Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 7-də Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət  nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən danışan Əli Həsənov bu gün ölkələrimiz arasında   bütün sahələrdə dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələrin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, tarixi köklərə malik  Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir.

Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı danışmışdır. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, milli mədəni sərvətlərimiz talan edilmişdir.

Baş nazirin müavini bildirmişdir ki, ermənilər öz planlarını – Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirmişlər. Qeyd olunmuşdur ki, 1918-ci ilin martında baş vermiş hadisələr zamanı ermənilər tərəfindən silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla yüz minlərlə insan kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmişdir.

Əli Həsənov qeyd etmişdir ki, bu gün bütün türk və müsəlman dünyası ölkələri erməni təcavüzkarlarına qarşı birgə mübarizə aparmalıdır. Bildirilmişdir ki, bu gün ermənilər işğal altındakı ərazilərdə narkotik vasitələr istehsal edirlər. Orada dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir. Eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunur.

Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini bildirmişdir ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləmişdir.  

Əli Həsənov xatırlatmışdır ki, məhz ilk olaraq Türkiyənin bir sıra  humanitar təşkilatları tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımlar olunmuşdur.

Münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin qətiyyət nümayiş etdirməli olduğunu deyən Əli Həsənov təəssüflə bildirmişdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməmişdir.

Görüşdə çıxış edən İstanbul Ticarət Palatasının üzvü və nümayəndə heyətinin sədri Öztürk Oran bildirmişdir ki,  Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir. Vurğulanmışdır ki, bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır.

Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün bütün lazımı işləri gördüyündən xəbərdar olduğunu deyən qonaq vurğulamışdır ki, ermənilər unutmamalıdırlar, bu gün Ermənistan dövlətinin mövcud olduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır.

Öztürk Oran İstanbul Ticarət Palatası haqda məlumat verərək bildirmişdir ki, təşkilat dünyanın ən böyük qeyri-hökumət təşkilatlarından biridir.

Ədalət və İnkişaf Partiyasından deputat Seyit Erçelik və digər çıxış edənlər də Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulamışlar.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında