Arye QUT: Azərbaycanın Xocalı şəhərində erməni quldurlarının törətdiyi qeyri-insani vəhşilikləri bütün dünya bilməlidir

 

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyasının İsrail dövlətində rəsmi əlaqələndiricisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş konfransdakı çıxışında bildirmişdir ki, “soyuq müharibə” dövrünün başa çatması və Sovet İttifaqının dağılması Cənubi Qafqaz regionuna çox böyük geosiyasi və strateji təsir göstərmişdir. Regionda yeni dövlətlər, yeni imkanlar və yeni çətinliklər yaranmışdır.

Bu barədə AzərTAc-a “Azİz” Beynəlxalq Assosiasiyasından məlumat verilmişdir.

A.Qutun fikrincə, beynəlxalq münasibətlərdə dondurulmuş münaqişə dedikdə elə vəziyyət nəzərdə tutulur ki, fəal siyasi münaqişəyə son qoyulmuşdur, lakin hələ sülh müqaviləsi yoxdur.

İsrailli ekspert demişdir: “Dondurulmuş Ermənistan-Azərbaycan münaqişəsi Sovet İttifaqının dağılması üçün tədricən təsir edən bomba effektinə malik ilk millətlərarası münaqişədir. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağın separatçı erməniləri Ermənistanın hərtərəfli dəstəyinə arxalanaraq Azərbaycandan ayrılmaq haqqında birtərəfli qərar qəbul etdilər. 1989-cu ilin dekabr ayında Ermənistan parlamenti beynəlxalq hüquq  prinsiplərini və beynəlxalq münasibətlər sistemini kobud şəkildə pozaraq, qonşu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ilhaq olunması barədə qərar qəbul etdi”.

A.Qut bu münaqişəni mahiyyəti barədə söhbət açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasına qarşı təcavüz  nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğal edilmiş, 20.000-dən çox adam öldürülmüş, 50.000-dən çox adam yaralanmış və ya şikəst edilmiş, işğal olunmuş 900-dən çox yaşayış məntəqəsi qarət olunmuş və ya dağıdılmışdır.

Ermənistanın Cənubi Qafqaz regionunda yürütdüyü siyasətdən söhbət açan A.Qut vurğulamışdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) fəal, həm də Cənubi Qafqazda yeganə üzvüdür.

İsrailli analitik demişdir: “Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər dənizi hövzəsinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalmışdır. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkədir. Sovet İttifaqı dağıldığı vaxtdan Ermənistan Rusiyaya bağlanmışdır, onun xarici siyasət və iqtisadiyyat sahəsində ambisiyalarından tamamilə asılıdır. Ərazisi kiçik, əhalisi üç milyon nəfər olan Ermənistan son illərdə daim geosiyasi baxımdan təcrid olunmuş vəziyyətdədir. Ermənistanı ac qalmaqdan xilas edən varlı erməni diasporu (fərdi transferlərin həcmi ildə 2 milyard dollara yaxındır) və ABŞ Konqresinin sponsor yardımıdır. Ermənistanın xarici aləmdən anormal dərəcədə asılı olması onun imkanlarını reallaşdırmağı ciddi çətinləşdirə bilər”.

Digər tərəfdən, israilli ekspertin fikrincə, Azərbaycan mötədil islam ənənələri ilə seçilən dünyəvi dövlətdir, onun NATO üzvü olan Türkiyə ilə mədəniyyət və dil baxımından qarşılıqlı münasibətləri çox güclüdür.

“Justice for Khojaly” kampaniyasının İsrail dövlətində rəsmi əlaqələndiricisi Arye Qut daha sonra konfrans iştirakçılarına Xocalıda qanlı qırğın haqqında “Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən hazırlanmış və yayılmış ətraflı materiallar nümayiş etdirmişdir.

Arye Qut qeyd etmişdir ki, 22 il bundan əvvəl o faciəli fevral gecəsində erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətmişlər.

Ekspert demişdir: “Ağlasığmaz vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX əsrin ən dəhşətli faciələrindən biri olmuşdur. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz bir yara kimi həmişəlik qalacaqdır. Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalı bir gecədə dağıdılmış və yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı tərk etməyə macal tapmamış şəhər sakinlərindən heç birinə rəhm etməmişlər. Erməni silahlı dəstələrinin törətdiyi vəhşilik nəticəsində 613 nəfər öldürülmüş, 487 insan şikəst edilmiş, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli əzablara, təhqirlərə və alçalmaya məruz qalmışdır. 150 nəfərin sonrakı taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bu, əsl soyqırımı, insanlıqdan uzaq kütləvi qırğın idi. Xocalıda qətlə yetirilmiş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olmuşdur”.

Arye Qut Xocalı soyqırımı haqqında təqdimat çərçivəsində faktlara istinad edərək vurğulamışdır ki, Xocalı şəhərinin mülki əhalisi qəsdən məhv edilmişdir, məqsəd - bu insanların  yalnız azərbaycanlı olması səbəbindən onları kütləvi şəkildə qırmaq idi. Arye Qut demişdir: “Xocalı şəhəri Azərbaycan ərazilərini ələ keçirmək və etnik təmizləmələr üçün, şok yaradıcı qəddarlıq nəticəsində əhali arasında vahimə və qorxu hissi yaratmaq üçün növbəti mərhələ kimi seçilmişdi. O vaxt Qarabağ separatçılarının hərbi rəhbəri olmuş, indi isə Ermənistanın prezidenti olan Serj Sarkisyanın Xocalıdakı qanlı hadisələr barədə dediklərini dinləmək kifayətdir. O deyir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər, lakin biz bu stereotipi aradan qaldırdıq". Bu, dinc sakinlərin bilərəkdən kütləvi şəkildə qətlə yetirilməsinin açıq-aydın etirafıdır".

İsrailli ekspert vurğulamışdır: “Bu, əsl faşizm və Azərbaycan xalqına münasibətdə vəhşilik təzahürüdür. Bütün dünya bu qeyri-insani vəhşiliyi bilməlidir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Qut qeyd etmişdir ki, Ermənistanla dondurulmuş münaqişəyə və ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Odlar yurdu Azərbaycan bu gün də dünyada ən tolerant ölkə və sivilizasiyalararası, dinlərarası dialoqun əsl nümunəsi kimi qalır. Arye Qut demişdir: “Mən İsrail dövlətinin vətəndaşı və İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbəri ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və səmimi münasibət nümayiş etdirir. Bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal yer olan Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi mehriban yaşayırlar. Onları bağlayan ortaq taleləridir. Təsadüfi deyildir ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı erməni daşnaklar Azərbaycan şəhərlərində qanlı qırğınlar törədərkən azərbaycanlılarla yanaşı, 3 mindən çox yəhudi həlak olmuşdur”.

Qutun sözlərinə görə İsrail dövləti müasir Azərbaycan rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi və qayğıkeş münasibətdə rolunu yüksək qiymətləndirir.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü çıxışının sonunda demişdir: “Gəlin unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, ölkədə hər yeddi sakindən biri qaçqındır. Azərbaycanda heç vaxt antisemitizm olmamışdır və biz, İsraildəki Azərbaycan diasporu bu fakta görə fəxr edirik. Azərbaycan əsl sivilizasiyalararası  dialoq nümunəsidir. Mənə ikinci elə bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi olsun - göstərin ki, orada ölkə Prezidentinin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilmiş olsun. Mənim  fikrimcə, başqa bu cür ölkə tapa bilməzsiniz”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında