Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun Miqrasiya, qaçqınlar və köçkünlər üzrə komitəsinin xətti ilə hazırladığı “Vətəndaşlığa qəbul və vətəndaşlıq haqqında Avropa Konvensiyasının səmərəli tətbiqi” adlı məruzəsi böyük maraqla qarşılanmışdır. Problemin hüquqi aspektləri isə Latviyadan olan deputat B.Sileviçin hesabatında işıqlandırılmışdır.
Məruzəni Assambleya üzvlərinə təqdim edərkən Rafael Hüseynov demişdir: “Vətəndaşlıq haqqında Avropa Konvensiyasını imzalamış ölkələrin azlığından bu gün narahatlıq keçiririk. Əslində isə Konvensiyanı imzalamış ölkələrin sayı o qədər çox olmalı idi ki, biz niyə hansısa tək-tək ölkələr hələ də Konvensiyaya qoşulmayıblar məsələsi barədə düşünməli idik. Çünki vətəndaşlıq almaq elə problemdir ki, artıq bütün ölkələrin həyatından keçir və vətəndaşlığa qəbul istiqamətində mövcud çətinliklər mahiyyəti etibarı ilə milyonlarla insan üçün psixoloji gərginlik mənbəyinə çevrilmişdir.
Aydın məsələdir ki, bu Konvensiyaya imza atmağa tələsməyənlərin öz arqumentləri, cəmiyyətlərin siyasi, iqtisadi, sosial vəziyyətinə bağlı olan məntiqli izahları vardır. Lakin bütün məntiqlərdən yuxarıda dayanan bir məntiq də vardır ki, problem yalnız ahılların, orta nəslin üzləşdiyi mürəkkəb yaşam vəziyyəti deyil, həm də yenicə dünyaya gəlmiş, böyüməkdə olan uşaqların, sabahkı nəsillərin hələ heç dünyanı dərk etməmişdən yaşamalı olduğu qayğıdır.
Təəssüflə qeyd edirik ki, vətəndaşlığı olmayan şəxslərin sayı Avropa Şurasına üzv dövlətlərdə hələ də çoxdur və bu ciddi bir problem kimi ortaya çıxmaqdadır. Təbii ki, könüllü, yaxud məcburi miqrasiyalar problemin kökündə dayanan başlıca amillərdəndir. Sərhədlərin 20-30 il əvvələ nisbətən daha şəffaf olması da bu proseslərə əlavə intensivlik verir. İnsanlar bir ölkədən digərinə köçür, uzun müddət vətəndaşlıq ala bilmədən yaşamağa başlayır, onların övladları dünyaya gəlir və vətəndaşlığı olmayan şəxslər kimi doğulduqlarından bu insanlar saysız problemlərlə üzləşirlər. Eyni bir ölkə içərisində dövlətin verdiyi bütün hüquqlardan tam istifadə edə bilən təbəqə ilə yanaşı, vətəndaşlığı olmayan və hüquqları məhdud insanların mövcudluğu təbii olaraq qeyri-bərabərlik yaradır.
İkinci Dünya müharibəsindən sonra – XX əsrin ikinci yarısından etibarən mənim ölkəm Azərbaycana cənub qonşuluğumuzdakı ölkədən minlərlə siyasi mühacir gəlmişdi. Onlar bizimlə eyni millət idilər, amma vətəndaş deyildilər, yarım əsrə yaxın bir müddətdə onlar elə rəsmən vətəndaşlıq almadan yaşadılar, əksəriyyəti həyatdan elə yalnız siyasi sığınacaq almış, amma vətəndaş olmayan insanlar kimi köçdülər. Doğrudur, dövrün ideoloji tələblərinə müvafiq olaraq onlara normal yaşamaları, məişət problemləri ilə üzləşməmələri üçün qeyri-rəsmi olaraq maksimal şərait yaradılırdı. Lakin rəsmi vətəndaş statusunun olmamasının yaratdığı diskomfort hər halda var idi. Onların artıq bu ölkədə doğulmuş övladlarından vətəndaş olmaq haqqını əsirgəmirdilər. Bunlar keçən əsrin 50, 60, 70-ci illərinin reallıqlarıdır.
İndi XXI əsrdir və ortaq Avropa evi, daha yığcam, daha yaşamalı dünya qurmaq yolunda nə qədər çalışsaq da, on minlərlə insan oxşar problemlərdən əziyyət çəkir. Bəzənsə, hətta keçmiş zamanlarda olduğundan daha artıq narahatlıq duyur. Zahirən isə sanki əksinə olmalı idi. Bu gün bir çox hallarda vətəndaşlığı olmayan mühacirin ailəsində dünyaya gələn nə qədər uşaq elə valideynləri ilə eyni taleyi yaşamalı olursa və vətəndaşlıq almadan, buna bağlı ən zəruri ehtiyaclarını ödəmək yolunda maneələrlə rastlaşırsa, əlbəttə ki, biz ilk növbədə bunun həlli istiqamətində konkret addımlar atmalıyıq.
Zənnimizcə, bu aspektdə üç məsələyə daha artıq diqqət yönəltməliyik. Naturalizasiya siyasəti, şəxsin anadan olan kimi vətəndaşlıq ala bilməsi məsələsi və çoxvətəndaşlılıq amili.
Naturalizasiya siyasəti sahəsində ədalətlilik prinsipinə söykənən və üzv dövlətlərdə bu proseslərə tətbiq edilən müştərək minimal standartların olması vacibdir. Naturalizasiya siyasətinin düzgün aparılması cəmiyyətlərdə qütbləşmənin qarşısını alar, hüquqları daha çox vətəndaşlarla daha məhdud hüquqları olan qeyri-vətəndaşların arasındakı görünən və görünməyən ziddiyyətləri neytrallaşdırar. Bu, həm də inteqrasiya proseslərinin artmasına, cəmiyyətlərin daha artıq təmərküzləşməsinə imkan verər”.
Məruzə ətrafındakı müzakirələrdə Fransa, Hollandiya, Yunanıstan, Macarıstan, Estoniya, Rumıniya, Rusiya, Moldova və digər ölkələrdən olan deputatlar çıxış edərək qənaətlərini bölüşmüş, Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu araşdırmanın daha da mükəmməlləşməsi və işlək olması üçün təkliflərini irəli sürmüşlər.
Müzakirələrə yekun vurarkən Rafael Hüseynov problemin həlli baxımından əhəmiyyət kəsb edən bir sıra istiqamətlərə diqqəti yönəldərək demişdir: “Uşaqların dünyaya gəlməsinin üzv ölkələrdə hamı üçün eyni olan universal qeydiyyat sisteminin bərqərar olması vətəndaşlığı olmayanların övladlarının elə doğuluşdan həmin problemdən xilas olmasını təmin edər.
Müasir insan daha mütəhərrikdir, onun həyatı keçmişlərə nisbətən daha transmilli səciyyə daşıyır, fərqli vətəndaşlığı olanların qarışıq nikahları artıb.
Bütün bu xüsusiyyətlər insanların gündəlik həyatına vətəndaşlıq məsələlərində maneə yaradan elementlərin dövrün tələblərinə uyğunlaşdırılmasını tələb edir. Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin məruzəyə təklif etdiyi dəqiqləşdirmələrin mahiyyəti də məhz vətəndaşlıq almanı daha da sadələşdirmək, bu sahədə olan süni maneələrin maksimal dərəcədə aradan qaldırılmasına nail olmaq və nəhayət, insanların hüquqlarının daha geniş miqyasda təmin edildiyi cəmiyyətlərin formalaşmasına kömək etməkdir”.
Azərbaycanlı deputatın məruzəsi Parlament Assambleyası tərəfindən bəyənilmiş, məruzənin qətnamə layihəsi də yekdilliklə təsdiq edilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.