Baş nazirin müavini Əli Həsənov: Məcburi köçkünlərin problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma yurd-yuvalarına qayıtmalarıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Əli Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Baş nazirin müavini ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirmiş, bu sahədəki əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Səfirlə əvvəlki görüşlərini xatırladan Əli Həsənov qeyd etmişdir ki, bu insanların çoxsaylı problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma yurd-yuvalarına qayıtmalarıdır ki, Azərbaycan Prezidenti də bu istiqamətdə ciddi səy göstərir. Baş nazirin müavini demişdir: “Düzdür, münaqişə hələ öz həllini tapmayıb, lakin Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir, məcburi köçkünlərin taleyinin daha önəmli olduğunu müntəzəm önə çəkir”.

Səfir R.Morninqstar görüşə gəlməyinin əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə verməkdən, bunun üçün müxtəlif infrastruktur və digər layihələri reallaşdırmaqdan ibarət olduğunu demişdir. Diplomat demişdir: “Düzdür, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır və düşünürəm ki, bizim də həyata keçirəcəyimiz layihələr buna kömək ola bilər”. R.Morninqstar hazırda səfirlik tərəfindən müxtəlif ərazilərdə həyata keçirilən texniki layihələrin icra vəziyyəti barədə danışmış, eyni zamanda, 45 məcburi köçkün uşağın müxtəlif kurslara cəlb olunması üçün yaradılacaq yay məktəbindəki layihələrin reallaşdırılması məqsədilə maliyyələşmənin təsdiqləndiyini bildirmişdir. Diplomat bu yaxınlarda Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbin fəaliyyəti ilə yaxından tanış olacağını da diqqətə çatdırmışdır.

Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratlardan danışan səfir onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaqdan ibarət olmasından məmnunluğunu bildirmiş, ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirmişdir. Bu sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyən diplomat Azərbaycanda gedən iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaq bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırmışdır.

Azərbaycan hökuməti adından diplomata təşəkkürünü bildirən Əli Həsənov belə layihələrin həyata keçirilməsinin vacibliyindən danışmış, bütün bunların məcburi köçkünlərin istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onlar arasındakı reabilitasiya problemlərinin həllində mühüm rol oynayacağını bildirmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

AzərTAc

 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında