ABŞ-ın Oklahoma ştatının Senatı tərəfindən ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyasının Azərbaycanla əməkdaşlıq əlaqələrinin 11-ci ildönümünə həsr olunmuş qətnamə qəbul olunmuşdur.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə bildirmişlər ki, qətnamə Senatın sessiyası zamanı Oklahoma Milli Qvardiyasının rəhbər heyəti və Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyətinin iştirakı ilə oxunduqdan sonra səsverməyə çıxarılmadan yekdilliklə təsdiq edilmişdir.
Senator Tom İvester tərəfindən irəli sürülmüş qətnaməyə senatorların hamısının həmmüəllif qismində qoşulması nadir bir hal olmaqla yanaşı, Oklahoma Senatının Azərbaycanla tərəfdaşlıq münasibətlərinə verdiyi önəmin mühüm göstəricisidir.
Qeyd edək ki, qətnamədə ölkəmizin zəngin dövlətçilik və multikulturalizm ənənələri vurğulanaraq Azərbaycanın müsəlman Şərqinin ilk parlamentli respublikası olması və müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun Azərbaycanda verilməsi, habelə ölkəmizdə müxtəlif etnik və konfessiyalara mənsub insanların əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığı qeyd olunur.
Qətnamədə, həmçinin Azərbaycanın ABŞ və NATO-nun etibarlı tərəfdaşı olması, İraq və Balkanlarda olduğu kimi Əfqanıstanda da sülhməramlı əməliyyatlara töhfə verməsi, Əfqanıstana gedən yüklərin 40 faizinin Azərbaycan ərazisindən daşınması bildirilir.
Sonda qətnamədə Oklahoma qanunverici orqanının “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin uğurlu əməkdaşlığının 11-ci ildönümünün qeyd edilməsi, habelə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının dəstəklənməsi və bu tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticari, mədəni, hərbi və təhlükəsizlik sahələrində daha da gücləndirilməsinə dair ABŞ hökumətinə müraciəti əks olunmuşdur. Qətnamə qəbul edildikdən sonra onun surəti Azərbaycan nümayəndə heyətinə təqdim edilmişdir.
Qətnamə təqdim edildikdən sonra Oklahoma Milli Qvardiyasının Hava Qüvvələrinin komandanı general-mayor Qriqori Ferqyuson çıxış etmişdir. Qətnaməyə dəstək ifadə etdiklərinə görə senatorlara minnətdarlığını ifadə edən Q.Ferqyuson Azərbaycanın regionda ABŞ-ın əsas strateji tərəfdaşı olduğunu və “Ştat Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında on ildən artıq bir dövr ərzində faydalı tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirmişdir. Komandan proqram çərçivəsində görülmüş işlər barədə qanunverici orqan üzvlərini məlumatlandıraraq, bu əməkdaşlığın hər iki tərəfin maraqlarına cavab verdiyini və Oklahoma Milli Qvardiyasının bu münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulamışdır.
Daha sonra səfir E.Süleymanov Senatda çıxış üçün dəvət edilmişdir. Səfir öz növbəsində qanunverici orqan mənsublarına təşəkkürünü bildirmiş və bu sənədin ştatla ölkəmiz arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin olacağına əminliyini ifadə etmişdir.
O, çıxışı zamanı ölkəmizin müstəqilliyini əldə etdikdən indiki dövrə qədər həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli uğurlar əldə etdiyini diqqətə çatdırmış, Azərbaycanın amerikalı hərbçilərlə çiyin-çiyinə dünyanın müxtəlif yerlərində beynəlxalq sülhün və əmin-amanlığın bərqərar edilməsində iştirak etdiyini vurğulamışdır. Oklahoma ştatı ilə əməkdaşlığın mühüm töhfələri olduğunu qeyd edən diplomat Azərbaycan tərəfinin münasibətlərdən məmnun olduğunu, ölkəmizin sözügedən əməkdaşlığın daha da şaxələndirilməsində maraqlı olduğunu qeyd etmişdir.
Azərbaycan nümayəndə heyəti daha sonra Oklahoma Senatının prezidenti Brayan Binqmanla görüşmüşdür.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Oklahoma Milli Qvardiyasının qərargahında tərəflər arasında tərəfdaşlıq münasibətlərinin gələcək perspektivlərinə dair ikitərəfli müzakirələr aparmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.