Martın 7-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfrans keçirilmişdir.
Mətbuat Şurasının sədri Əflatun AMAŞOV konfransı açaraq Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırmış, din-dövlət münasibətlərindən, respublikamızda bu sahədə olan qanunvericilikdən, tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə tolerantlıq mühitinin yaradılmasında medianın rolu böyükdür. Azərbaycan mediası dövlətimizin dini azadlıqlarla bağlı həyata keçirdiyi siyasəti həmişə dəstəkləmişdir. Azərbaycan qanunvericiliyində dövlət-din, din-cəmiyyət münasibətləri kifayət qədər aydın əksini tapmışdır. Konfransın məqsədi ölkədə dini durum sahəsində vəziyyəti müzakirə etmək, mövcud meylləri izləmək və düzgün çıxış yolları tapmaqdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV konfransda çıxış edərək dedi:
– Dünya tarixinin bütün mərhələlərində, o cümlədən qloballaşmanın vüsət aldığı müasir dövrdə din və missionerlik amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri məsələsi daim geniş müzakirə mövzusu olmuş və öz aktuallığı ilə seçilmişdir. Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konvensiyaların, təriqətlərin, institutların, cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır.
Azərbaycan Respublikasında din-dövlət münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqad azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s. hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir.
Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Hökumət, hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və s. ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Bundan başqa, dövlətimizin başçısının sərəncamı ilə dini icmalara birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir.
Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlamışdır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açmış və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər.
Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır. Bu gün Yaxın Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsir altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz.
Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir.
Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır.
Konfransın çox aktual mövzuya həsr olunduğunu bildirən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV demişdir ki, artıq Azərbaycanın dünyada tanınan və dünya tərəfindən öyrənilən inkişaf modeli vardır. Bu model təkcə iqtisadiyyatı deyil, həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycanın qazandığı bu uğurlar, ölkə daxilində möhkəm milli birliyin, vətəndaş həmrəyliyinin olması ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin bəhrəsidir. Azərbaycanda həmişə sağlam dini dözümlülük mühiti olmuşdur. Bu mühit müstəqillik illərində daha da inkişaf edib möhkəmlənmişdir. Bunun əsasında ulu öndər Heydər Əliyevin müasir dövr üçün işləyib hazırladığı Azərbaycançılıq ideologiyası durur. Bu ideologiyanın əsas prinsiplərindən biri tolerantlıqdır. Ümumiyyətlə, tolerantlıq Azərbaycan xalqının yüksək dəyərlərindən biridir. Azərbaycanda İslam dini ilə bərabər, digər dinlərə də hamı hörmətlə yanaşır. Ölkədə dini məbədlər tikilir, bərpa olunur. Yəni, Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur. Amma bu da həqiqətdir ki, missionerlik də vardır. Bunlar Azərbaycanı, Azərbaycanda sabitliyin mövcud olmasını istəməyən qüvvələrin işidir.
Bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşdüyünü bildirən B.Sadıqov qeyd etmişdir ki, problem kütləvi informasiya vasitələrində əsasən düzgün işıqlandırılır. Amma bəzən sensasiya yaratmaq naminəmi, yaxud bilməməkdən və ya bilərəkdən müəyyən məsələlərə yanaşmaqda kütləvi informasiya vasitələri tərəfindən səhvlərə yol verilir.
Fikirlərini missioner təşkilatların Azərbaycan insanını təhrikçilik yolu ilə səhv mövqeyə cəlb etmək üçün atdıqları addımlardan misallarla əsaslandıran Bəxtiyar Sadıqov demişdir: “Hər bir mətbu orqan din-dövlət, din-cəmiyyət mövzularında yazanda həssaslıq göstərməlidir. Mən hesab edirəm ki, missionerlər, təriqətçilər hazırda cəmiyyətimiz üçün o qədər də təhlükə deyillər. Ancaq bundan arxayınlaşmaq olmaz, onlar potensial təhlükədir.
Azərbaycan dövləti bu təhlükəyə qarşı ayıq-sayıqdır. Biz dünən Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsində təriqətçilərə uyaraq gedib başqa ölkələrdə münaqişələrdə, terror qruplaşmalarında iştirak edənlərə qarşı qanunu sərtləşdirmək barədə layihə hazırlayıb parlamentin müzakirəsinə tövsiyə etdik.
Yəni, Azərbaycan dövləti öz tərəfindən lazım olan bütün tədbirləri görür. Mən inanıram ki, bizim mətbuat nümayəndələri də bu işdə daim dövlətin maraqlarını güdəcək və bu məsələlərdə düzgün mövqedə olacaqdır”.
“APA-Holding” MMC-nin prezidenti Vüsalə ABIŞOVA çıxış edərək demişdir ki, Azərbaycan postsovet məkanında çox az ölkələrdəndir ki, bizdə dini etiqad azadlığı haqqında qanun vardır və bu qanun ölkənin real həyatında özünü göstərir. Azərbaycan çox az ölkələrdəndir ki, üç səmavi dinin ibadət ocaqları - məscid, sinaqoq, kilsə yanaşı fəaliyyət göstərir. Ölkədə bütün dinlərin nümayəndələri öz bayramlarını sərbəst sürətdə qeyd edirlər. Amma çox təəssüf ki, bəzi hallarda ictimai müzakirələrdə, həm də mediada dini etiqad azadlığı ayrı-ayrı qrupların öz istəklərinin təbliğ edilməsi, öz iddialarının yerinə yetirilməsi ilə qarışdırılır. Dini etiqad azadlığı, əslində, bir insanın istədiyi dinə inanc və ibadət etməsidir. Azərbaycanda bu sahədə elə bir problem yoxdur. Konkret olaraq, əgər biz öz sahəmizdən - mediadan danışırıqsa, reallıq bundan ibarətdir ki, nəinki ayrı-ayrı dinlərə, hətta ayrı-ayrı dini təriqətlərə meyilli media qurumları vardır. Bu isə dini təriqətlərin şəbəkələşməsi deməkdir. Missionerlər bu şəbəkələrdən geniş istifadə edirlər.
Bizim mətbuatda çalışan jurnalistlər dini məsələlərin mahiyyətinə bir o qədər də varmırlar. Düşünürəm ki, mətbuatda çalışanların bu sahə üzrə ixtisaslaşmasına ehtiyac vardır. Belə olarsa, kütləvi informasiya vasitələrində rast gəlinən bir sıra nöqsanların qarşısı alınar. Biz dini cərəyanlara eyni mövqedən yanaşa bilmərik. Mətbuat radikal dini cərəyanları intellektual dini cərəyanlardan fərqləndirməyi bacarmalıdır. Məhz bu halda səmərəli mübarizə aparmaq mümkündür.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın QULİYEV demişdir ki, biz bu gün sizinlə çox əhəmiyyətli bir məsələni - Azərbaycanın dövlət təhlükəsizliyi, daxili ictimai, siyasi milli təhlükəsizliyi - ən müxtəlif sosial qrupların arasındakı harmoniyanın qorunub saxlanması ilə bağlı çox ciddi məsələni müzakirə edirik.
Azərbaycana dini sektaların müstəqilliyin ilk illərində axın etdiyini vurğulayan A.Quliyev bunların içərisində ölkəmizin dövlət təhlükəsizliyini hədəfə alan qrupların olduğunu bildirərək bunun qarşısının alınmasının vacibliyini diqqətə çatdırmışdır. Baş redaktor demişdir: “Mən də o fikirlə şərikəm ki, bu gün medianın bununla bağlı xüsusi vəzifələri olmalıdır və media bunu dərk etməlidir. Birinci növbədə medianın özü həmin sektaların təsiri altına düşməkdən uzaq olmalıdır, yəni artıq məlumatlar var ki, hətta virtual məkanda xüsusilə aktivləşməyə cəhd göstərirlər, medianı ələ keçirməyə çalışırlar. Belə şəraitdə media mənsubları bir vətəndaş, bir yetkin insan kimi vətəndaşlıq mövqeyi göstərməli və belə təsirlərin altına düşməkdən uzaq olmalıdır. İkincisi, media olaraq biz müəyyən sektalarla bağlı informasiyalara çox həssas yanaşmalıyıq. Bunları cəmiyyətin müzakirəsinə çıxarmalıyıq və biz ictimai qınağı onlara qarşı yönəltməliyik. Mən hesab edirəm ki, Azərbaycanda peşəkar media vardır. Bu media həmişə dövlətçilik mövqeyində durub və bundan sonra da duracaqdır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət BABAOĞLU demişdir ki, bu gün dünyada olduqca böyük qlobal hadisələr baş verir və bu hadisələr içərisində ayrı-ayrı güc mərkəzləri müxtəlif vasitələrlə milli dövlətlərin səlahiyyətlərini məhdudlaşdırmağa cəhd edirlər. Bu gün beynəlxalq münasibətlər sistemində üç qlobal nəzəriyyə hakim mövqe tutur. Bunlardan biri qlobal dövlət nəzəriyyəsidir, ikincisi şəbəkə hakimiyyəti nəzəriyyəsidir, üçüncüsü isə idarə olunan xaos nəzəriyyəsidir. İlk baxışdan belə görünə bilər ki, bu nəzəriyyələr əsasında həyata keçirilən beynəlxalq siyasətin, dünya siyasətinin bugünkü toplantıya nə dəxli var? Amma diqqət etdikdə görəcəyik ki, birbaşa dəxli vardır. Çünki bu gün müxtəlif sektalar, dini cərəyanlar adı ilə fəaliyyət göstərən ayrı-ayrı qurumlar birbaşa məhz islamafob dairələr tərəfindən maliyyələşdirilən və stimullaşdırılan təşkilatlardır. Bu təşkilatların həqiqi dinlərə heç bir aidiyyəti yoxdur. Bu missionerlik fəaliyyəti əlbəttə ki, nəticə etibarilə milli mənəviyyatdan, milli tələbatdan, milli siyasi iradədən doğmadığı üçün milli iradəyə və dövlətçilik maraqlarına ziddir”.
H.Babaoğlu çıxışına davam edərək demişdir ki, bu gün bu mövzu olduqca aktualdır və doğru qoyulmuşdur. Məsələ ondadır ki, din ruhi, mənəvi tələbat olduğu üçün insanlar bu məsələyə münasibətdə çox səmimidirlər. Əgər hər hansı bir cərəyan bir fərd tərəfindən qəbul edildisə o, ona sadiq qalacaqdır və radikal meyillər də buradan doğur. Mən hesab edirəm ki, burada funksional vahid kimi Azərbaycan mətbuatının üzərinə böyük vəzifə düşür. Dini təfəkkürün yanlış formalaşdırılmasının ilkin səbəbləri isə ondan ibarətdir ki, dini maariflənmə düzgün qurulmur. Bu isə nəticə etibarilə ayrı-ayrı fərdlərin müxtəlif cərəyanların təsir altına düşməsinə gətirib çıxarır. Ona görə də, zənnimcə, Azərbaycan mətbuatı bu məsələdə ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Hesab edirəm ki, Azərbaycan mətbuatının bu gün üzərinə düşən əsas vəzifələrdən biri də məhz bu mövzunu keyfiyyətli, obyektiv, elmi əsaslarla işıqlandırmasıdır. Bir də, bütün bunların qarşısını alacaq bir vasitə vardır ki, o da intellektual cəmiyyətdir. Əgər biz intellektual, kreativ cəmiyyət formalaşdırsaq, heç şübhəsiz, bu cür sektaların, cərəyanların da fəaliyyətinə yer olmayacaqdır.
Haqqin.az saytının rəhbəri Eynulla FƏTULLAYEV demişdir ki, bu gün haqqında danışdığımız dini təriqətlərin, sektaların, bir çoxu bizə yaddır. Əslində, onlar dini deyil, ideoloji, siyasi cərəyanlardır. Ona görə də, düşünürəm ki, biz bu haqda açıq danışmalıyıq. Mən mətbuatda bu mövzuda gedən yazıları təqdir edirəm və hesab edirəm ki, demokratik mübarizə aparılmalıdır. Demokratik siyasi sistem çərçivəsində toqquşmalar da olmalıdır, mübarizə də getməlidir. Amma Azərbaycan dövlətinin əsaslarını sarsıda biləcək ideologiyaya Azərbaycanda yer olmamalıdır. Bu ideologiyanın təmsilçiləri əleyhinə yazılmış yazılar təhlil olunmalı və müvafiq qərarlar verilməlidir.
Sosial şəbəkədəki bir sıra şərhlərə münasibət bildirən E.Fətullayev jurnalistlərə qarşı təhqiramiz ifadələr işlədilməsinə etirazını bildirmiş, bunun yolverilməz olduğunu qeyd etmişdir.
Milli Məclisin deputatı Aqil ABBAS müzakirəyə çıxarılan mövzunun aktuallığını vurğulayaraq bu məsələdə mətbuatın, xüsusən də televiziyanın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir. Qeyd etmişdir ki, televiziyalarda müxtəlif proqramlar vardır. Ancaq dini maarifçilik işi zəif qurulmuşdur. Bu məsələyə diqqəti artırmaq çox vacibdir. Qəzetlərdə maarifçilik işi aparılır, amma televiziyalar bu məsələyə diqqət yetirmirlər. Digər bir məsələ isə ruhanilərimizin əsl din ilə dini cərəyanların fərqini bilməməsidir. Zənnimcə, bu məsələyə də diqqət yetirilməlidir.
Aqil Abbas demişdir ki, dini etiqad azadlığı, missionerlik fəaliyyəti məsələsinə kompleks yanaşılmalıdır. Yəni təkcə dövlətdən ummaq azdır. Gərək mətbuat da, cəmiyyət də, qeyri-hökumət təşkilatları da bu işə qoşulsunlar. Mən təklif edirəm ki, Mətbuat Şurası mövzu ilə bağlı bir layihə hazırlasın və bu istiqamətdə sistemli iş aparılsın. Bu cür konfranslar rayonlarımızda, kəndlərimizdə də keçirilməlidir. Bu, fəaliyyətimizin xeyrinə olar.
Milli Məclisin deputatı Çingiz QƏNİZADƏ də parlament komitələrində Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər barədə danışaraq demişdir: “Çox istərdim ki, bu dəyişikliklər qəbul olunandan sonra bizim dəyərli jurnalistlər, dəyərli mətbuat və eyni zamanda, televiziya bu məsələyə xüsusi diqqət yetirsinlər. Çox istəyərdim ki, şou proqramlarının yarım saatını kəsib bu gün milli maraqlarımıza, dövlətə və Azərbaycan vətəndaşlarının hüquqlarına zidd mövqe nümayiş etdirən təriqətlərin fəaliyyəti və eyni zamanda, onlara qarşı dövlətin və qanunverici hakimiyyətin nəzərdə tutduğu sərtləşdirilmiş qanunlar haqqında məlumat verilsin”.
Ç.Qənizadə Cinayət Məcəlləsində terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qüvvədə olan sanksiyaların ciddi şəkildə sərtləşdiriləcəyindən danışmış, bildirmişdir ki, bu cəzanın minimum həddi 8 il, yuxarı həddi isə 12-15 ilədək artırılacaqdır. Ayın 14-də plenar iclasda biz bir məsələyə də baxacağıq.
Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə təqdim olunmuş layihə barədə də məlumat verən Çingiz Qənizadə demişdir ki, Cinayət Məcəlləsində 283.1 maddəsi vardır. Bu maddə milli, irqi, sosial yaxud dini nifrət və düşmənçiliyin salınmasına aiddir. Təbii ki, buna görə məsuliyyət nəzərdə tutulurdu. Amma indi cənab Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan layihəyə əsasən Məcəlləyə yeni - 283-1 maddəsinin daxil olunmasını müzakirə etmişik. Əminəm ki, Milli Məclis ayın 14-də bu maddəni qəbul edəcəkdir. Bu maddə Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə qrup yaratmaq və azyaşlıları buraya cəlb etmək məsələsini daha ağır formada sanksiyalaşdıracaqdır. Biz mətbuatda bu sahədə maarifləndirmə işini daha da fəallaşdırmalıyıq.
Konfransa yekun vuran Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişdir ki, çıxışlarda çox dəyərli fikirlər səsləndirildi. Bu fikirlər göstərdi ki, media rəhbərləri peşəkardırlar və vəziyyətdən çıxış yolları barədə aydın təsəvvürə malikdirlər.
Əli Həsənov Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanmasında Qafqaz Müsəlmanları İdarəsinin xüsusi rolu olduğunu bildirmişdir. O demişdir ki, ölkəmizdə dini tolerantlıq mühitinin qorunub saxlanması və möhkəmlənməsində ən çox maraqlı olan Azərbaycan hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsidir.
Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini Azərbaycanda mövcud olan balansı və modeli gözləyərək həyata keçirir. Eyni zamanda, idarə müvafiq maarifçilik işləri aparır, müzakirələr təşkil edir, kurslar yaradır. Azərbaycanın dini modeli, onun tarixi, Azərbaycan dövlətinin bu sahədə yürütdüyü siyasət təbliğ olunur. Buna görə də Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəstəkləyir. Düşünürük ki, idarənin gördüyü işlər yaxın vaxtlarda daha səmərəli nəticə verəcəkdir.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, dövlət qurumları cəmiyyətdən gələn siqnalları toplamalı, müsbət və zərərli meylləri müəyyənləşdirməli, onları təhlil etməli, ümumiləşdirməli və müvafiq qənaətə gələrək əməli tədbirlər görməlidir. Bu işdə həm də mətbuat, ictimai təşkilatlar, fəal vətəndaşlar və intellektual elita dövlətin resursları kimi çıxış edirlər. Eyni zamanda, mətbuatda əks olunmuş yanlış iddialar da təkzib olunmalıdır. Dövlətin vəzifəsi həm də budur ki, cəmiyyətin çaşmasına, yanlış iddiaların ictimai rəyə ayaq açmasına imkan verməsin. Hesab edirəm ki, biz bugünkü tədbirdə səslənən dəyərli çıxışları nəzərə alacağıq və ümumiləşdirəcəyik.
Əli Həsənov Mətbuat Şurasının belə təşəbbüslərinin bundan sonra da davam etməli olduğunu vurğulayaraq demişdir: “Media orqanları qarşıdurma yaratmaq yox, mövcud problemlərin köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün mesaj vermək istiqamətində işləməlidir”.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.