“Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilmişdir

 

 

Fevralın 19-da Milli Təhlükəsizlik Nazirliyinin

Mədəniyyət Mərkəzində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilmişdir.

Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, güc strukturlarının, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak etmişlər. 

Tədbirin əvvəlində bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı”nın təqdim edilməsi mərasimi keçirilmişdir.

Medalları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşev və Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov təqdim etmişlər.

Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir: “Əfqanıstan veteranları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən bütün qayğı ilə əhatə olunmuş və bundan sonra da əhatə olunacaqlar. Siz burada görülmüş işlərdən danışdınız. Bunları təkrarlamayacağam. Siz Əfqanıstanda öz hərbi borcunuzu, hərbi andınızı, dövlət qarşısındakı vəzifənizi şərəflə və qəhrəmanlıqla yerinə yetirmisiniz. Bu şərəfli fəaliyyətinizə görə sizə yalnız sağ ol düşür. Sizin heç kimin qarşısında özünüzə bəraət qazandırmağa, kiməsə nəyisə inandırmağa heç bir ehtiyacınız yoxdur. Azərbaycan dövləti Əfqanıstanda fəaliyyətiniz başa çatdıqdan sonra sizin xidmətlərinizdən istifadə edib və bu gün də istifadə etməkdədir. Burada qeyd olundu ki, siz Əfqanıstan müharibəsi bitəndən sonra Azərbaycan Milli Ordusunun yaranması və formalaşması, Azərbaycan torpaqlarının işğalçı Ermənistan qoşunlarından azad edilməsi istiqamətində sözün həqiqi mənasında qəhrəmanlıq nümayiş etdirmisiniz. Yeddi Milli Qəhrəmanın, 37 nəfərin “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmasının nə demək olduğunu siz yaxşı bilirsiniz”.

Prezident Administrasiyasının şöbə müdiri çıxışına davam edərək bildirmişdir: “Əminəm ki, Əfqanıstan müharibəsinin veteranları - əsgəri borcunu şərəflə yerinə yetirmiş 9 min Azərbaycan vətəndaşı bu gün ölkəmizin fəxr etdiyi insanlardır və biz onların fəaliyyətindən qürur duyuruq. Azərbaycan dövləti sizin qayğınıza qalır və bu qayğını daim çəkəcəkdir. Siz Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinə layiqli töhfələr vermisiniz. Fürsətdən istifadə edib bugünkü tədbirin təşkilatçılarına və iştirakçılarına, hörmətli qonağımız, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın “Dostluq” ordeninə layiq görülmüş Ruslan Auşevə təşəkkür edir və bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirmişdir ki, digər müharibə veteranları kimi Azərbaycan Əfqanıstan müharibəsi veteranları da qəhrəmanlıq nümunələri üçün örnəkdirlər. Mən əminəm ki, Əfqanıstan müharibəsinin veteranları hər an torpaqlarımızın azad edilməsinə hazırdırlar.

A.Rəhimov demişdir ki, Azərbaycanın həll edilməyən bir əsas problemi vardır. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının bir hissəsi təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Qəbul edilmiş beynəlxalq qərarlar icra olunmur. Ermənistan məkrli siyasətindən, iddialarından əl çəkmir. Ancaq birmənalı olaraq Ermənistan və onların havadarları bilməlidirlər ki,  gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci  erməni dövlətinin yaranmasına rəvac verməyəcəkdir. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir.

Son dəfə Azərbaycanda 5 il əvvəl olduğunu deyən MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşev bildirmişdir ki bu illər ərzində baş verən dəyişikliklər məni heyrətləndirdi. Azərbaycan çox sürətlə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunduğunu deyən Ruslan Auşev bu anın onun üçün unudulmaz olduğunu vurğulayaraq demişdir: “Mən bu gün ən yaxşı ordenlərdən biri ilə təltif olunmuşam. Fikrimcə, iki ən ali mükafat vardır. Bunlar hərbiçilər üçün “İgidliyə görə” medalı, siyasətçi üçün isə “Dostluq” ordenidir. Bu gün Prezident İlham Əliyev ilə görüşdən sonra bir daha əmin oldum ki, Azərbaycan dövlətinin başçısı  Əfqanıstan veteranlarının problemlərini dərinliyinə kimi bilir, onların həlli üçün əlindən gələni edir”.

Qonaq Azərbaycanda Silahlı Qüvvələrin güclənməsi  istiqamətində görülən işlərdən də xəbərdar olduğunu bildirmişdir.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin  demişdir ki, Azərbaycan və Rusiya “əfqanları” arasında dostluq böyük əhəmiyyət daşıyır. Bu dostluq iki ölkə arasında əlaqələrə də öz müsbət təsirini göstərir. Azərbaycan əsgərlərinin Əfqanıstan döyüşlərində böyük şücaət göstərdiklərini xatırladan səfir qeyd etmişdir ki, həm Rusiyada, həm də Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarının sosial problemlərinin həlli üçün böyük işlər görülür. Bütün bunlar xalq tərəfindən müsbət qarşılanır. Azərbaycan və Rusiya özünəməxsus yollarla inkişaf edirlər. Bu iki ölkə arasında qarşılıqlı hörmət mühiti vardır. Mən bu gün çox sevinirəm ki, Azərbaycan və Rusiya “əfqanları” bir yerdədirlər.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkədən olan Əfqanıstan müharibəsi veteranları arasında dostluğa böyük önəm verdiyini bildirmişdir.

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev göstərilən diqqət və qayğıya görə  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmişdir.

Qeyd edilmişdir ki, Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həyatını itirmiş, 6 nəfər itkin düşmüş, 400-dən çox insan əlil olmuşdur.   

Vurğulanmışdır ki, Azərbaycanın Əfqanıstan veteranları Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərmiş, ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşlər. Əfqanıstan müharibəsi veteranlarından Qarabağın erməni işğalçılarından azad olunması uğrunda gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 37 nəfər “Azərbaycan Bayrağı” ordeni,  onlarla veteran digər orden və medallarla təltif olunmuşdur. Keçmiş Əfqanıstan döyüşçüləri bu gün də Azərbaycan Silahlı Qüvvələrində ləyaqətlə xidmət edirlər.

Sonda Azərbaycan Əfqanıstan müharibəsi veteranları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mərasim əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə teatrlaşdırılmış ədəbi-musiqili-xoreoqrafik tamaşa ilə başa çatmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında