Azərbaycan dövlətinin milli azlıqlarla bağlı siyasəti digər ölkələr üçün örnəkdir

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında ən geniş maraq və diskussiyalar doğuran məruzələrdən biri milli azlıqlar probleminə həsr edilmişdir.

Macarıstandan olan deputat Ferens Kalmarın hazırladığı “Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları” mövzusunda həmin məruzə ətrafındakı müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həm ölkəmizdə bu sahədəki müsbət ənənələrdən, hazırda aparılan uğurlu siyasətdən bəhs etmiş, həm də milli azlıqlara qarşı aqressiv siyasət aparan işğalçı Ermənistanda həmin sahədəki acınacaqlı vəziyyətdən danışmışdır.

Çıxışında bir sıra konkret faktlara əsaslanan Rafael Hüseynov demişdir: “Milli azlıqlarla bağlı məsələ tarixin bütün dövrlərində çox həssas olmuşdur. İndi sərhədlərin daha açıq, coğrafiyaların bir-birinə daha çox yaxınlaşdığı bir vaxtda bu siyasət keçmişdəkindən də xeyli artıq aktuallıq kəsb edir. Mənim təmsil etdiyim Azərbaycan da çoxmillətli, çoxdinli, çoxmədəniyyətli bir ölkədir və təbii ki, bu problem bizim üçün də ciddi məna kəsb edir. Düşünürəm ki, hər hansı dövlətdə milli azlıqlarla bağlı siyasətin bu gün nə şəkildə aparılmasından daha əvvəl, həmin siyasətin uğurlu nəticələr verə bilməsindən ötrü o ölkədə müvafiq ənənələrin varlığı mühüm amildir. Əgər keçmişdən gələn belə ənənələr varsa, prosesi tənzimləmək də daha rahat olur. Zənnimcə, Azərbaycan bu baxımdan örnək ölkələr sırasındadır.

Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkəmizdə həmin istiqamətdə problemləri yox səviyyəsinə endirə bilir. Sadəcə bir misal. Azərbaycanın Quba rayonunda dəniz səviyyəsindən 2350 metr hündürlükdə 5000 il yaşı, 2 min nəfərə qədər əhalisi olan xınalıq kəndi yerləşir. Bu kəndin yalnız onlara məxsus olan dili və 47 hərfdən ibarət əlifbası vardır ki, yalnız orada işlənir. Bununla belə Xınalıq dili ayrıca olaraq tədris edilir, dövlət tərəfindən dərs vəsaitləri nəşr edilir, əvvəllər ilin tən yarısında ətraf aləm ilə əlaqəsi kəsilən bu kəndə xüsusi yol çəkilmişdir. Yəni, bu balaca kəndin və nadir etnik qrupun ömrünü davam etdirməsi üçün Azərbaycan dövləti bütün tədbirləri görmüşdür və görür.

Ruslar, yəhudilər, talışlar, tatlar, gürcülər və 20-dan artıq digər milli azlıqlar Azərbaycanda mehriban bir ailədə yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları fəaliyyət göstərir.

Bu gün Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanda azərbaycanlı qalmamışdır, amma Azərbaycanda ölkəmizin vətəndaşları olan 30 minə yaxın  erməni yaşayır. Bu fakt milli azlıqlara dözümlü münasibəti ifadə edən çox ibrətamiz göstəricidir".

Rafael Hüseynov milli azlıqlar problemi ilə bağlı təhlükəli bir məqama da diqqət yönəldərək bəzən müəyyən xarici qüvvələrin ayrı-ayrı ölkələrdə milli azlıqlardan separatçı məqsədlərlə istifadə etdiyini vurğulamışdır. O demişdir: “Lakin milli azlıqlarla bağlı müxtəlif ölkələrə qarşı xarici qüvvələrin təxribatlar törətmək, separatizmə rəvac vermək cəhdləri də olur ki, bu təmayül son dərəcə təhlükəlidir. Bir dövlət öz ölkəsində milli azlıqlar üçün ən ideal şəraiti yaratsa belə, idarə olunan, təsir altına düşən müəyyən şəxslər, ya qruplar konkret ölkədə “guya” hansısa milli azlığa qarşı təzyiqlər, ya diqqətsizliklərin mövcudluğu barədə hay-küy qaldıra bilər və bunun son illərdə müşahidə olunmuş nümunələri də az deyil. Bu elementdən hansısa dövlətlərə qarşı sabitliyi pozmaq, kənardan hərbi müdaxilə, təcavüz vasitəsi kimi istifadə edilməsi hallarına da rast gəlinir. Milli azlıqlarla bağlı ən narahatedici problem elə budur.

Doğrudur, elə üzv dövlətlər vardır ki, orada milli azlıq problemi yerli-dibli yoxdur. Məsələn, Ermənistanın sistemli şəkildə apardığı monoetnik dövlət yaratmaq siyasəti ona gətirib çıxarmışdır ki, əvvəlcə 300 mindən artıq azərbaycanlı həmin ölkədə yüz illər boyu yığcam  yaşadığı ərazilərdən qovulmuş, daha sonra isə digər milli azlıqlar tədricən ölkədən çıxarılmışdır. Bu ölkədə milli azlıqlarla əlaqədar problemlər şəbəkəsini biryolluq həll etmək və daha heç vaxt bununla bağlı narahatlıq keçirməmək üçün “adam yoxdur, problem də yoxdur” xətti əsas götürülmüşdür.

Rasizm, ksenofobiya, millətçilik həmişə cəmiyyətə yalnız ziyan gətirmişdir. XXI əsrdə belə həmin elementlərin varlığı təəssüf doğurmaya bilmir. Həmin mənfi hallara qarşı mübarizə, milli azlıqların hər ölkədə hüquqlarının tam təmin edilməsi ortaq işimiz, daha sivil Avropa evi quruculuğunda daim başlıca vəzifəmiz olmalıdır. Lakin, eyni zamanda, milli azlıqlardan ayrı-ayrı ölkələrə qarşı xarici qüvvələrin separatçı məqsədlərlə istifadəsinə qarşı da mütəşəkkil, müştərək qarşıdurma və müqavimət üçün də daim səfərbər olmalıyıq".

Azərbaycanlı deputatın məzmunlu çıxışı Assambleya üzvləri arasında maraq doğurmuşdur.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında