Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyə dörd məsələnin daxil edildiyini bildirmişdir. İclasda Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmişdir. Milli Məclisin müvafiq qərarına əsasən fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd edilir. Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunmuşdur. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər mütəşəkkil xarakter almışdır. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir.
Diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Artıq bir çox ölkələrdə, o cümlədən ABŞ-ın bəzi ştatlarında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamələr qəbul olunmuşdur. Bu da təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin, QHT-lərin fəaliyyətinin nəticəsidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası konkret nəticələr verməkdədir. Əminik ki, heç bir cinayət cəzasız qalmayacaqdır.
Sonra Milli Məclisin deputatları cari məsələlər ətrafında müzakirələr aparmışlar.
Deputatlar Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən, beynəlxalq təşkilatların bu məsələdə hələ də Azərbaycana qarşı ikili standartlar prinsipi ilə yanaşmasından və digər məsələlərdən söhbət açmışlar.
Çıxışlardan sonra gündəlikdə duran məsələlərin müzakirəsi başlanmışdır.
İclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunmuşdur.
Bildirilmişdir ki, Protokolun məqsədi Xəzər dənizində ekoloji cəhətdən sağlam dəniz mühitinə nail olmaq və həmin mühiti qoruyub saxlamaq üçün dəniz mühitinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyətlər nəticəsində çirklənməsinin qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal dərəcədə aradan qaldırmaqdır.
Milli Məclis, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişi (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq etmişdir. Vurğulanmışdır ki, bu Saziş iki ölkə arasında əlaqələrin maliyyə əməkdaşlığı vasitəsilə daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.
Sonra deputatlar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini təsdiqləmişlər. Bildirilmişdir ki, bu dəyişiklik Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportların verilməsini nəzərdə tutur.
Həmçinin Milli Məclisin deputatları “Dəniz limanları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul etmişlər. Qeyd olunmuşdur ki, yeddi fəsil, 29 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyir, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi qaydalarını, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edir.
Qeyd edək ki, müzakirələr zamanı iclasda ölkəmizdə səfərdə olan Latviya Seyminin nümayəndə heyəti də iştirak etmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.