Məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

 

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 22-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşmüşdür.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a məlumat verilmişdir.

Əsasən qaçqın və məcburi köçkünlərlə bağlı gələcək əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüşdə Baş nazirin müavini Əli Həsənov Koreya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmışdır. Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulamış, hökumətlərarası münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirmişdir.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, bu problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Komitə sədri dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirmişdir.

Əli Həsənov demişdir: “Düzdür, son illər ölkəmizin iqtisadi inkişafı Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürməsinə imkan yaratmışdır. Son 20 ildə bu sahəyə 5,4 milyard dollar həcmində vəsait xərclənmişdir. Bu günədək Dövlət Neft Fondunun vəsaiti hesabına bütün sosial-texniki infrastruktur ilə birlikdə 82 müasir qəsəbə salınmış, 180 min nəfərdən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Lakin münaqişə hələ də özünün ədalətli həllini tapmadığından məcburi köçkünlərimizin çoxu bu gün də ağır şəraitdə yaşamaqdadır”.  

Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən səfir Çoi Suk İn hələ ötən il Ağcabədi rayonu ərazisində məskunlaşan məcburi köçkünlərlə görüşünü, oradakı müasir qəsəbələrlə, yaradılan hərtərəfli şəraitlə tanışlığını xatırladaraq qeyd etmişdir ki, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlər onda böyük məmnunluq hissi doğurmuşdur. Diplomat bütün bunlara rəğmən Koreya Respublikasının ölkəmizdəki səfirliyində məcburi köçkünlərin problemlərinin həllinə az da olsa kömək göstərmək məqsədilə məcburi köçkün məktəblərində müxtəlif müsabiqələr təşkil etmək, onları mükafatlandırmaq kimi layihələr həyata keçirmək qərarına gəldiklərini, bununla bağlı Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə də razılaşmalar əldə etdiklərini bildirmişdir.

Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi

və digər maraq doğuran məsələlər də müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında