AZƏRBAYCAN – GÜRCÜSTAN: İkitərəfli münasibətlər yeni mərhələyə qədəm qoymuşdur

Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlə-

rimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir... Siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.

Georgi MARQVELAŞVİLİ

Gürcüstan Prezidenti

 

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılmışdır. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına böyük təkan vermişdir.

1993-cü ildə Azərbaycanda ulu öndər Heydər Əliyevin  və Gürcüstanda  Eduard Şevardnadzenin  hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmlənməsində, iki ölkə arasında isti münasibətlərin yaranmasında böyük rol oynadı. Bundan sonra  Azərbaycanla Gürcüstan müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi və demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması  istiqamətində  əməkdaşlığı daha da genişləndirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra ikitərəfli münasibətlər daha da inkişaf etməyə başladı. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzaladılar. 1997-ci ilin fevralında prezident Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atıldı.  Bu müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edirdi.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardı. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edir. Qonşu respublikaları hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu. 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri  işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparıldı. Nəhayət, 2005-ci il mayın 24-25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.

Ölkə prezidentlərinin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam etdirildi.  Ulu öndərin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  Azərbaycanın dünya birliyinə inteqrasiyasını və xarici ölkələrlə sıx əməkdaşlığı prioritet  vəzifə kimi qarşıya qoydu. Bundan sonra Azərbaycan - Gürcüstan ikitərəfli  münasibətləri yeni mərhələyə qədəm qoydu. Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıdı.

2004-cü ilin martında Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Bakıya, bunun ardınca, 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərləri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri bir daha müzakirə olunmuş, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilmişdir. Həmçinin, “Azərbaycan Respublikası və Gürcüstan arasında birgə Bəyannamə”, “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Ötən dövr ərzində  iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənəd imzalanmışdır. Azərbaycan Gürcüstanda əsas investor və kreditor ölkələrdən biridir.  Hazırda Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət Azərbaycan Dövlət Neft Şirkətidir.

Bütün bunlar Azərbaycanla  Gürcüstan arasındakı dostluq əlaqələrinin davamlı olmasından xəbər verir. Ona görə də Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ölkəmizə rəsmi səfəri böyük maraq doğururdu. Bu səfər həmçinin, xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət kəsb edirdi.  Qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstan hazırda  müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir, ərazi bütövlüyü məsələsində və beynəlxalq tədbirlərdə -  BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyir və hər zaman bir-birinə dəstək verirlər.  Əslində, Gürcüstan və Azərbaycan oxşar problemlərlə üzləşiblər və bu məsələlər uzun müddətdir ki, öz həllini tapa bilmir. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü zamanı da Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin bundan sonra da davamlı olacağını vurğulayaraq dedi:"Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, biz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur. Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaqdır. Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik”.

 Gürcüstan prezidentinin rəsmi səfərinin faydalı olacağını diqqətə çatdıran dövlətimizin başçısı bildirdi ki, bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik. Əminəm ki, bu səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin daha da inkişaf etməsinə yaxşı təkan verəcəkdir.

Dövlət başçılarının görüşü zamanı digər sahələrlə yanaşı, iqtisadi əməkdaşlıq perspektivləri də  müzakirə olundu. Qeyd olundu ki, iki ölkə arasında  iqtisadi əlaqələri və  ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi  bundan sonra daha da arta bilər. Eyni zamanda, qarşılıqlı sərmayələr üçün yaxşı imkanlar olduğu diqqətə çatdırıldı. Hazırda  Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Son  illərin yekunlarına görə, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur.

Görüş zamanı enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrə aid  məsələlər də müzakirə obyekti olmuşdur. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Məlum olduğu kimi, Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub.

Gürcüstan  Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərinin əhəmiyyətli olduğunu qeyd edərək yüksək qonaqpərvərliyi diqqətə çatdırdı. O, iki dövlət arasında  strateji münasibətlərin, Azərbaycan – Gürcüstan dostluğunun nümunəvi olduğunu  bildirdi. Gürcüstan prezidenti birgə həyata keçirilən layihələri yüksək qiymətləndirərək demişdir:" Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir”.

Hər iki ölkənin oxşar probleminə – ərazi bütövlüyünün pozulması məsələsinə toxunan Gürcüstan prezidenti bu problemin sülh yolu ilə aradan qaldırılmasında Azərbaycanın mövqeyinə tərəfdar çıxdığını bildirərək dedi: “Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir”.

Georgi Marqvelaşvili qarşılıqlı səfərlərin bundan sonra da  davam etdiriləcəyini bildirərək dedi:" Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq”.  Gürcüstan Prezidenti Georgi Marqvelaşvili səfər çərçivəsində Heydər Əliyev Mərkəzi və Dövlət Bayrağı meydanı ilə tanış olmuş, dövlət rəsmiləri ilə görüşlər keçirmiş, Qəbələ və Qax rayonlarında görüşlər keçirmişdir.

 Azərbaycana rəsmi səfərindən məmnun qaldığını və bu səfərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Gürcüstan Prezidenti dedi:“Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür.  Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq”.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında