Zahid ORUC: Biz ərazimizdə işğalçını görürük, başqa dairələr isə siyasi jestlərini bildirmək üçün “kart” görürlər

 

 

 

Bu gün beynəlxalq münasibətlər sistemində baş verən proseslərə, xüsusilə, münaqişələrin həlli istiqamətində atılan addımlara nəzər saldıqda görürük ki, ikili standartla yanaşma hələ də qüvvədədir və bu cür baxış problemlərin həllini sürətləndirməkdənsə, daha da qəlizləşdirir.

Münaqişələrin həllinə bu cür yanaşma həm beynəlxalq təşkilatların, həm də böyük dövlətlərin xarici siyasətində özünü aydın şəkildə büruzə verir. Maraqlıdır, Serbiya- Kosova münaqişəsində, Yaxın Şərqdə 2011-ci ildən etibarən cərəyan edən hadisələrdə Qərbin xüsusi təyinatlı institutları və dövlətləri qəti mövqe nümayiş etdirməkdən nəinki çəkinmədilər, hələ üstəlik, Liviyaya hərbi müdaxilə də etdilər. Suriya hadisələrində, son bir neçə ayda isə Ukraynada baş verən siyasi proseslərdə Avropanın ən böyük təşkilatları və ABŞ başda olmaqla bir sıra dövlətlər konkret mövqe ortaya qoydular. Krımda baş verən hadisələri Rusiyanın bu ərazini ilhaqı kimi qiymətləndirdilər və bu gün dünyanın ərazicə ən böyük dövlətinə qarşı geniş planda sanksiyalar tətbiq edirlər.

Bəs nə üçün Qərb dövlətləri 20 ildən artıqdır ki, Ermənistanın işğalına məruz qalan Azərbaycan torpaqları, bu qəsbkarlıq nəticəsində öz torpaqlarından qaçqın düşmüş milyondan artıq vətəndaşımız barədə həlledici addımlar atmaq əvəzinə, hələ də ikili standartları davam etdirirlər ? Bir halda ki, Ermənistan hələ də beynəlxalq hüququn prinsipləri və BMT-nin qəbul etdiyi qətnamələri nəinki ciddi qəbul etmir, ümumiyyətlə vecinə almır, bəs onda Qərb dövlətlərinin, beynəlxalq təşkilatların yürütdüyü ikili standart siyasəti hansı anlamı verir?

Milli Məclisin deputatı Zahid Oruc bu məsələ ilə bağlı suallarımızı cavablandırarkən demişdir:

– Bizim BMT-dən, ATƏT-dən istədiklərimiz məgər onun qəbul etdiyi prinsiplər kənarındadır və yaxud 1975-ci ildə qəbul edilən Helsinki Aktı məgər bu böyük məkanda sülhü, təhlükəsizliyi, ərazi bütövlüyünü bərpa etmək istəmirmi? Məgər biz doğrudanmı dünyada çox iddialı görünürük və çox böyük şeylər istəyirik ? Ukrayna məsələsində Qərb çox fəal şəkildə bu ölkədə baş verən hadisələrə nüfuz edir, ukraynanalılarla həmfikir olduğunu bildirir, onların marağını müdafiə edir və Rusiyaya qarşı gedirlər. Deməli, dünyada o dövlətə qarşı getmək olar ki, onun maraqları hansısa beynəlxalq dairələrin mövqeyi ilə üst-üstə düşmür və yaxud həmin dövlətlər dünyadakı siyasi arxitekturanı öz xeyirlərinə dəyişəcəklərini bəyan edirlər? Belə çıxır ki, yalnız bu iddialar fonunda reaksiya ola bilər. Ermənistanın işğalçılıq siyasəti dünya üçün heç bir təhlükə törətmir, – deyib məsələyə bu məntiqlə yanaşmaq nə dərəcə doğrudur? Ermənistan güclü dövlət deyildir, lokal bir coğrafi ərazidə işğal həyata keçirmişdir – deyə bu aqressiv prosesin üstündən sükutla keçməkmi lazımdır ?

Əlbəttə ki, bu cür siyasət sərgiləmək məntiqə və heç bir hüquqa uyğun deyildir. Tarix dəfələrlə sübut edib ki, "mənə dəyməyən ilan 1000 yaşasın" prinsipi ilə hərəkət etmək sonradan bir çox problemlərə yol açmış və daha dəhşətli formaya keçmişdir. Əslində, Vladimir Putin, sözün həqiqi mənasında, Qərbin təsir dairəsini genişləndirmək planını onların özünə qarşı tətbiq etdi. Ola bilər ötən əsrin 90-cı illərində bunu etmək çətin idi. Boris Yeltsinin dövründə bu ölkənin Çeçenistan kimi problemi var idi. Lakin V. Putin hakimiyyətə gələndən sonra Rusiyanın tənəzzül prosesi bir növ dayandı və indi Moskva Qərbə meydan oxuyur. Axı biz ikili standartın başqa bir növünü də görürük. Təkcə Qarabağ, Abxaziya, Osetiya məsələlərində zamanında çox kəskin mövqe tutmamaq, sanksiya tətbiq etməmək düzgün siyasət deyildi. Bu günün özündə belə 46 milyonluq Ukrayna xalqının lehinə bəyanatlar verilsə də, indiyədək nə hərbi, nə də ki, iqtisadi sahədə heç bir dəstək ifadə olunmayıb. Ukraynaya 1 milyard dollar Avropa Birliyi vəd eləyib, eyni miqdarda da ABŞ. Diqqət edin Rusiyanın 20 siyasətçisinə sanksiya tətbiq etməklə Rusiyanı niyyətindən çəkindirmək mümkündürmü? Siyasi bəyanatlarla silahlanmaq 27 min kvadrat kilometrlik ərazini Ukraynaya qaytarmır. Biz belə bəyanatları çox görmüşük. Burada nəinki ikili, çoxüzlü, hətta, çoxqütblü siyasət var.

Məsələ ondadır ki, Ermənistana qarşı sanksiya məsələləri 1992-ci illərin BMT müzakirələrində fikir kimi bir neçə dəfə müzakirə olunmuşdu. Bundan sonraki dönəmdə nə Haaqa Məhkəməsində, nə ATƏT-də, nə də Avropa Şurasında gündəmdə olmayıb. Bir zamanlar bu problemi xarici məkana çıxarmaqla balans yaradacağımızı düşünürdük. Düşünürdük ki, problemin həllində beynəlxalq aləmin, aidiyyatı dünya qurumlarının dəstəyini qazanmaqla onun hüquqi çərçivədə həllinin tapılmasına bir növ nail olarıq. Sonra biz onun şahidi olduq ki, politoloji ədəbiyyatlarda münaqişələrlə idarə edilən siyasəti bizim üzərimizdə sınamağa çalışdılar. Bilirsiz, belə bir oyun var – “Zəif bənd”. İndiki beynəlxalq münasibətlər sistemi hazırda o vəziyyətdədir. Ermənistan Azərbaycanın təbii sərvətlərinə, siyasi mövqeyinə, geosiyasi durumuna və sair proseslərə təsir üçün çox mühüm bir rıçaqdır. Biz bu hadisədə öz ərazimizdə işğalçını görürük, başqa dairələr isə siyasi jestlərini bildirmək üçün “kart” görürlər. Azərbaycanın bu illər ərzində təbii resurslarından əlverişli pay götürmək üçün istifadə etmək niyyəti də aktuallığını qoruyub saxlayır. Xüsusilə, bu, ötən əsrin 90-cı illərinin əvvəllərində özünü daha çox büruzə verirdi.

Bilirsiz, insan orqanizmi haradan daha çox ağrıyırsa, oradan sıxılanda daha çox əziyyət çəkir və tabe olur. Elə zənn olunurdu ki, belə mühüm bir təbii imkanlar ölkəsini Qarabağ münaqişəsi vasitəsilə daha asan idarə etmək mümkün olacaq. Ona görə də sanksiyalar heç zaman əlverişli olmayıb. Əksini fərz edək. Elə düşünün ki, Ermənistan daha çox diplomatik izolyasiyaya məruz qalır, onlarca Avropa ölkəsi onu tanımır, erməni xalqı ağır iqtisadi blokada halında öz dövlətinə təsir göstərir və Azərbaycanla normal münasibətlərə gedilir və ölkəmizin ərazi bütövlüyü təmin olunur.

Bu halda Qərb və ya istənilən qüvvə görəcək ki, Azərbaycan idarə olunmayacaq və öz maraqlarını daha çox prinsipiallıqla müdafiə edəcək. Təbii ki, belə bir vəziyyət onlara sərf etmir. Bu baxımdan onlar tərəfindən həqiqətin müdafiə olunması və hər dəfə münaqişənin həlli ilə bağlı verilən tövsiyələr öz əhəmiyyətini və səmimiliyini itirir.

Söhbəti qələmə aldı

Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında