Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilmişdir

Martın 14-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilmişdir.

Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanmışdır.

Hesabatda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın bütün sahələrində baş verən müsbət dəyişikliklər, Dövlət proqramlarının icrası vəziyyəti dolğun əks etdirilmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2013-cü ildə fəaliyyəti barədə hesabat verir.

Oqtay Əsədov Nazirlər Kabinetinin hesabatında dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərin ətraflı əksini tapdığını və təhlil olunduğunu demişdir. Sədr bildirmişdir ki, ötən il dünya iqtisadiyyatında bir qədər səngiyən, lakin davam edən iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı hesabatda araşdırılmış və gələcəkdə yerinə yetirilməsi üçün vəzifələr müəyyənləşdirilmişdir. İqtisadiyyatımız 2013-cü ildə də xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlamışdır. Makroiqtisadi sabitlik qorunmuş, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyiş baş vermişdir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam etmişdir. Ölkə iqtisadiyyatında qazanılmış ən uğurlu nəticələrdən biri ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faizdir.

Milli Məclisin sədri demişdir ki, bizim üçün digər önəmli fakt iqtisadiyyatımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz bəndi artaraq 56,6 faiz olmuşdur. Hesabat ili ərzində Dövlət Neft Fondunun vəsaitləri 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatmışdır. Ölkədə həyata keçirilən pul- kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14,1 milyarda çatmışdır. İl ərzində manatın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır. Hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi arasındadır. Hesabat ilində sahibkarlığın inkişafına, qeyri-neft sektoruna, sosial infrastruktur layihələrinə investisiya qoyuluşları üçün əlverişli şərait yaradılmışdır.  Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Hesabat ilində sahibkarlıq, qeyri-neft sektoru inkişaf etmiş, ölkə üzrə 28 milyard dollar sərmayə qoyulmuşdur. Sərmayələrin 62 faizindən çoxu daxili mənbələr hesabına təmin edilmişdir.

Hesabatdan göründüyü kimi, iqtisadiyyatda işçilərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatmışdır. İlin yekununa görə, yoxsulluğun səviyyəsi 5,3 faiz təşkil etmişdir.

Sədr hökumətin 2012-ci ildə Nazirlər Kabinetinin hesabatının təqdimatı zamanı deputatların verdiyi təkliflərə diqqətlə yanaşıldığını və ötən il nəzərə alındığını bildirmişdir.

* * *

Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış etmişdir.

– Hörmətli sədr!

– Hörmətli deputatlar!

Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilmişdir. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafın başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir. Bu məqsədə nail olunması üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi və regionların davamlı inkişafı təmin edilmişdir. 

Qazanılmış müvəffəqiyyətlər günün çağırışlarına uyğun müasir idarəçilik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin qayəsini təşkil etmişdir.

Ötən il dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin  inkişafının davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçirilmişdir. Seçicilər rəhbərliyi dövründə real işləri ilə xalqın etimadını qazanmış İlham Əliyevi dəstəkləmişlər.

Son on ildə iqtisadiyyatda əldə olunmuş yüksək nəticələri aşağıdakı rəqəmlər bir daha əyani təsdiq edir. Belə ki, bu dövrdə ümumi daxili məhsulun həcmi 3,2 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sahəsinə 15,3 dəfə, kredit qoyuluşları 23,0 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, minimum əməkhaqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 7,4 dəfə azaldılmış, 1 milyon 200 min yeni iş yeri yaradılmışdır.

Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlmişdir. O cümlədən artım sosialyönümlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipləri təmin edilmişdir.

Hesabat ilində ümumi daxili məhsulun real artımı 5,8 faiz, qeyri-neft sektorunda isə 10,0 faiz olmuşdur. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22,0 milyard manat investisiya cəlb edilmişdir. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınmışdır. Əhalinin gəlirləri 8,0 faiz artmış, onun adambaşına düşən hissəsi 4,0 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.

Minimum əməkhaqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq məvacib 6,2 faiz artırılaraq, 423 manata çatdırılmışdır.

Qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır.

Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək, 19,5 milyard manat təşkil etmişdir.

Hesabat dövründə dövlət büdcəsinin xərclərində sosial təyinatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək, 6,2 milyard manat məbləğində olmuşdur.

Ölkədə həyata keçirilən tarazlaşdırılmış maliyyə və pul siyasəti inflyasiyanın aşağı səviyyədə saxlanılmasına və manatın sabitliyinin qorunmasına zəmin yaratmışdır.

İlin sonuna 50 milyard ABŞ dolları məbləğinə çatdırılan və ümumi daxili məhsulun təqribən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən birinə çevrilmişdir.

Bu dövrdə əhalinin banklardakı əmanətləri 25,1 faiz artaraq, 6,4 milyard manatı ötmüşdür.

Göstərilən nailiyyətlərin dünyada 2008-ci ildən bəri davam edən qlobal maliyyə və iqtisadi böhran şəraitində mümkün olması da diqqətçəkən məqamdır.

Hesabat ilində regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası təmin edilmişdir. Proqramlar çərçivəsində yollar çəkilmiş, əhalinin qaz, elektrik enerjisi, su təchizatı və sosial infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bölgələrin prioritet inkişafını nəzərə alaraq, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin 70 faizindən çoxu regionlara istiqamətləndirilmişdir.

Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icrasına 34,7 milyard manat vəsait yönəldilmişdir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülmüş əhəmiyyətli işləri xüsusilə vurğulamaq istərdim. Son on ildə 3400 kilometrdən artıq içməli su xətti, 1200 kilometrdən çox kanalizasiya xətti, xeyli sayda su anbarı, nasos stansiyası və kəndlərdə modul tipli sutəmizləyici qurğular inşa edilmişdir. Görülmüş işlərin məntiqi nəticəsi olaraq, ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Məcburi köçkünlərin yaşayış şəraitinin və sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ötən ildə də davam etdirilmişdir. İl ərzində 29 min nəfərə yaxın məcburi köçkün hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşdür.

Məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat vəsait xərclənmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə son on ildə bu məqsədlərə 3,6 milyard manat maliyyə vəsaiti sərf edilmişdir.

Hörmətli deputatlar!

2013-cü ildə neft-qaz sahəsinin gələcək inkişafı üçün önəmli addımlar atılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə yekun Saziş imzalanmışdır.

Azərbaycan qazının dünya bazarına çıxarılması məqsədi ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri ilə bağlı müqavilələr imzalanmış və onların həyata keçirilməsinə başlanılmışdır.

Respublikaya böyük həcmdə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına imkan verəcək bu layihələr ölkənin və xalqın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin davamı olaraq, hesabat ilində elektrik stansiyalarının ümumi gücü 12,9 faiz artırılmış və 7 min meqavatı ötmüşdür. Ümumən, son on ildə 17 elektrik stansiyası tikilərək istismara verilmiş, 15 min kilometrdən artıq elektrik xətti çəkilmiş, 1600-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar-sənaye kompleksində də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmuşdur.

Hesabat ilində kənd təsərrüfatında istehsal 4,9 faiz artmış, əsas məhsulların istehsalında müsbət nəticələr əldə edilmişdir.

Yaradılmış iri taxılçılıq təsərrüfatlarında qeydə alınmış yüksək məhsuldarlıq ardıcıl həyata keçirilən ərzaq təhlükəsizliyi kursunun düzgünlüyünü təsdiq etmişdir.

Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olaraq mövcud vergi azadolmalarının müddəti daha 5 il uzadılmışdır.

Dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına sahənin texniki təminatının yaxşılaşdırılması üzrə mühüm işlər görülmüşdür.

Ötən il Taxtakörpü kompleksinin istifadəyə verilməsi əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su ehtiyatlarının artırılmasına və elektrik enerjisi istehsalına imkan yaradacaqdır.

2013-cü ildə yol-nəqliyyat kompleksində yük və sərnişin daşınmalarında artıma nail olunmuş, nəqliyyat parklarının yenilənməsi ilə bağlı konkret addımlar atılmışdır. Avtomobil yollarının tikintisi və təmiri işləri davam etdirilmiş, çoxlu sayda körpülər və keçidlər inşa olunmuşdur.

“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmış, sahənin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Keçən il 50 elektron ATS istismara verilmiş, ölkənin telefon şəbəkəsinin ümumi tutumu xeyli genişləndirilmişdir.

“Elektron hökumət portalı”nın fəaliyyəti təkmilləşdirilmiş, ona qoşulan mərkəzi icra hakimiyyəti orqanlarının və göstərilən elektron xidmətlərin sayı artırılmışdır.

Hörmətli deputatlar!

2013-cü ildə humanitar sahələrin inkişafı ilə bağlı Dövlət proqramlarının icrası ardıcıl həyata keçirilmişdir. Bu seqmentin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş,  çoxsaylı sosial infrastruktur obyektləri istifadəyə verilmişdir.

Təhsilin müasir tələblərə uyğun yeniləşdirilməsi, pedaqoji kadrların hazırlığının təkmilləşdirilməsi, yeni maliyyə mexanizmlərinin tətbiqi ilə bağlı konkret işlər görülmüşdür.

Ötən il 300-ə qədər yeni ümumtəhsil məktəbi binası inşa edilmiş və əsaslı təmir olunmuşdur. Son on ildə tikilmiş məktəblərin sayı onların bu günə mövcud olan ümumi sayının yarıdan çoxunu təşkil edir.

Səhiyyə sahəsində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri yaradılmış, əhaliyə göstərilən xidmətin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artırılmışdır. Bir çox xəstəliklər üzrə ölüm hallarının göstəriciləri kəskin aşağı düşmüş, orta tibb mütəxəssislərinə olan tələbatın ödənilməsi məqsədi ilə yeni təhsil müəssisələri açılmışdır.

Hesabat ilində respublikada mədəniyyətin bütün sahələrinin inkişafı, mədəni irsin qorunub saxlanılması, tarixi abidələrin öyrənilməsi və bərpası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ölkənin böyük turizm potensialının reallaşdırılması və müvafiq infrastrukturun yaradılması istiqamətində zəruri addımlar atılmışdır.

Hörmətli deputatlar!

Əvvəlki illərdə olduğu kimi, Nazirlər Kabineti ölkənin hərbi gücünün artırılmasına, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Silahlı Qüvvələrin ən müasir hərbi texnika və silahlarla təmin edilməsinə prioritet istiqamət kimi xüsusi diqqət yetirmişdir. Orduda aparılan quruculuq işlərinə uyğun olaraq, hərbçilərimizin döyüş hazırlığının və peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmişdir. Ümumilikdə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3,0 milyard manat vəsait ayrılmışdır.

Hörmətli deputatlar, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev qazanılan uğurlu nəticələrin  daha da möhkəmləndirilməsi üçün hökumətin qarşısında duran konkret vəzifələri və prioritetləri dəqiq müəyyənləşdirmişdir. Nazirlər Kabineti bu tapşırıqların həyata keçirilməsini özünün fəaliyyət proqramı kimi qəbul etmişdir.

Diqqətinizə görə sağ olun!

* * *

Sonra Nazirlər Kabinetinin hesabatı ilə əlaqədar müzakirələr başlanmışdır. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini vurğulamışlar. Çıxışlarda bildirilmişdir ki, Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilmiş, bütün əsas göstəricilər öz əksini tapmışdır.

Qeyd edilmişdir ki, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastruktur uğurla inkişaf edir.

Bildirilmişdir ki, ötən il ölkəmizin dünyada mövqeyi daha da möhkəmlənmişdir. Nəzərdə tutulan iqtisadi islahatlar ardıcıl həyata keçirilmişdir. Qarşıya qoyulan məqsədlərə nail olunması Azərbaycan xalqının maraqlarına, ölkənin inkişafına uyğun düzgün siyasi-iqtisadi taktika seçildiyini bir daha təsdiqləyir.

Diqqətə çatdırılmışdır ki, regionların inkişafı istiqamətində həyata keçirilən proqramlar sayəsində bölgələrimiz xeyli inkişaf etmişdir. Bu isə sənayenin yeni sahələri üçün əlverişli şərait yaratmışdır. Ölkədə çoxsaylı yeni istehsal müəssisələri açılmışdır. Sosial quruculuq sahəsində görülən işlər, büdcədən hər il sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması, 1 milyon 200 min yeni iş yerinin yaradılması xalqın rifahını daha da yaxşılaşdırır.

Hesabat ilinin ən əlamətdar hadisələrindən biri ölkədə keçirilən demokratik, şəffaf prezident seçkiləri olmuşdur. Eləcə də “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması, “ASAN xidmət” timsalında sosial innovasiyalara geniş start verilməsi ötən ilin mühüm hadisələridir.

2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atıldığını deyən deputatlar hesabatda əks olunmuş statistik göstəricilərin də bunu təsdiqlədiyini bildirmişlər. Ötən il ölkəmizdə kosmik sənayenin yaranması və Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1"in orbitə buraxılması da təqdirəlayiq hal kimi dəyərləndirilmişdir. Həmçinin ötənilki müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınmasının  müsbət hal olduğu bildirilmişdir.

Hökumətin qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər də yüksək dəyərləndirilmişdir.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilmişdir.

Sonra Milli Məclisin deputatları Cinayət və Cinayət-Prosessual məcəllələrində, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxmışlar.

Bildirilmişdir ki, hər üç qanun layihəsində edilmiş dəyişikliklərdə məqsəd terrorçuluqla mübarizədə görülən tədbirlərin səmərəliliyini artırmaqdır.  

Müzakirələrdən sonra hər üç qanun layihəsi təsdiqlənmişdir.  

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında