Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilmişdir

 

Martın 1-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin illik yekunu ilə bağlı hesabat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunmuşdur.

Fondun icraçı direktoru Fərhad Hacıyev ötən dövrdə görülən işlərlə bağlı hesabatla çıxış etmişdir.

İcraçı direktor bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun I qrant müsabiqəsi çərçivəsində 176 layihədən 129-u, II qrant müsabiqəsi zamanı 387 layihədən 170-i, III qrant müsabiqəsinə daxil olmuş 421 layihədən 331-i və yalnız fərdi gənclər üçün elan olunmuş IV qrant müsabiqəsi çərçivəsində 668 müraciətdən 391-i dəstəklənmişdir. Dörd müsabiqədə ümumi müraciətlərin sayı 1641, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olmuşdur. Bu isə ümumi müraciətlərin 62 faizini təşkil edir.

Qeyd olunmuşdur ki, Azərbaycanın beynəlxalq səviyyədə layiqincə təmsil olunması və ölkəmizin dünyada daha geniş coğrafiyada tanıdılması məqsədilə gənclərə səfər qrantları da ayrılmışdır. Bu günədək 56 nəfər gənc beynəlxalq tədbirlərdə iştirak etmək üçün fond tərəfindən maliyyə dəstəyi almışdır. Fondun maliyyələşdirdiyi layihələrdə əmək haqqı alan işçilərin sayı 1374 nəfər, qurumun maliyyələşdirdiyi layihələr çərçivəsində hazırlanmış internet resurslarının sayı 48 olmuşdur. Fondun maliyyə dəstəyi ilə 581 min 933 təbliğat vəsaiti çap olunmuş və paylanmış, maliyyələşdirilən tədbirlərdə dünyanın 62 ölkəsindən gənclər iştirak etmişlər.

F.Hacıyev vurğulamışdır ki, hazırda fondun saytında 290 gənclər təşkilatı və 2438 fərdi gənc qeydiyyatdan keçmişdir. Facebook sosial şəbəkəsində fondun dostlarının sayı 27 min 500 nəfərə, twitter səhifəsinin izləyicilərinin sayı isə 2100 nəfərə çatmışdır.

 

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov çıxış edərək demişdir ki, fondun maliyyələşdirdiyi layihələr əsasən gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə, regionlardakı gənclərin fəallığının artırılmasına, gənclərin beynəlxalq əlaqələrinin inkişafına yönəldilmişdir.

Fondun reallaşdırdığı layihələr çərçivəsində maraqlı tədbirlərin baş tutduğunu qeyd edən T.Süleymanov bildirmişdir ki, qeyri-hökumət təşkilatları sektorunda dövlət tərəfindən maliyyələşdirilən ən çox layihələr məhz gənclər təşkilatlarına aiddir. Bu da gənclərə göstərilən yüksək diqqət və qayğının bariz sübutudur.

Ancaq bu layihələrin icrası gedişində müqavilədən kənar hallara da rast gəlinir. Bu cür çatışmazlıqlar isə təəssüf hissi doğurur. Biz çalışmalıyıq ki, bu cür hallar təkrarlanmasın.

Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən maliyyə dəstəyinin ildən-ilə artdığını deyən gənclər və idman nazirinin müavini, fondun Müşahidə Şurasının üzvü İntiqam Babayev çıxışında dövlətimizin gənclər siyasətindən danışmışdır. İ.Babayev bildirmişdir ki, bu sahədə əldə edilən uğurlar artıq dünya səviyyəsində təqdir olunur. Bizim qazandığımız təcrübə bir sıra ölkələrə örnək göstərilir. Bu sahədə əldə edilən nailiyyətlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun da xüsusi payı vardır. Əminəm ki, fond gənclərlə qurduğu işi gələcəkdə də uğurla davam etdirəcək, yeni-yeni layihələrə imza atacaqdır.

Sonra fonddan maliyyə dəstəyi alan gənclər və gənclər təşkilatlarının nümayəndələri təqdimatlarla çıxış etmiş, layihələri barədə məlumat vermişlər.

Konfransda, həmçinin irəli sürülən təkliflər əsasında cari ildə görüləcək işlər və digər məsələlər müzakirə olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında