Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonun işğalı nəticəsində ölkəmizə, təqribən, 500 milyard dollar ziyan dəymişdir
Azərbaycan torpaqlarının 20 faizi 20 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. İşğalın ölkəmizə və xalqımıza vurduğu maddi-mənəvi ziyanın miqyası ölçüyəgəlməzdir. Bu gün ümumən dünyanın ən aktual problemlərindən biri olan silahlı münaqişələr, fantastik məbləğə çatan hərbi xərclər bəşəriyyətə hədsiz fəlakət və məhrumiyyətlər hesabına başa gəlir. Silah və müharibə özü ilə qan, ölüm və səfalət gətirir. Buna “yox” deyən, öz etiraz səsini ucaldan ölkələr arasında münaqişə və işğaldan əziyyət çəkən Azərbaycan da vardır. AzərTAc Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, professor Xanhüseyn Kazımlının bu və digər qlobal problemlər, habelə Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulan maddi-mənəvi ziyanın qiymətləndirilməsi ilə bağlı qeyd və düşüncələrini təqdim edir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmlənməsinin strateji stimulları, habelə xəyanətkar erməni təcavüzünün ifşa edilməsinin başlıca konturları və prioritet istiqamətləri də müəyyənləşdirilmişdir. Öz havadarlarının riyakar siyasətinin icra olunmasında bir alətə çevrilən erməni təcavüzkarları tərəfindən Azərbaycana məxsus tarixi ərazilərin işğalı, bu təcavüzün xalqımızın maddi və qeyri-maddi mədəni irsinə, intellektual potensialına, mənəvi-psixoloji sabitliyinə qarşı daimi təhlükə mənbəyinə çevrilməsi reallıqları məhz bundan sonra beynəlxalq səviyyədə sübuta yetirilməkdədir.
Nə qədər acı olsa da, bir faktı etiraf etməliyik ki, dünya əhalisinin firavan həyat tərzi keçirən beşdə bir hissəsinin bütün dünya sərvətlərinin beşdə dördünü istehlak etmək imkanına malik olmasına baxmayaraq, əhalinin böyük maddi və sosial çətinliklərlə üzləşən 80 faizi bu nemətlərin 20 faizinə möhtac qalmaqdadır. Üstəlik, dünyada hər il hərbi sahəyə xərclənən milyardlarla vəsaitin daha böyük sürətlə artmasının da şahidiyik.
Statistika göstərir ki, Yer kürəsində hərbi xərclərə yönəldilən vəsaitin artım sürəti ölkələrin sosial-iqtisadi inkişafına ayrılan vəsaitin orta illik artım tempini üstələyir. Bu da dünyada hökm sürən maliyyə-iqtisadi böhranın əsas səbəblərindən biri kimi izah oluna bilər. Eyni zamanda, müasir silah arsenalının, güclü qoşun birliklərinin çoxalmasına paralel olaraq, son illər ərzində Yer kürəsində münaqişələrin sayı da artmaqdadır. Əgər 35 il bundan əvvəl dünyada 10 münaqişə ocağı vardısa, indi onların sayı 65-ə çatmışdır. Nəticədə, dünyada hər il on minlərlə insan məhv olur.
Ekoloji fəlakətlər də bu prosesə sürətləndirici təsir göstərir. Son 50 ilin məlumatları göstərir ki, planetimizdəki mövcud təbii bataqlıqların yarısı qurumuş, eyni zamanda, ekoloji amillərin və torpağa qayğısızlığın nəticəsi olaraq dünyada münbit ərazilərin 40 faizi yararsız hala düşmüşdür. 2005-2010-cu illərin statistikasına əsaslansaq, hər il dünyada təxminən 13 milyon hektar meşə sahəsi məhv edilir ki, bu da ABŞ-ın Luiziana ştatının ərazisinə bərabər bir sahə deməkdir.
Hazırda Azərbaycanın Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanılan meşə sahələri işğal olunmuş bütün ərazilərin yarıdan çoxunu təşkil edir. Bir vaxt azərbaycanlılara divan tutanlar indi də meşələrimizi, qoruqlarımızı, ziyarətgahları, məscidləri, körpüləri, bulaqları, kəhrizləri və yüzlərlə digər tarix-memarlıq və təbiət abidələrimizi məhv etməkdədirlər.
Bəzən təbiətimizə və insanlarımıza, habelə nəticə etibarilə bütün bəşəriyyətə qarşı yönəlmiş belə amansızlığın, onun gələcəkdə bütün canlılar üçün törədə biləcəyi bəlaların səbəblərini izah etməkdə, beynəlxalq səviyyədə ictimailəşdirməkdə çətinlik çəkirik. Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olmuşdur. İndi də müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməllər üzərində davam etdirir. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar. Bununla belə, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb, bəzən hətta iyrənc xarakter alan siyasi-hərbi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla və işgəncələrlə köçürülmələrə, habelə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında XX əsr boyunca aparılan soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.
Dağlıq Qarabağ ətrafında yaranmış münaqişə dərin tarixi köklərə malikdir. Onun ideoloji əsasları XIX əsrdə və ondan əvvəl “Aralıq dənizindən Xəzərədək olan ərazidə böyük Ermənistan” dövlətinin mövcudluğu barədə sərsəm ideyanı irəli sürmüş erməni tarixçiləri tərəfindən qoyulmuşdur. 1905-ci və 1918-ci illərdə ermənilər Azərbaycanın torpaqlarında, o cümlədən Qarabağda iğtişaşlar törədərək tarixi ərazilərimizin bir hissəsini ələ keçirmişlər. 1918-ci ilin martında, hər bir azərbaycanlı üçün əziz olan Novruz bayramı günlərində isə erməni hərbi birləşmələri Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran və digər bölgələrimizdə on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirmişlər.
XX əsrin əvvəllərində hadisələr ona gətirib çıxarmışdır ki, tarixi Azərbaycan torpaqlarının daha bir qismi ermənilərə verilmiş və onun əsasında Ermənistan Respublikası peyda olmuşdur. Ardınca Azərbaycan ərazisində süni şəkildə Dağlıq Qarabağ vilayəti yaradılmış, 1948-ci ildən başlayaraq azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiyasına yenidən start verilmiş və həmin proses keçmiş sovet rəhbərliyi tərəfindən 1953-cü ilədək davam etdirilmişdir.
1988-ci il Azərbaycana yönələn erməni təcavüzünün yeni mərhələsinin başlanğıcı olmuşdur. Ermənistan və onun riyakar havadarları mövcud əlverişli siyasi vəziyyətdən və dövlət idarəçiliyindəki boşluqlardan məharətlə istifadə etməklə etnik təmizləmə apararaq bütün azərbaycanlı əhalini axırıncı nəfərədək Ermənistandakı doğma torpaqlarından qovub çıxarmışlar. Kütləvi qətllər, işgəncələr və dağıntılarla müşayiət olunan bu proses 1989-cu ildə 220 min azərbaycanlının öz doğma yurd-yuvalarından zorakılıqla qovulması ilə başa çatmışdır. Bu vəhşi aksiyalar nəticəsində min nəfərdən artıq insan işgəncələrə məruz qalaraq həlak olmuşdur ki, onların da çoxunu qocalar, qadınlar və uşaqlar təşkil etmişdir. Vətəndaşların əmlakı talan olunmuşdur.
Bundan sonra münaqişə ocağı Qarabağa köçürülmüşdür. 1989-cu il dekabrın 1-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə Ermənistan Ali Sovetinin bədnam, hüquqazidd qərarı ilə münaqişə bilərəkdən qızışdırılmışdır. 1992-ci il fevralın 25-26-da erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının yardımı ilə Xocalı şəhərinə hücum təşkil etmişlər. Nəticədə dinc əhaliyə qarşı vəhşicəsinə soyqırımı aktı həyata keçirilmiş: 613 nəfər dinc sakin qətlə yetirilmiş, 487-si yaralanmış, 1275 nəfər əsir və girov götürülmüş, yüzlərlə insan itkin düşmüşdür. Əsirlikdən qayıdanlar erməni qəsbkarlarının vəhşiliklərindən danışır, azərbaycanlı əsirlərin saxlanma şəraitinin faşist düşərgələrindəkindən də dəhşətli olduğunu söyləyirlər.
Ermənistan silahlı qüvvələrinin yalnız 1988-1994-cü illər ərzində Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən başlıca problemidir və münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qeyd-şərtsiz və dərhal boşaldılması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul etmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilmişdir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır ki, davam edən danışıqlar həmin qurumun ikili standartlar qarşısında təslimçiliyi və Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməmişdir.
Təcavüzkarlıq, talançılıq və soyğunçuluq əməllərini özünə peşə etmiş erməni hərbi birləşmələri Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq havadarlarının köməyi ilə ətrafda yerləşən 7 Azərbaycan rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl rayonlarını da zəbt etmişlər. Onu da qeyd edim ki, həmin rayonlardan başqa elə bölgələrimiz vardır ki, orada da bir sıra yaşayış məntəqələri erməni qəsbkarlarının işğalı altındadır. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə birinin işğalı ilə yanaşı, 20 minə yaxın soydaşımız həlak olmuş, 50 min nəfər yaralanmış və əlil olmuş, 5 min insan itkin düşmüş, bir milyondan artıq insan öz torpağını, ev-eşiyini itirərək qaçqın və məcburi köçkünə çevrilmişdir.
Bundan əlavə, müharibə və ərazilərin işğalı nəticəsində Azərbaycan böyük miqdarda sosial-iqtisadi itkilərə məruz qalmışdır. Erməni silahlı qüvvələri zəbt etdikləri ərazilərdəki 1421 mədəniyyət evini və klubu, 733 kitabxananı, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatrı, 3 qalereyanı, 464 tarixi abidəni, 40 min ədədə yaxın tarixi eksponatı və 4,6 milyon kitab fondunu dağıdaraq məhv etmişlər. İşğal altındakı 22 muzeydən 40 min ədəd qiymətli əşyalar, daş-qaş, xalçalar və digər dəyərli tarixi eksponatlar qarət edilərək Ermənistana və onun hüdudlarından kənara aparılmışdır.
İlkin hesablamalar göstərir ki, itkilərin ümumi məbləği 370 milyard ABŞ dollarından artıqdır. Uşaqlarımıza, qadınlarımıza, qocalarımıza vurulan mənəvi zərbənin dəhşətlərini, insanlarımızın mənəvi sarsıntılarını, məhrumiyyətlər hesabına itirdiklərimizi dəyərə çevirmək beynəlxalq qiymətləndirici və hüquqşünas ekspertlərin müzakirəsindədir. Güman edilir ki, bunların dəyəri 210 milyard ABŞ dollarından çox olacaqdır.
Bu dəhşətli faciələrə, qlobal maddi-mənəvi itkilərə baxmayaraq, Azərbaycan sülh və əmin-amanlıq çağırışlarına davam etməkdədir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, əsas məqsədimiz torpaqlarımızı istənilən yolla geri almaq, Azərbaycan bayrağının Qarabağın paytaxtı və Azərbaycanın dilbər guşəsi Şuşada dalğalanmasına nail olmaq, tarixlər boyu hiyləgər qüvvələr tərəfindən bir də belə dəhşətli faciələrin yaşanmasına imkan verməməkdən ibarətdir. Bu sözlər isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur: “Azərbaycan işgüzar əməkdaşlığa ”hə", müharibəyə, münaqişəyə, terrora və soyqırımına “yox” deyir".
Xalqımızın bu mövqeyi dünya əhalisinin yer üzündə sülh və əmin-amanlığın bərqərar olması, bəşəriyyətin sosial-iqtisadi həyat tərzinin daha da yaxşılaşdırılmasının təmin edilməsi kimi başlıca arzuları ilə həmahəng səsləşir və üst-üstə düşür.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.