Martın 17-də Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların birinci toplantısı işə başlamışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli toplantını açaraq tədbirdə BMT-nin müxtəlif qurum və missiyalarında, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların müxtəlif ölkələrdə fəaliyyət göstərən ofislərində işləyən Azərbaycan vətəndaşlarının iştirak etdiklərini söyləmişdir.
Diqqətə çatdırılmışdır ki, toplantının məqsədi beynəlxalq təşkilatlarda iş təcrübəsinə malik azərbaycanlılar arasında əlaqələndirmənin yaradılması, əməkdaşlıq istiqamətlərinin və gələcək fəaliyyət strategiyasının çərçivələrinin müəyyənləşdirilməsi, qarşıya çıxan problemlərin və onların həlli yollarının müzakirəsidir. Bu baxımdan beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların ilk toplantısı yeni ideyaların ortaya çıxması baxımından əhəmiyyətli platformadır.
Toplantının “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlılarla bağlı mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda plenar iclasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış etmişdir.
Novruz Məmmədov ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği işində beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların üzərinə mühüm vəzifə düşdüyünü bildirmişdir. Prezident Administrasiyasının rəsmisi toplantının əhəmiyyətini vurğulayaraq belə təşkilatlanmanın zəruriliyini qeyd etmiş, bu baxımdan beynəlxalq qurumlarda çalışan azərbaycanlıların görüşlərinin ənənəvi olaraq keçirilməsini təklif etmişdir.
Diqqətə çatdırılmışdır ki, beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar olduqları ölkədə, çalışdıqları qurumda həm də Azərbaycan xalqının bir nümayəndəsi kimi fəaliyyət göstərirlər. Buna görə də onlar xaricdə Azərbaycan reallıqlarının təhrif edilməsi, ölkəmizlə bağlı düzgün olmayan məlumatların yayılması hallarına qarşı ciddi səylə mübarizə aparmalıdırlar.
Bildirilmişdir ki, bu gün beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı artıq yüzə yaxındır. Təqdirəlayiqdir ki, onların fəaliyyətləri də uğurludur, işlədikləri təşkilat daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər.
Prezident Administrasiyası rəhbərinin müavini müstəqilliyimizin ilk illərində Azərbaycanın beynəlxalq aləmdə informasiya blokadasından çıxarılmasında, qonşu dövlətlər ilə münasibətlərinin yaxşılaşmasında və dünyada mövqeyinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmişdir.
Novruz Məmmədov Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemindəki yerindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi uğurlardan, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olmasından, respublikamızdakı demokratik mühitdən də danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya öz inkişaf modelini təqdim etmişdir. Sevindirici haldır ki, indi ölkəmizin bu inkişaf təcrübəsini dünyanın müxtəlif hissələrində təqdir edir və bölüşürlər. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, əhəmiyyətli layihələrin təşəbbüskarı və tərəfdaşı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkədir. Hazırda Azərbaycanın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tariximizdə ən əlamətdar hadisələrdən hesab olunur.
Xarici işlər nazirinin müavini Araz Əzimov toplantıda çıxış edərək beynəlxalq təşkilatlarda çalışan vətəndaşlarımızın öz fəaliyyətləri ilə hər bir formada Azərbaycan barədə təsəvvür formalaşdırdıqlarını söyləmişdir. Qeyd etmişdir ki, onların ölkəmiz haqqında müsbət təəssürat yaratması təqdirəlayiqdir.
Nazir müavini demişdir ki, beynəlxalq təşkilatlarda Azərbaycan vətəndaşlarının bir-biri ilə əlaqə saxlamaları çox vacibdir və həmin təşkilatın mandatı çərçivəsində bu əlaqələndirmə mümkündür. Bu çərçivədə, həmçinin çevik şəbəkənin yaradılması zəruridir. Məlumat mübadiləsi və əlaqələndirmədə birinci məqsəd Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və onların reallaşdırılmasına imkan yaratmaqdır. Daha bir məqsəd isə beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması üçün onların bir-birinə yardım etmələri, təcrübə mübadiləsi həyata keçirmələridir.
Araz Əzimov qeyd etmişdir ki, dünyada Azərbaycana qarşı çıxan müəyyən qüvvələr vardır və erməni təbliğatı bunlardan biridir. Onlara qarşı layiqli mübarizə aparmaq lazımdır. Bu məsələdə beynəlxalq qurumlarda çalışan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov azərbaycanlıların dünyanın nüfuzlu beynəlxalq qurumlarında təmsil olunduqlarını vurğulamış və onların diaspor təşkilatlarımız ilə sıx əməkdaşlıq etmələrinin önəmini qeyd etmişdir. O, beynəlxalq qurumlarda işləyən azərbaycanlıların öz fəaliyyətlərində ölkəmizlə bağlı həqiqətlərin daha geniş yayılması məsələsinə xüsusi diqqət yetirmələrinin zəruriliyini vurğulamışdır.
Komitə sədri demişdir ki, dünyanın bir çox ölkələrində dövlətin siyasətinə təsir edə bilən, ümumiyyətlə, dünya siyasətinin formalaşmasında iştirak edən transmilli kampaniyalarda azərbaycanlılar mühüm yer tuturlar. Onların bu prosesə cəlb olunmaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaqdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov demişdir ki, vaxtilə Azərbaycan beynəlxalq təşkilatlara yalnız üzv olmaq niyyətini ortaya qoyaraq fəaliyyətə başlayırdı. İndi artıq Azərbaycan beynəlxalq təşkilatların yaradılması təşəbbüsü ilə çıxış edir. O vurğulamışdır ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların prinsiplərinə sadiq qalaraq təmsil olunduqları qurumlarda ölkəmizin maraqları naminə fəaliyyət göstərirlər və bu istiqamətdə səylər daha da gücləndirilməlidir.
S.Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması istiqamətindəki xidmətlərindən bəhs etmişdir. O demişdir ki, Prezident İlham Əliyevin Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu dövrdə görülən işlərin nəticəsidir ki, bu təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra mühüm qərar və qətnamələr qəbul etmişdir.
“Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi nəzərə alınır”, - deyən S.Seyidov bu işlərin ən yüksək səviyyəyə çatdırılmasının zəruriliyini vurğulamış, bu baxımdan toplantının əhəmiyyətini qeyd etmişdir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının keçmiş baş katibi Ramil Həsənov və BMT-nin Bakıdakı ofisinin əməkdaşı Məzahir Əfəndiyev bildirmişlər ki, beynəlxalq təşkilatlarda işləyən hər bir azərbaycanlı fəaliyyət göstərdiyi qurumda bacarığını ön plana çıxarmalı, layihələrin hazırlanmasında və reallaşmasında, proqramların həyata keçirilməsində fəallıq nümayiş etdirməlidir.
Qeyd edilmişdir ki, bu toplantı beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinin əlaqələndirilməsində, təşkilatlanma məsələsində yeni mərhələnin başlanğıcıdır.
Sonra beynəlxalq və regional təşkilatların Azərbaycanda fəaliyyət göstərən mərkəzləri barədə təqdimatlar olmuşdur.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov “Dünya Gömrük Təşkilatının Bakıdakı potensialının gücləndirilməsi üzrə regional ofisinin fəaliyyəti”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması” ilə bağlı məruzələrlə çıxış etmişlər.
Tədbir işini “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrların şəbəkələşməsi: imkanlar və vasitələr” mövzusunda müzakirələrlə davam etdirmişdir.
Toplantı martın 18-də başa çatacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.