Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilmişdir

Fevralın 19-da Gəncə şəhərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davudoğlunun və Maya Pancikidzenin görüşü keçirilmişdir.

Nazirlər əvvəlcə təkbətək və üçtərəfli, sonra isə geniş tərkibdə görüş keçirmişlər.

Görüşlərdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Görüşün yekunu olaraq Gəncə Bəyannaməsi imzalanmışdır. Bəyannamədə Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin yüksək templə inkişaf etdiyi, bu formatda görüşlərin münasibətlərin genişlənməsinə töhfə verdiyi bildirilir. 

* * *

Sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat vermişdir.

Bildirilmişdir ki, Gəncə görüşü Türkiyənin Trabzon və Gürcüstanın Batumi şəhərlərində keçirilən görüşlərdən sonra sayca üçüncüdür. Bu görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli fikir mübadilələrinin aparılması baxımından vacibdir.

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin də üçtərəfli formatda görüşünün keçirilməsinin nəzərdə tutulduğunu deyən Elmar Məmmədyarov Gəncə görüşlərində əsasən enerji, nəqliyyat layihələrinin, o cümlədən regiondakı mövcud münaqişələrin həllinin bölgənin inkişafında oynayacağı rolun müzakirə edildiyini söyləmişdir.

Nazir bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsi həm iqtisadi, həm siyasi, həm də regionun inkişafı baxımından çox önəmli olacaqdır. Elmar Məmmədyarov NATO-nun 2015-ci ildə öz qoşunlarını Əfqanıstandan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə çıxarmasının mümkünlüyünü də qeyd etmişdir.

Nazir imzalanan Bəyannamənin önəminə də toxunmuşdur.  Bildirilmişdir ki, Bəyannamədə münaqişələrin dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinin vacibliyi, “Şahdəniz-2” və Bakı-Tbilisi-Qars layihələrinin uğurla həyata keçirilməsinin əhəmiyyəti vurğulanır. Həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli görüşünə hazırlıqlara başlanacağı bildirilir.

Diqqətə çatdırılmışdır ki, görüşlərdə üç ölkə arasında regional əməkdaşlığın genişləndirilməsi istiqamətində maraqlı təkliflər səsləndirilmişdir.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycanın qədim şəhəri olan Gəncədə belə bir görüşün keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, xarici işlər nazirlərinin üçtərəfli görüşləri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. Bu gün Gəncə Bəyannaməsini imzalamaqla ortaq yanaşmaları və siyasi-iqtisadi məsələlər üzrə mövqelərimizi bir daha açıqladıq ki, bu da üçtərəfli münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə böyük imkanlar yaradır. 

Diqqətə çatdırılmışdır ki, görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, xüsusilə “Şahdəniz-2", həmçinin Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti vurğulanmışdır. Bununla yanaşı, üçtərəfli fəaliyyət planı üzrə əməkdaşlıq nəzərdən keçirilmiş və yeni istiqamətlər müəyyənləşdirilmişdir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edərək demişdir ki, üç ölkənin xarici işlər nazirləri arasında keçirilən belə görüşlərin əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Gəncəyə səfərindən məmnun qaldığını bildirən Ə.Davudoğlu bu şəhərin dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh kimi dahilər bəxş etdiyini söyləmişdir.

Əhməd Davudoğlu Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinin gündən-günə inkişaf etdiyini bildirmiş, bölgədə həyata keçirilən layihələrin hər üç ölkə ilə yanaşı, region üçün də xüsusi önəmə malik olduğunu vurğulamışdır. Hər üç ölkənin regional və beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən nazir əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirmişdir.

Ə.Davudoğlu növbəti görüşün Türkiyənin Qars şəhərində keçiriləcəyini söyləmişdir.

Sonra nazirlər jurnalistlərin müxtəlif mövzularda suallarını cavablandırmışlar.

Türkiyə-Ermənistan münasibətləri ilə bağlı suala cavabında Əhməd Davudoğlu demişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər iki ölkə arasında sərhədlərin açılmasından söhbət gedə bilməz.

* * *

Daha sonra Gürcüstanın Gəncədəki baş konsulluğunun açılışı olmuşdur. 

Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, xarici işlər naziri Maya Pancikidze mərasimdə çıxış edərək baş konsulluğun açılışını iki ölkə arasındakı münasibətlərdə mühüm hadisə kimi qiymətləndirmişlər. İkitərəfli əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolu qeyd edilmişdir.

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri baş konsulluğun inzibati binasında yaradılmış şəraitlə tanış olmuşlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında