İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. İşğalçı qüvvələrin zəbt etdiyi əraziləri qeyd-şərtsiz tərk etmələri barədə bir sıra beynəlxalq qurumlar qətnamələr qəbul etsələr də, bu vaxta qədər həmin sənədlər icra olunmayıb. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini aşkar saymamazlığı və onlara hörmətsizliyi, əslində, beynəlxalq qurumların ikili standartlarından irəli gəlir. Bu vaxta qədər işğalçı dövlətə qarşı hər hansı bir sanksiyanın tətbiq olunmaması da beynəlxalq birliyin ədalətsizliyindən xəbər verir.
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlətimizin başçısı bu məsələyə çox ciddi münasibət bildirmiş və beynəlxalq qurumların hələ də ikili standart nümayiş etdirdiklərini diqqətə çatdırmışdır.
Möhtərəm Prezidentimiz həmin iclasda demişdir: “Əslində, çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların - Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.
Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq".
Beynəlxalq qurumların bu gün də ikili standartlardan əl çəkməməsi, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi barədə qəbul olunan qətnamələrin icra olunmaması Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin və siyasi partiya liderlərinin ciddi etirazına səbəb olmuşdur.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bu barədə demişdir:
– Hesab edirəm ki, Azərbaycan Prezidenti bu iradlarını bildirməkdə çox haqlıdır və bu, Azərbaycana münasibətdə yanaşmanın standartını göstərir. Hətta, Rusiya ilə bağlı məsələyə diqqət yetirsək, Avropa Şurasında, Avropa İttifaqında və digər qurumlarda dərhal Moskvaya qarşı işğalçı kimi sanksiyalar qəbul olundu.
Çox qəribədir ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayıb, ancaq əleyhinə bir dəfə də olsun sanksiya qəbul olunmayıb. Fikir verin, Rusiyanın səsvermə hüququ alınır, Ermənistanın isə səsvermə hüququ alınmır. Hətta, Rusiyaya tətbiq olunan standart belə Ermənistana tətbiq olunmur. Ona görə də Prezident İlham Əliyevin fikri ilə tam razıyam.
Ümumiyyətlə, Azərbaycan xalqı ölkəmizin başçısı ilə həmrəydir. Çünki bu, elə bir mövqedir ki, əslində, milli mövqeyə çevrilib. Biz özümüzün haqlı tələblərimizi irəli sürürük. Bu vaxta qədər qəbul olunmuş qətnamələrin yerinə yetirilməməsinin özü göstərir ki, BMT- də məhz yaxın-uzaq ölkələr, yaxın-uzaq xalqlar var. Kim yaxındırsa, onun maraqları güdülür, kim uzaq hesab olunursa, onlara laqeyd yanaşılır.
Ermənistana bu vaxta qədər hər hansı bir sanksiyanın tətbiq olunmaması sırf ikiüzlü mövqedir. Məlum məsələdir ki, beynəlxalq hüquq normalarının tətbiqinin bir qaydası var. Amma, beynəlxalq qurumlar üçün Ermənistan istisnadır. Görünür, onlara elə gəlir ki, beynəlxalq hüququn normaları Ermənistana şamil olunmamalıdır. Beynəlxalq qurumların ikili standartlar nümayiş etdirməsi belə təəssürat yaradır ki, Ermənistan nə istəsə edə bilər.
Hesab edirəm ki, dövlətimizin başçısı xalqımızı düşündürən məsələyə toxunmuşdur və ona görə biz bu məsələdə Prezidentin mövqeyini dəstəkləyirik. Azərbaycan cəmiyyəti də bu mövzuda öz mövqeyini ortaya qoymalıdır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.