Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında qısamüddətli kurslara yekun vurulmuşdur

 

 

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kurslara yekun vurulmuşdur.

DİA-dan AzərTAc-a bildirmişlər ki, fevralın 18-də başlayan kursların təşkilində məqsəd indiki və gələcək nəsillərdə son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında yaddaşı möhkəmləndirmək, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onların ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar edilməməsinə çalışmaq olmuşdur.

İlk dinləyiciləri Dövlət İdarəçilik Akademiyasının tələbələri olmuş bu kursların keçirilməsi gənclərin maarifləndirilməsi və  vətənpərvərlik ruhunun artmasına kömək etməklə yanaşı, dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər haqqında daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı işlərə töhfə vermək baxımından mühüm əhəmiyyətə malikdir.

Kurslarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda sonuncu mühazirəni oxumuşdur. Münaqişənin nizama salınması prosesində Azərbaycanın diplomatik səylərindən danışan Əli Həsənov ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyini söyləmişdir. Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normalarının da təsdiq etdiyini vurğulamışdır. Bu səbəbdən də biz  Azərbaycan dövlətinin və Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətə dəstək verməliyik. Bildirilmişdir ki, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüzkar siyasətə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. Çünki müasir dünyada güclünün haqlı olduğu bir siyasət yürüdülür. Biz Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq.

Kurslarda Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri  və mərhələləri”, professor Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin böyük elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və böyük dövlətlərin mövqeyi” və başqalarının müvafiq mövzularda mühazirələri dinlənilmişdir.

Kursların sonunda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və digərləri dinləyicilərə sertifikatlar təqdim etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında