Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı
Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etmişdir.
- Bu gün biz Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyəti müzakirə edəcəyik. Ümidvaram ki, iclasımız səmərəli keçəcək və bu sahədə olan problemlərin həllinə müsbət təsir göstərəcəkdir.
Son illər ölkəmizdə baş verən sürətli iqtisadi yüksəliş həyatımızın bütün sahələrində özünü büruzə verir. Təhsil Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir sahədir. Təbiidir ki, bu sahəyə göstərilən diqqət ildən-ilə artır və artmalıdır. Dövlət qurumları tərəfindən atılan addımlar, təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin bir neçə dəfə artırılması, respublika üzrə məktəb tikintisi və məktəblərin əsaslı təmiri, ən müasir avadanlıqla təmin olunması, hər bir məktəbdə kompyuter sinfinin yaradılması bunun sübutudur.
Son on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir.
Bildiyiniz kimi, 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verildi və bu layihə çox uğurla icra olundu. Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar.
Bu gün ölkəmizdə sahibkarlıq çox sürətlə inkişaf edir. Dövlət biznes strukturlarına həm siyasi, həm maliyyə dəstəyi göstərir. Azərbaycan şirkətləri böyük infrastruktur layihələrinin icrasına cəlb olunur. Son on il ərzində dövlət tərəfindən sahibkarlara bir milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Növbəti beş ildə güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənilir. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır.
Mən hesab edirəm ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır. Məktəb tikintisində bu müsbət meyillər özünü çox açıq göstərdi və biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olundu. Hər bir yeni məktəbdə idman meydançası yaradıldı, kompyuter sinifləri açıldı, üzgüçülük hovuzu da tikildi. Hər bir belə məktəb ən müasir avadanlıqla, müxtəlif dərsliklərlə və ədəbiyyatla təmin edildi.
Azərbaycan dövləti öz növbəsində məktəb tikintisini dəstəklədi və beləliklə qeyd etdiyim kimi, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikildi və ya təmir olundu. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcəkdir. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaqdır.
O vaxt Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verdi. Bu layihə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edildi. Biz bu layihənin də icrasında ölkəmizdəki özəl sektor ilə çox gözəl işbirliyi yaratmışdıq.
Heydər Əliyev Fondu bu gün öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verir. Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq.
Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artmışdır. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılmışdır və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılmışdır. Qeyd etməliyəm ki, ilkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılmışdır. Gələcəkdə həmin iş respublika üzrə də aparılacaqdır. Bir qədər sonra Heydər Əliyev Fondunun eksperti monitorinqin nəticələrini sizin diqqətinizə çatdıracaqdır.
Zənnimcə, gələcək fəaliyyətimiz bir neçə istiqamət üzrə qurulmalıdır. Ölkəmizdə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalıdır.
Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar vardır. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Təmirlə bağlı, dediyim kimi, bu bağçaların əksəriyyəti keçən əsrin təxminən 30-40-50-ci illərində inşa olunmuşdur. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın tikintisi daha səmərəlidir. Heydər Əliyev Fondu artıq bir neçə ildir bağça problemi ilə məşğul olur. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Biz belə hallarla tez-tez üzləşirik. Bəzi hallarda yeni bağçanın tikintisi təmirdən daha sərfəlidir.
Azərbaycanda özəl bağçalar mövcuddur. Onların sayının artırılması da dəstəklənməlidir. Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil edilməlidir. Uşaqların sağlamlığı çox vacib məsələdir. Bu bağçalarda uşaqları ən keyfiyyətli yeməklə təmin etmək lazımdır. Tibbi xidmət də ən yüksək səviyyədə olmalıdır.
Bir məsələni xüsusi qeyd etmək istərdim. Bizim monitorinqimiz göstərdi ki, bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşiblər. Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təhsil sisteminə də böyük zərbə vurub. Qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların təhsil məsələləri daim dövlətin, həmçinin Heydər Əliyev Fondunun diqqət mərkəzində olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz bu sahədə nadir təcrübə əldə etmişik. Çünki işğala məruz qalan torpaqlarda işğaldan əvvəl mövcud olan bütün təhsil infrastrukturu qorunub saxlanılıb. Bu, özlüyündə çox nadir bir təcrübədir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması Dövlət Proqramı uğurla icra edilir. Təkcə son il ərzində 28 min məcburi köçkün yeni evlərə köçürülmüşdür. Bu qəbildən olan ailələr üçün yeni evlər, mənzillər inşa olunur. Mən ümidvaram ki, bizim bu təşəbbüsümüz məcburi köçkünlərin uşaq bağçalarından yeni evlərə köçürülməsi prosesinə də müsbət təsir göstərəcəkdir.
Beləliklə, bu gün məktəbəqədər təhsil ocaqlarının inkişafı ilə bağlı böyük layihəyə start verilir. Ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcəkdir.
Sonra Fondun apardığı monitorinqin nəticələri təqdim olundu.
Təqdimatda Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələri haqqında geniş məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun prezidentinin tapşırığına əsasən Bakı şəhəri üzrə mövcud məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti və bu sahəyə olan tələbatın öyrənilməsi məqsədi ilə fondda işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində monitorinq aparılmışdır. Monitorinq zamanı müəssisələrə fərdi baxış keçirilmiş, zəruri məlumatlar toplanılmış və fotoşəkillər çəkilmişdir. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərinin rayon icra hakimiyyətləri, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunmuş məlumatlardan istifadə edilməklə təhlil aparılmış, məktəbəqədər təhsil müəssisələrinin yerləşmə xəritəsi və elektron məlumat bazası hazırlanmışdır.
Sonra elektron xəritə əsasında hazırlanmış məlumat bazası təqdim edilmişdir.
Bildirilmişdir ki, monitorinq zamanı Bakı şəhərində 411 məktəbəqədər təhsil müəssisəsinin olduğu müəyyən edilmişdir. Onlardan 345-i dövlət, 54-ü özəl, 12-si isə müxtəlif müəssisə və təşkilatların tabeçiliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələridir. Müəyyən edilmişdir ki, Bakı şəhəri üzrə mövcud dövlət məktəbəqədər təhsil müəssisələrindən 137-nin əsaslı təmir olunmasına ehtiyac vardır. O cümlədən bu müəssisələrdən 11-i qəzalı və ya istismara tam yarasız vəziyyətdə olduğu üçün müvafiq dövlət qurumları tərəfindən fəaliyyəti dayandırılmışdır. Hazırda 33 uşaq bağçası təmir olunmaqdadır. Məlumat bazası Bakı şəhərindəki bütün məktəbəqədər təhsil müəssisələrini əhatə edir. İstifadə üçün müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarlara təqdim oluna bilər.
* * *
Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli HƏSƏNOV dedi:
- Hörmətli Mehriban xanım!
Hörmətli tədbir iştirakçıları!
Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyevanın rəhbərliyi altında keçirilən bu tədbir ölkəmizin bu günü, gələcəyi üçün çox vacibdir. İndi xatırlayıram, ötən əsrin 70-ci illərinin axırı - 80-ci illərinin əvvəllərində Sumqayıt şəhərində bu sahəyə katib kimi mən nəzarət edirdim. Hələ biz o vaxt belə bir proqram hazırlamışdıq - uşaq bağçası, orta məktəb və ali təhsil müəssisəsi. Bu üç təhsil ocağının birgə fəaliyyətinə bir orqanizm kimi yanaşırdıq. Orta məktəbə gələn uşaqlarda biliklərin bünövrəsi bağçalarda qoyulurdu.
Hörmətli Mehriban xanım, bu gün Sizin diqqət yetirdiyiniz bu sahə həqiqətən həyati vacib bir məsələdir. Belə bir sosioloji sorğu aparmışdıq, evlərdə tərbiyə alıb birbaşa məktəbə gedən uşaqlar və bağçalarda tərbiyə alıb məktəbə gedən uşaqlar. Hər kateqoriya üzrə 50 uşaq seçmişdik. Həm tərbiyədə, həm fiziki, həm də zehni hazırlıqda fərq böyük idi. Ona görə ulu öndər Heydər Əliyev deyirdi ki, gənclər bizim gələcəyimizdir, təhsilə də o cür yanaşırdı, təhsili gələcəyimiz kimi qiymətləndirirdi. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev, Mehriban xanım, şəxsən Siz bu gün çox uğurla həyata keçirirsiniz. Mən bunu qeyd etməyi özümə borc bilirəm ki, dünya ölkələrinin birinci xanımları içərisində Siz öz ölkəsinin Prezidentinə, öz dövlətinə, öz xalqına, millətinə kömək edən birinci xanımsınız. Siz Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafına böyük töhfələr verirsiniz. Siz Azərbaycan qadınlarını bütün dünyada ləyaqətlə təmsil edirsiniz.
Ona görə bu gün müzakirə olunan məsələnin vacibliyini dərk edərək, mənə həvalə olunmuş sahədə Prezidentimizin fərman və sərəncamlarını, xüsusi tapşırıqlarını yüksək səviyyədə həyata keçirməyə çalışıram. Son 10 ildə bizə ayrılmış vəsait çərçivəsində tikilmiş 83 müasir qəsəbə və şəhərcikdə 28 min şagird yerlik 140 orta məktəb binası inşa olunubdur. Beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına isə 130 məktəb binasını təmir etmişik. Həmin qəsəbələrdə 50 müasir uşaq bağçası tikilib, 44 bağça isə təmir olunubdur. Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Siz həmin qəsəbələrin əksəriyyətinin açılışlarında iştirak etmisiniz, məktəblərin, bağçaların yüksək səviyyədə tikilməsinin və təminatının şahid olmusunuz.
Siz qeyd etdiniz, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğala məruz qalıb, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından bu insanların özləri hara gəldi, necə gəldi yerləşiblər. Yəni, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün heç bir sistem, heç bir mexanizm, idarəçilik olmayıbdır. Onları mərkəzləşmiş qaydada yerləşdirə bilməyiblər. Bu insanlar harada boş yer görürdülərsə, orada da yerləşirdilər. O cümlədən, məktəb və bağçalarda da yerləşiblər. Məlumat üçün bildirirəm ki, ölkə üzrə 262 məktəbdə 2 min 800 ailə yerləşmişdir. Son 10 ildə Prezidentin tapşırığı ilə 1800 ailəni artıq məktəblərdən köçürmüşük. Mən xüsusi qeyd etmək istəyirəm ki, Mingəçevirdə, Bərdədə, Ağdamda - 2 rayon, 1 şəhərdə bütün məktəb və bağçalarda köçkünlər yaşayırdı. Artıq biz həmin rayonların və şəhərin bütün məktəblərini, bağçalarını boşaltmışıq. Bakı şəhərində 16 məktəbdə 55 ailə yerləşibdir. Hələlik onlardan 6-nı köçürmüşük. Ölkə üzrə 202 bağçada 3 min 260 ailə yerləşibdir. Prezidentin tapşırığı ilə son vaxtlar biz 540 ailəni artıq bağçalardan köçürmüşük. Bakı şəhərində 133 bağçada yerləşmişdilər. Artıq 50 bağçada yaşayan məcburi köçkünləri yeni qəsəbələrə köçürmüşük. Hazırda bütün respublika üzrə məktəblərdə 1000 ailə, Bakıda isə 49 ailə qalıbdır. Bağçalarda bu gün bütün respublika üzrə 2 min 720 ailə yaşayır.
Azərbaycan Prezidentinin tapşırığı ilə köçürmə zamanı biz ilk növbədə, məhz təhsil ocaqlarını boşaldırıq. Yəqin, bugünkü tədbirin də əhəmiyyətini, Sizin tövsiyələrinizi nəzərə alaraq hesab edirəm ki, Bakı şəhərində bağçalarda yaşayan ailələri yaxın 2 ayda mütləq yeni mənzillərə köçürəcəyik. Bu proses davam edəcəkdir. Təhsil Nazirliyinə, təhsil müəssisələrimizə lazım olan müddətdə də qalan bağçalarda məskunlaşmış məcburi köçkün ailələri yeni mənzillərə köçürüləcəkdir.
Diqqətinizə görə sağ olun.
* * *
Təhsil naziri Mikayıl CABBAROV çıxış edərək dedi:
- Çox hörmətli Mehriban xanım!
Hörmətli tədbir iştirakçıları!
Əvvəlcə bütün təhsil ictimaiyyəti adından Heydər Əliyev Fonduna və onun prezidenti xanım Mehriban Əliyevaya məktəbəqədər təhsilin daha da inkişaf etdirilməsi və kütləvi xarakter alması məqsədlərinə xidmət edən yeni təşəbbüsünə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Məktəbəqədər təhsil müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrədir. O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir. Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir.
Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsildə qoyulur. Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, məktəbəqədər təhsil müəssisələrinə getmiş şagirdlər ibtidai sinifdə daha yuxarı nəticələr göstərirlər. Məndən öncə çıxış edən natiqlər bunu vurğuladılar. Dövlət sərmayələrinin səmərəliliyini təhlil edərkən Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının məlumatına əsasən, ölkənin uzunmüddətli iqtisadi inkişafına daha çox müsbət səmərə verən bütün təhsil pillələrindən ən yüksək təsir edən məhz məktəbəqədər təhsil hazırlığıdır. Lakin bəzi valideynlər məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir, övladlarını evdə tərbiyə etməyə üstünlük verirlər. Bu da uşaqları zəruri tərbiyə, təlim və inkişafyönümlü tədbirlərdən təcrid edir. Təqdirəlayiq haldır ki, son illərdə bu sahədə müəyyən irəliləyişlərə nail olunmuş, məktəbəqədər təhsil müəssisələrində təlim şəraiti yaxşılaşdıqca, şəbəkə genişləndikcə valideynlərin də düşüncələrində müsbət dəyişikliklər baş vermiş, daha çox valideyn övladını məktəbəqədər təhsilə cəlb etməyə maraq göstərməyə başlamışdır.
Hazırda respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz və dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir, çoxsaylı dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atmışdır. Belə ki, bu qruplarda məşğul olmuş uşaqların vaxtından əvvəl birinci sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul edilmişdir.
Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, Mehriban xanım, sizin də vurğuladığınız kimi, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslər mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək və bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Təhsil Nazirliyi özəl investisiyaların cəlb edilməsinin əhəmiyyətini dərk edərək, bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən fiziki və hüquqi şəxslərə lisenziya verilməsi prosedurlarını təkmilləşdirmiş və hazırda lisenziya əsasında fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı artmışdır.
Beynəlxalq əməkdaşlıq səviyyəsində də məktəbəqədər təhsil tədricən ön plana çıxır. Belə ki, Azərbaycanın Avropa İttifaqı ilə 2014-2017-ci illəri əhatə edən birgə fəaliyyət proqramında təhsil məsələləri, xüsusilə məktəbəqədər təhsil prioritet istiqamət kimi müəyyən edilmişdir. UNİCEF ilə əməkdaşlıqda da bu sahəyə xüsusi diqqət yetirilir.
Məktəbəqədər təhsil pilləsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ölkənin gələcək inkişafı baxımından çox vacibdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” məktəbəqədər təhsilin inkişaf etdirilməsinə yönəlmiş bir sıra hədəfləri - məktəbə hazırlıq təhsilinin bir il icbariliyinin təmin olunmasını, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını, qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma sisteminin yaradılmasını, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmanı təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurrikulumların hazırlanmasını özündə ehtiva edir.
Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlər də mövcuddur və bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoymuşdur. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulmuşdur.
İnfrastruktura gəldikdə, Mehriban xanım, siz çox geniş məlumat verdiniz, mən təkrarlamayacam və ona görə bu mənada Heydər Əliyev Fondunun respublikanın bütün yaşayış məntəqələrində kütləvi şəkildə yeni uşaq bağçalarının inşası sayəsində erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin kəskin artırılması barədə təşəbbüsü bu sahədə də köklü dəyişikliklərə səbəb olacağını deməyə əsas verir.
Diqqətinizə görə təşəkkür edirəm.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV dedi:
- Çox hörmətli Mehriban xanım!
Sizin rəhbərliyinizlə keçirilən bugünkü tədbiri və qarşıya qoyulan vəzifələri çox yüksək təqdir edirəm. Əminəm ki, bunun nəticəsi tez bir zamanda özünü əyani surətdə göstərəcəkdir. Hazırda Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsindən 301-i 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən alınmışdır. 39 bağça isə 2012-ci ilin avqustunda Dövlət Neft Şirkətinin tabeliyindən alınmışdır. Başqa sözlə, bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu günə qədər 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunmuş və təminat məsələsi yüksək səviyyədə həll edilmişdir. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər.
Bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcəkdir. Bundan başqa, bu gün 166 qrupda uşaqların qəbulu tam azaddır. Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn həftənin axırına qədər həmin qruplar müəyyənləşəndən, yəni maliyyə yardımı alınandan sonra 2500-dək uşağı biz yenidən bağçalara qəbul edə biləcəyik. Lakın statistika məlumatına görə, bu gün 1 yaşından 5 yaşına qədər 157.349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. Bir məsələni də diqqətinizə çatdırım ki, hazırda 48 özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisəmiz vardır. Onlardan yalnız 9-u fəaliyyət göstərir, qalanları isə boşdur. Sizə dərin minnətdarlığımı bildirirəm ki, özəlləşməyə açıq elan edilmiş 64 bağçanın özəlləşdirilməsi Sizin təşəbbüsünüzlə möhtərəm Prezidentimiz tərəfindən dayandırıldı. Bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaqdır. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız vardır. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək.
Sizin böyük təşəbbüsünüz nəticəsində möhtərəm Prezidentimizin verdiyi tapşırığa əsasən, bağçaların ərazisində qeyri-qanuni tikililərin hamısı ləğv edilib. Hazırda faktiki olaraq bağçalarda ən azı 1 və ya 1,5 hektar boş torpaq sahələrimiz vardır. Burada yeni bağçalar tikmək mümkündür. Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, bunu da yeni bağçalar tikməklə problemi həll edə bilərik.
Bugünkü tədbirin uşaqlarımızın yüksək təlim-tərbiyə almasında mühüm rolu olacaqdır. Bu təşəbbüsünüzə görə Sizə və Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm.
Sağ olun.
* * *
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark HERVORD dedi:
- Hörmətli Mehriban xanım Əliyeva!
Xanımlar və cənablar!
Bu gün burada olmaq mənim üçün böyük şərəfdir.
Bu yeni təşəbbüs Azərbaycanda yeni bir dalğanın başlanğıcıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqlara kömək məqsədilə həyata keçirilən böyük bir təşəbbüsə qoşulmaq mənim üçün doğrudan da çox fəxarətlidir. Biz hamımız bilirik ki, erkən təhsil nə qədər vacibdir. Bildiyimiz kimi, Nobel mükafatı laureatı, iqtisadçı Ceyms Hekman müəyyən etmişdir ki, erkən təhsilə qoyulan investisiya daha çox gəlir gətirir, nəinki təhsilin digər mərhələlərində qoyulan investisiya. UNİCEF-in hesablamalarına görə, bütün uşaqlar üçün erkən təhsilə qoyulan investisiyanın iqtisadi gəlirliyi ildə 150 milyon manatdır. Bu, həm də iqtisadiyyatın inkişafı üçün yaxşı bir amildir. Ona görə də belə bir təşəbbüsə qoşulmağımıza çox şadıq.
Mən erkən məktəbəqədər təhsillə bağlı bir misal gətirmək istəyirəm. Yəni, bəzi ailələr şəhərdə, bəziləri rayonda yaşayır, bəzilərində hər iki valideyn işləyir. Erkən təhsillə bağlı müxtəlif formalar fikirləşmək lazımdır. Cənab nazirin də vurğuladığı kimi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz uşaqların 90 faizinin məktəbəqədər təhsilə cəlb olunmasını nəzərdə tutur. Mən erkən məktəbəqədər təhsili paxlavaya bənzədirəm. Çünki mənim çox xoşladığım paxlava bir neçə qatdan ibarətdir. Təhsil də bir neçə mərhələdən ibarətdir. Paxlavanın ən üst qatı daha dadlı olduğu kimi, məktəbəqədər təlim-tərbiyə də təhsilin çox əhəmiyyətli mərhələsidir.
Biz bu yaxınlarda nazirliklə bir neçə formanı müzakirə etmişik. Çalışırıq ki, 2020 Konsepsiyasına daha uyğun olanını seçək. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən digər layihələrdən çıxış edərək deyə bilərəm ki, yeni bağçalar çox gözəl tikiləcəkdir. Bu gün müzakirə etdiyimiz məsələ övladlarımızın, o cümlədən əlilliyi olan uşaqların gələcəyi üçün çox gözəl başlanğıc olacaqdır. Çünki bu qəbildən olan uşaqlar da inklüziv təhsil olan bağçadan başlamalıdırlar.
Məni dəvət etdiyiniz üçün bir daha təşəkkürümü bildirirəm. Bu yeni təşəbbüsünüzdə sizə uğurlar arzu edirəm.
Sağ olun.
* * *
Təqdimata yekun vuran Mehriban ƏLİYEVA dedi:
- Hörmətli iclas iştirakçıları!
Əminəm ki, çıxışlarda səslənən fikirlər, təkliflər nəzərə alınacaqdır. Bu gün səslənən çıxışlarda da qeyd olundu ki, erkən təhsil hər bir gəncin, hər bir insanın həyatında çox vacib rol oynayır. Biz bu gün, ümumiyyətlə, təhsildən, gənc nəsildən, uşaqlarımızdan danışırıqsa, aydın başa düşürük ki, ölkəmizin gələcəyindən danışırıq. Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər. Ona görə də bu gün bizim borcumuz ondan ibarətdir ki, bu uşaqlara gözəl tərbiyə, təhsil verək, onları vətənpərvər böyüdək. Onlar öz vətənlərinə bağlı olmalıdırlar, Azərbaycanın dəyərlərini, ənənələrini qoruyub saxlamalıdırlar. Eyni zamanda, onlar bütün dünyaya açıq olmalıdırlar. Çünki indi müasir dünya elədir ki, hər bir insan gərək çox yüksək səviyyədə təhsil alsın, müxtəlif insanlarla ünsiyyət qurmağı bacarsın, dünyaya açıq olsun, bir çox xarici dillərdə danışsın. Yəni, bizim istəyimiz ondan ibarətdir ki, gələcək nəsillər məhz belə şəraitdə böyüsünlər. Əlbəttə, bunu etmək üçün bir çox şərtlər lazımdır. Bu, asan deyildir. Biz müstəqil ölkə kimi çox gənc ölkəyik. Amma biz bu qısa zamanda böyük nailiyyətlər əldə etmişik. İnanıram ki, biz yaxın gələcəkdə təhsil sahəsində də dəyişiklikləri, böyük nailiyyətləri görəcəyik. Çünki bir daha qeyd etmək istəyirəm ki, təhsil hər bir ölkə, o cümlədən gənc müstəqil Azərbaycan üçün çox vacib, strateji sahədir. Ona görə, qeyd etdiyim kimi, bu gün biz birlikdə yeni, çox vacib bir layihəyə - məktəbəqədər təhsil ocaqlarının inkişafı layihəsinə start veririk.
Biz mövcud vəziyyəti burada eşitdik. Səslənən faktlar onu deyir ki, ölkədə uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır, tələbatın cəmi 23 faizi ödənilir. Əlbəttə, bir çox uşaqlar erkən təhsil almaq imkanından kənarda qalır. Ona görə, mən inanıram ki, Heydər Əliyev Fondunun digər təşəbbüsləri, proqramları kimi, bu proqram da uğurlu olacaqdır. Qısa zamanda həm Fondun, həm dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində biz bu istiqamətdə yaxşılığa doğru dəyişiklikləri görəcəyik.
Mən UNICEF-ə minnətdarlığımı çatdırıram. Çünki bu təşkilat böyük təcrübəyə malikdir. Biz, əlbəttə, gərək bunu da özümüz üçün qeyd edək. Onlara da dəstəklərinə görə təşəkkürümü bildirirəm. Bir sözlə, biz fond olaraq hər bir əməkdaşlığa hazırıq. Mən bir daha üzümü özəl sektora, sahibkarlara tuturam. Qeyd etmək istəyirəm ki, bizim fondla sizin birgə layihələrimizin nəticələrini təqdim etdim. Doğrudan da biz çox səmərəli işbirliyi yaradırıq. Əminəm ki, siz bu layihəyə də qatılacaqsınız. Ölkəmizin problemlərinin həllində iştirak etmək mənə elə gəlir ki, bizim hər birimizin borcudur.
Bu il mayın 10-da Heydər Əliyev Fondunun 10 ili tamam olur. Bu illər ərzində, əlbəttə, Heydər Əliyev Fondu ölkəmizin ictimai həyatının müxtəlif sahələrində çox fəal iştirak edib. Bir çox layihələr, proqramlar icra edib. Qısa söyləsəm, ən böyük nailiyyətimiz ondan ibarətdir ki, bu on il ərzində biz Azərbaycan xalqının hörmətini, dəstəyini qazanmışıq. Bizə inanırlar. Bizə müraciət edən insanlar bilirlər ki, biz hər zaman yardıma, köməyə açığıq, hazırıq. Bu illər ərzində fond tərəfindən, doğrudan da, bir çox əhəmiyyətli layihələr həyata keçirilib. Bildiyiniz kimi, biz mədəniyyət sahəsində böyük işlər görürük. Biz ölkəmizin tarixi və memarlıq abidələrini qoruyuruq. Bütün dünyada Azərbaycan muğamını təbliğ edirik. Azərbaycanın qədim mədəniyyətini, incəsənətini, musiqisini, xalçaçılıq məktəblərini bütün dünyaya tanıdırıq. Azərbaycan mədəniyyəti günləri, sərgilər keçiririk.
Biz Azərbaycanın gənc rəssamlarına, idmançılarına böyük dəstək veririk. Lakin biz fəaliyyətimizin ilk günündən təhsil, səhiyyə, sosial problemlərin həllini prioritet elan etmişik və bu günə qədər də buna sadiqik. Çünki Heydər Əliyev Fondunun əsas məqsədi cəmiyyətimizin ən zəif təbəqələrinə yardım göstərmək, cəmiyyətimizdə mövcud olan sosial problemlərin həllində iştirak etməkdir. Belə olubdur və belə də olacaqdır. Bu gün elan olunan layihə bunun sübutudur. Çünki bu, doğrudan da ölkəmiz üçün çox vacib bir problemdir. Mən inanıram ki, biz birgə səylərimizlə qısa bir zamanda bu sahədə böyük nailiyyətlər əldə edəcəyik.
Çox sağ olun.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.