Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fonduna BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsi ilə əlaqədar tədbir keçirilmişdir

 

 

Aprelin 22-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunun verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, QHT-lərin təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

BMT-nin sabiq layihə koordinatoru Lütfi Kəbirin moderatorluğu ilə keçirilən tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.

BMT-nin İqtisadi-Sosial Şurasında BAMF-ın əldə etdiyi statusun ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu bildirən A.Quliyev ötən illər ərzində QHT-lərin öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirdiyini qeyd etmişdir.

Azərbaycanda QHT-lərin fəaliyyəti üçün hökumətimiz tərəfindən hər cür şəraitin yaradıldığını diqqətə çatdıran Azay Quliyev Prezident İlham Əliyevə ölkəmizdə vətəndaş cəmiyyətlərinin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Daha sonra çıxış edən BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek ölkəmizin BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu söyləmişdir.

Bu uğur münasibətilə BAMF-ın əməkdaşlarını təbrik edən A.Broek bu cür nailiyyətlərin BMT-nin qurumlarının Azərbaycanda digər QHT-lər ilə əməkdaşlıq əlaqələrinin qurmasına zəmin yaradacağını xüsusilə vurğulayaraq demişdir: “Azərbaycanın BMT ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycanda sürətli inkişaf prosesi gedir. İnanıram ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə BMT-nin əməkdaşlığı gələcəkdə də uğurlu olacaqdır. Əməkdaşlıq edəcəyimiz sahələr genişdir. Birgə fəaliyyətimiz Azərbaycanın əsas milli prioritetlərinə və problemlərin həllinə yönəlməlidir. Minilliyin İnkişaf Məqsədləri, dayanıqlı inkişaf, 2015-ci ildən sonrakı dövr üçün ortaya çıxan əsas istiqamətlər və digər proqramlar üzərində birgə işləyə bilərik. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ən vacib və uzunmüddətli proqramlardan biridir. Bu proqramı reallaşdırmaq üçün Azərbaycanda möhkəm baza yaradılmışdır. Son illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişlərə nail olunmuşdur".

Daha sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək demokratik, hüquqi dövlətdə vətəndaş cəmiyyətinin rolunun əvəzsiz olduğunu bildirmişdir.

Ə.Hüseynli hakimiyyət orqanlarının hər hansı hadisəyə çevik reaksiya verməsini Azərbaycanda vətəndaş cəmiyyəti inkişafının göstəricisi olduğunu söyləmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun əldə etdiyi yüksək statusun milli QHT-lərin mötəbər təşkilatlarda təmsil olunmasına yol açacağını bildirən Milli Məclisin komitə sədri son dövrdə qeyri-hökumət təşkilatları ilə bağlı qanuna edilən dəyişiklərin beynəlxalq donorlarla əməkdaşlıq üçün şəffaf mexanizmlərin yaratdığını və bunun vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyini söyləmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxış edərək dövlət-vətəndaş cəmiyyəti münasibətlərindən söhbət açmışdır. Vurğulanmışdır ki, Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir. Hər bir vətəndaş cəmiyyəti institutunun uğur qazanması üçün əsas cəhət onların ölkə daxilində əldə etdiyi nailiyyətlər və beynəlxalq təşkilatlarda təmsil olunması məsələləridir. Bu baxımdan Beynəlxalq Avrasiya Mətbuat Fondu hər iki sahədə yaxşı nəticələr əldə etmişdir. Fondun əldə etdiyi bu uğur ölkə daxilində vətəndaş cəmiyyəti institutları, eyni zamanda, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu rəhbərlik etdiyi qurumun BMT-nin İqtisadi-Sosial Şurasının yüksək məşvərətçi statusunu almasından məmnunluğunu dilə gətirmişdir.

BAMF-ın beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirən Umud Rəhimoğlu qurumun şəffaf vətəndaş cəmiyyəti təşkilatı kimi formalaşdığını vurğulayaraq bu uğurun böyük məsuliyyət yaratdığını, gələcəkdə də davamlılığına ümidvar olduğunu söyləmişdir. 

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi-Sosial Şurasına ən yüksək məşvərətçi statusu qazanması münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən fəxri fərmanla təltif edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında