Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilmişdir

 

 

 

Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilmişdir.

İclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəliyi təqdim etmişdir.

Sonra deputatlar cari məsələləri müzakirə edərək ölkəmizin uğurlu xarici siyasətindən danışmış, Azərbaycanın dünyada, xüsusilə də beynəlxalq qurumlardakı prinsipial mövqeyini qeyd etmişlər. Ölkəmizin iqtisadi yüksəlişi nəzərə alınmaqla səhiyyə turizminin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.

Palatanın sədri Vüqar Gülməmmədov hesabat dövründə görülmüş  işlər, aparılan yoxlamaların nəticələri, analitik təhlillər barədə məlumat vermişdir. O demişdir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı makroiqtisadi sabitlik şəraiti 2013-cü ildə də davam etdirilmişdir. Dinamik iqtisadi artım formalaşmış, ölkənin maliyyə resursları daha da çoxalmışdır. Bu da maliyyə imkanlarının genişlənməsinə və şaxələnməsinə səbəb olmuşdur.

Qeyd edilmişdir ki, büdcə prosesinin təkmilləşməsi nəticəsində fiskal fəzanın genişləndirilməsi prioritet vəzifələrdən birinə çevrilmişdir. Bu isə dövlət maliyyə nəzarətinin rolunun və əhəmiyyətinin artırılması ilə yanaşı, onun şəffaf və çevik olmasını tələb edir.

Bildirilmişdir ki, hesabat ilində ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası fəaliyyətinin daha səmərəli və keyfiyyətlə icrasına xüsusi diqqət yetirmişdir. 2013-cü ildə sonrakı nəzarətin təmin edilməsi məqsədilə Hesablama Palatası tərəfindən 75 audit tədbiri keçirilmişdir ki, bu da 2011-ci illə müqayisədə 29, 2012-ci illə müqayisədə isə 7 audit tədbiri çoxdur. Nəzarət tədbirlərinin dövlət vəsaitlərinin strukturuna görə bölgüsünə gəldikdə, həyata keçirilmiş audit tədbirlərindən 5-i dövlət büdcəsinin gəlirləri ilə bağlı olan fəaliyyəti, 59-u müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si dövlət torpaq fondunun istifadəsi, 4-ü isə büdcədənkənar dövlət fondunun vəsaitləri ilə bağlı fəaliyyəti əhatə etmişdir.

Qeyd edilmişdir ki, hesabat ilində audit tədbirləri büdcə xərclərinin funksional təsnifatının bütün bölmələrini əhatə etmişdir. Palatanın həyata keçirdiyi maliyyə büdcə tədbirləri nəticəsində hesabat ilində büdcə qanunvericiliyinin və normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı 4,3 milyon manat və 38 min avro məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Dövlət Sosial Müdafiə Fonduna çatacaq 196,1 min manat vəsait Fondun hesabına köçürülmüşdür. Vergilər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində  vergi və digər icbari ödənişlər üzrə təqribən 2,5 milyon manat məbləğində əlavə verginin hesablanması, 17,3 milyon manat vergi borcunun uçota alınması təmin edilmişdir. Qabaqcıl beynəlxalq təcrübənin və standartların mövcud imkanlar çərçivəsində tətbiqinin, BMT-nin məlum qətnamələrinin müddəalarını əsas götürməklə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsində vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı müəyyən olunmuş hədəfə çatmaq qarşıda duran ən mühüm vəzifədir.

Müzakirələr zamanı çıxış edən deputatlar ölkənin ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının yarandığı vaxtdan qısa müddətdə peşəkar bir quruma çevrildiyini, Milli Məclisə təqdim olunan hesabatların ildən-ilə təkmilləşdirildiyini vurğulamış, təkliflərini vermişlər. Qeyd edilmişdir ki, Palata vergi, maliyyə-kredit sahəsində kifayət qədər peşəkar kadrlarla təmin olunmuşdur. Qurumun hesabatı normativ-hüquqi aktlara uyğun hazırlanaraq parlamentə təqdim olunmuş, iş planındakı bəndlər yerinə yetirilmişdir. Palatanın beynəlxalq əlaqələrini genişləndirilməsi də müsbət hallardan biri kimi qiymətləndirilmişdir.

Müzakirələrdən sonra hesabat nəzərə alınmışdır.

Daha sonra iclasda “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlara, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilmişdir. Cinayət-Prosessual Məcəlləsinə təhqiqat orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər haqqında danışılarkən qeyd olunmuşdur ki, qanunvericiliyə görə, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Lakin elə əməllər mövcuddur ki, həmin əməlləri törətməkdə şübhəli bilinənlərin və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü məcəllənin müvafiq maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə uzadıla biləcəkdir. Bu müddət 96 saat təşkil edəcəkdir. Belə bir təcrübə Avropa ölkələrinin qanunvericiliyində də mövcuddur.

İclasda, həmçinin “Dəniz limanları haqqında” yeni qanun layihəsi qəbul olunmuşdur. Layihə barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək demişdir ki, əvvəlki oxunuşda deputatların verdikləri təkliflərin müvafiq sayılanları sənəddə əksini tapmışdır. Qanun dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında dövlət tənzimlənməsinin əsaslarını müəyyənləşdirəcəkdir. Deputatlar hazırda ölkədə nəqliyyat sahəsində, o cümlədən yeni dəniz limanlarının tikilməsi, köçürülməsi ilə bağlı mühüm işlər görüldüyünü, böyük layihələr reallaşdırıldığını, Azərbaycanın ayrı-ayrı ölkələr ilə ticarət əlaqələrinin genişləndiyini deyərək qanunun bu işləri daha da sürətləndirəcəyini, bu sahədə hüquqi bazanı möhkəmləndirəcəyini vurğulamışlar.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında