqında yalnız mənfi rəy formalaşmışdı. Belə gərgin bir şəraitdə ulu öndər Heydər Əliyevin  dünyanın inkişaf  etmiş qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq olması çox böyük siyasi hadisə idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində ictimai - siyasi sabitliyin bərqərar olunması, həm də müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiya etməsində müstəsna rol oynadı. Heydər Əliyevin də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər hələ yazacaqlar.

Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasından söhbət açarkən dünyada nüfuzlu təşkilat kimi tanınan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı və bu quruma üzvlüyü xüsusi qeyd edilməlidir. Çünki BMT - nin çoxşaxəli fəaliyyəti onun beynəlxalq münasibətlər sistemində aparıcı yer tutmasını şərtləndirən mühüm amildir. Bu nüfuzlu təşkilat dünyada sülhün möhkəmləndirilməsi  üçün müvafiq hüquq və qərarlar sisteminə malikdir. Onların sırasına insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, münaqişələrin aradan qaldırılması üçün preventiv addımların atılması,  sülhyaratma  əməliyyatlarının keçirilməsi, demokratiyanın müdafiəsi və lazım gəldikdə seçkilərin keçirilməsinə kömək, humanitar aksiyalar, qaçqınların öz doğma  yerlərinə qaytarılması, sosial - iqtisadi infrastrukturun inkişafının təmin edilməsi... daxildir.

 Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın BMT ilə əməkdaşlığı getdikcə möhkəmlənmişdir. BMT-nin sabiq  Baş katibi  Butros Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri bu əlaqələrin davamlı olmasında mühüm rol  oynamışdır. Azərbaycanın ictimai-siyasi  və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün  BMT-nin  müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.

Ölkəmiz  BMT Baş Assambleyasının çərçivəsində də fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə Assambleyanın 49-cu və 50-ci sessiyalarında ümummilli lider Heydər Əliyev Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Həm 1995-ci ilin oktyabrında Baş Assambleyanın 50-ci sessiyasında, həm də BMT-nin Minillik Zirvə Toplantısında çıxış edən ümummilli lider Heydər Əliyev qloballaşma mövzusuna toxunmuş, qloballaşmanın müsbət inkişafı, həmçinin Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasının əhəmiyyətini qeyd etmişdir. Bu təşkilatla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin bu gün də yüksək səviyyədə olması Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq münasibətlər sistemində ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirməsinin məntiqi nəticəsidir.

Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri getdikcə genişlənmiş və möhkəmlənmişdir. 2001 – ci il yanvarın 26 – da  Azərbaycan Respublikası Avropanın  və bütövlükdə, dünyanın ən mötəbər təşkilatlarından biri olan Avropa Şurasına üzv qəbul edildi. Bununla da Azərbaycan dünyanın inkişaf etmiş aparıcı demokratik dövlətləri ailəsinin bərabərhüquqlu üzvü oldu. Bu, yalnız tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda demokratiya  və hüquqi dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemində ölkəmizin əlaqələrinin genişlənməsi istiqamətində atdığı addımların sayəsində mümkün oldu.

Məhz ulu öndərin müstəsna xidmətləri və Azərbaycana olan sonsuz məhəbbətinin nəticəsidir ki, hazırda ölkəmiz dünyada sivil, demokratik, qanunun hakim olduğu inkişaf etmiş bir dövlət, azad cəmiyyət kimi qəbul edilir. Ulu öndərin siyasi xəttinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəldir. Azərbaycan  dünyanın nüfuzlu təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib. Hzırda ölkəmiz kosmik ailənin üzvüdür. Beynəlxalq münasibətlər sistemindəki əməkdaşlığımız artıq yeni mərhələyə qədəm qoyub.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında