Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilmişdir

 

 

Aprelin 4-də Azərbaycan Respublikası Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilmişdir. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim etmişdir. Gündəlik qəbul olunduqdan sonra deputatlar bir sıra cari məsələləri müzakirə etmişlər.

Deputatların toxunduqları əsas məsələlərdən biri ölkəmizin uğurlu xarici siyasəti, son illər Birləşmiş Millətlər Təşkilatında sərgilədiyi prinsipial mövqeyi ilə bağlı olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan hökuməti hər zaman dövlətin milli maraqlarını üstün tutaraq beynəlxalq hüquq normalarına dəstək verir. Çıxışlarda Azərbaycanın beynəlxalq diplomatiyasında parlamentin mühüm rolu da vurğulanmışdır. Deputatlar, həmçinin autizm xəstəliyi ilə bağlı qanunvericiliyə dəyişikliklər olunmasının, xüsusi proqram hazırlanıb həyata keçirilməsinin vacibliyini qeyd etmişlər. Bildirilmişdir ki, bu cür xəstəliklərdən əziyyət çəkən insanlar, xüsusilə uşaqlarla bağlı dövlət, hökumət, Heydər Əliyev Fondu faydalı iş aparır. Eləcə də Milli Məclisin deputatları Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərindən danışaraq bildirmişlər ki, dünya təcrübəsində ümummilli seçkilərdən sonra dövlət, hökumət başçıları ilk səfərlərini xarici siyasətlərinin prioriteti olan ölkəyə edirlər. Bələdiyyə seçkilərindən sonra Türkiyə Baş nazirinin ilk xarici səfərini Azərbaycana etməsi ölkələrimizin bütün sahələrdə dost və qardaş münasibətlərinin mövcudluğunu bir daha təsdiqləyir.

Daha sonra iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilmişdir.

Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirmişdir ki, insan alveri müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır. Azərbaycanda bu cinayətlərə qarşı hüquqi müstəvidə mübarizə 2003-cü ildə ölkəmiz BMT-nin Transmilli Cinayətkarlığa qarşı Konvensiyasına və onu tamamlayan protokola qoşulduqdan sonra başlanmışdır. Ötən 10 ildə bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqət sayəsində insan alverinin qarşısının alınması sahəsində beynəlxalq təşkilatlar tərəfindən bəyənilən müsbət nəticələr əldə edilmişdir. Beynəlxalq təcrübə nəzərə alınaraq hüquqi qanunvericilik bazası formalaşdırılmış, ixtisaslaşdırılmış polis qurumu, insan alveri qurbanlarını müdafiə və onlara yardım mexanizmi yaradılmışdır. Bu sahədə digər dövlətlərlə də sıx əməkdaşlıq qurulmuşdur.

Bildirilmişdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsi ötən il icrası başa çatmış ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə də əhəmiyyətli nəticələri şərtləndirmişdir. Belə ki, bu dövr insan alveri ilə mübarizədə müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, insan alveri qurbanlarına dövlət dəstəyinin artırılması və infrastrukturun yenilənməsi ilə səciyyəvi olmuşdur. Ötən 10 ildə digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilmişdir. Bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 5 mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərsizləşdirilmiş, 529 qurbanın cəmiyyətə inteqrasiyası təmin olunmuşdur. V.Eyvazov insan alveri ilə mübarizə sahəsində aparılmış maarifləndirmə işləri haqqında da məlumat vermişdir.

Sonra Milli Məclisin deputatları “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə etmişlər.

Qanun layihəsi dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Əsas məqsəd iki dövlətin etibarlı diplomatik, xüsusi və xidməti pasportlara malik olan şəxsləri üçün səyahət prosedurlarının sadələşdirilməsidir.

İclasda, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanun layihəsi müzakirə edilmişdir. Məlumat verilmişdir ki, qanun layihəsinə ediləcək dəyişiklik xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq üçün həmin ərazilərin sanitariya-mühafizə zonalarını müəyyən etmək, bu zonalarda təsərrüfat fəaliyyətinin tənzimlənən rejimini tətbiq etmək, ərazinin ekosisteminə mənfi təsir göstərməyən və təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətləri nəzərdə tutan fəaliyyət növlərini, qadağaları və sanitariya-mühafizə zonalarına daxil edilmiş əmlaklardan istifadə edilməni daha geniş məzmunda özündə əks etdirir.

Daha sonra iclasda “Tibbi sığorta haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunmuşdur.

 Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılmışdır.

Bundan başqa, “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi müzakirə olunmuşdur.

İclasda müzakirə edilmiş bütün qanun layihələri qəbul olunmuşdur.

Bununla da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında