Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası qurumun sədri lüksemburqlu deputat An Brasörün qış sessiyasından ötən müddətdə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədəki hesabatı ilə öz işinə başlamışdır.
AŞPA sədri çıxışında Avropanın ciddi böhranla qarşılaşdığını, Ukraynaya səfəri zamanı “Maydan”da qarşılaşdığı mənzərənin onda ağır təəssürat oyatdığını, Avropa Şurası baş karibinin Ukrayna böhranının həllində yüksək fəallıq göstərdiyini diqqətə çatdırmışdır.
Sessiyada Ukrayna-Rusiya məsələsini aprelin 10-da müzakirə etmək qərara alınmışdır.
Yaranmış çətinliyə baxmayaraq, Avropa Şurasının əsas prioritetləri - demokratiyanı, insan haqlarını və qanunun aliliyini daim müdafiə etdiyini xatırladan A.Brasör Qazaxıstan Respublikasının demokratiya istiqamətində Avropa Şurası ilə əməkdaşlıq üçün müraciətini yüksək qiymətləndirmiş və yaz sessiyasında müzakirə olunacaq məsələlərdən söhbət açmışdır.
Sessiyada İtaliya və Monteneqro üzrə AŞPA sədrinin müavinlərinin seçkisi keçirilmişdir.
Sessiyada gündəlik təsdiq olunmuşdur. Avropalı deputatlar Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciəti, Avropa Şurası insan haqları komissarının 2013-cü ildə fəaliyyəti, Avropada milli azlıqların hüquqları və vəziyyəti, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə giriş hüququ, işsizlik problemi və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Sonra deputatlar AŞPA bürosu və daimi komitənin fəaliyyəti ətrafında fikir mübadiləsi aparmışlar.
Azərbaycanın AŞPA yanındakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov müzakirələrdə çıxış edərək demişdir: Həmkarlarımın diqqətini iki əsas məsələyə çəkmək istərdim. Birincisi, AŞ tərəfindən təbliğ olunan dəyərləri əsas tutmalıyıq. Bununla bağlı büro önəmli rol oynamalıdır. İkinci əsas məsələ isə müşahidə missiyaları ilə bağlıdır. Müşahidə missiyası bizim üçün bir ölkənin daxilində nə baş verdiyini daha yaxşı başa düşmək üçün bir vasitəsidir. Bu gün səhər büronun iclasında da qeyd etdiyim kimi, biz Parlament Assambleyasının müşahidə missiyası rəhbərlərinin rotasiya əsasında təyin edilməsi prinsipinin tətbiq edilməsi üçün bütün imkanlardan istifadə etməliyik. Yerlərdə konkret nələr baş verdiyini görmək üçün müxtəlif siyasi qrupların üzvlərini dəvət etmək vacibdir. Növbəti dəfə Avropa Şurasının bayrağı Azərbaycanın paytaxtı Bakıda dalğalanacaqdır. Bu, Azərbaycan üçün böyük məsuliyyətdir. AŞPA-nın Daimi Komitəsinin yığıncağı cari il mayın sonunda Bakıda keçiriləcəkdir. Bu tribunadan bütün həmkarlarımızı bu iclasa dəvət etmək istəyirik. Biz dəyərlərimizi müdafiə etmək, dünyada beynəlxalq hüququn prinsiplərinə hər hansı xələl gəlməməsi, onlara hörmət olunmasını təmin etmək üçün bacardığımızı əsirgəməməliyik. Öncədən Daimi Komitənin Bakıdakı iclasında iştirak edəcək həmkarlarımıza “ Xoş gəlmisiniz!” deyirik.
Nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə çıxışında qeyd etmişdir ki, Avropa Şurasının istər ötən sessiyadan keçən bir neçə ayda, istərsə də təşkilatın mövcud olduğu 65 ildə onun bütün fəaliyyətlərini səciyyələndirən başlıca cəhət narahatlıq duyğusudur. Daha nümunəvi Avropanın və dünyanın qurulmasından örtü özünü borclu hesab etmək Avropa Şurasına güc verən əsas amildir. Hər sessiyada “təxirəsalınmaz müzakirə” xətti ilə aparılan diskussiyalar isə həmin dərk olunmuş məsuliyyət hissinin göstəricilərindən biridir. Avropada və dünyadakı ən qaynar problem hər dəfə mütləq Avropa Şurasının diqqət mərkəzinə çıxır. Keçən dəfə də belə idi, bu dəfə də belədir, gələn dəfə də belə olacaqdır. Lakin onu düşünürəm ki, burada apardığımız təxirəsalınmaz müzakirə həm də bizim daha bir müştərək günahımızdır. Deməli, qabaqlayıcı addımları vaxtında ata bilməmişik ki, artıq böhran vəziyyəti yaranıbdır və indi təlaş içərisində həmin böhrandan çıxış yolu arayırıq.
Dünya bu gün yarım əsr əvvələ nisbətən daha kiçikdir və daha əmin-aman Avropa barədə düşünürüksə, gərək zahirən uzaq görünən ölkələrdə baş verən hadisələrə də biganə qalmayaq. Çünki biganəliyimiz sabah həmin hadisələrin fəsadlarının öz üstümüzə də gəlib çıxmasına səbəb ola bilər. Bu günün əsas düsturu kollektiv şəkildə qoruna bilmək, şərə qarşı birlikdə mübarizə aparmaqdır. Müsəlman Şərqində, ərəb dünyasında kənardan müdaxilə və təsirlər nəticəsində baş verənlər, xalqın demokratiya istəkləri kimi təqdim olunan hadisələr nəticə etibarı ilə bölgədə sabitliyin uzun zaman üçün pozulmasına gətirib çıxardı. Söz yox, bizlər də bunun fəsadlarını uzun zaman duyacağıq. Böyük dünya müharibələrindən sonra adətən Yer kürəsinin siyasi xəritəsi yenidən biçilir. 20-25 il əvvəl XX əsrin ən uzun sürən dünya müharibəsinin - soyuq müharibənin tamamlanması ilə də dünyanın və ilk növbədə, Avropanın siyasi mənzərəsi xeyli dəyişdi. Tarixi ədalət bərpa olundu və bir sıra dövlətlər on illər əvvəl itirmiş olduqları müstəqilliklərini bərpa etdilər. Lakin həmin gənc müstəqilliklərin bir çoxuna qarşı təhlükələr bu günə qədər davam etməkdədir. Acınacaqlısı odur ki, sön illərdə həmin təhlükələr intensiv şəkildə artmaqdadır. Çünki dünyanın və Avropanın xəritəsini yenidən formalaşdırmağa doğru açıq və gizli cəhdlər getdikcə güclənir. Obrazlı desək, soyuq müharibənin yenidən alovlanması, dünyada və Avropada qütbləşmə ehtimalı böyüyür. Ona gərə də lap əvvəldən soyuq müharibənin doğurduğu fəsadları yox etmək üçün yaranmış və mübarizələr aparmış Avropa Şurasının indiki vəziyyətdə vəzifələri artır. Əgər belə davam edərsə, biz yaxın gələcəkdə digər yeni müstəqil dövlətlərdə də yaranan gərgin vəziyyəti, demokratiyaya, insan haqlarına, ərazi bütövlüyünə qarşı ciddi təhdidləri müzakirə etməli olacağıq. Çünki artıq dalğa gəlir. Biz öz sıralarımıza da yenidən diqqət yetirməliyik. Yaxşı fikir verməliyik ki, hansı üzv ölkə kimlərin yanındadır, prinsiplərimizə uyğun olmayan hansı dövlətlərlə eyni mövqedədir. Avropa Şurası 14 il ərzində öz sıralarında digər üzv dövlətin ərazisini işğal etmiş, dünyanın qəbul etdiyi ərazi bütövlüyü prinsiplərini pozmuş Ermənistan kimi bir ölkənin varlığına dözübsə, buna qarşı kifayət qədər sərt mövqe nümayiş etdirməyibsə, belə arzuolunmaz presedentin gec-tez başqa oxşar bəlaları yaradacağını da nəzərə almalıydıq. İnanıram ki, Assambleya növbəti sessiyalardan birindəki təxirəsalınmaz müzakirələrini hansısa üzv ölkədə, ya ölkələrdə artıq yaranmış kritik vəziyyətin nəticələrinin təhlilinə deyil, üzv ölkələrin bir çoxunun qarşılaşa biləcəyi mümkün təhlükələrin qarşısının necə alınması yollarının axtarılmasına həsr edərsə, bu daha düzgün olar və ortaq maraqlarımız baxımından daha artıq fayda verərdi.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.