Naxçıvanda İran İslam İnqilabının 35-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

 

 

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı - İslam İnqilabı Günü münasibətilə  rəsmi qəbul təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli qeyd etmişdir ki, 1979-cu ildə İran xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxaraq qələbə qazanmışdı. İnqilabdan sonra İran İslam Respublikası inkişaf edərək bugünkü səviyyəyə gəlib çatmışdır. Bu gün İran İslam Respublikası xarici siyasət kursunda qonşular, region və İslam dünyası ilə əlaqələrin genişləndirilməsinə üstünlük verir. Dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılıqlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əməkdaşlıq ölkələrimizin əlaqələrinin daha da dərinləşməsinə və inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İslam inqilabının 35-ci ildönümü münasibəti ilə dost və qardaş İran xalqını təbrik etmiş, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayaraq demişdir: Azərbaycanla İran arasındakı münasibətlər dərin köklərə malikdir. Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi İran İslam Respublikasına səfərindən sonra müxtəlif sahələrdə əlaqələrin əsası qoyulmuş, dahi rəhbərin ölkəmizə rəhbərliyi dövründə siyasi və iqtisadi münasibətlər yeni mərhələyə yüksəlmişdir. Bu gün qarşılıqlı əməkdaşlıq xalqlarımızın mənafeyinə və maraqlarına uyğun şəkildə davam etdirilir.

Qeyd olunmuşdur ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında da uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq qarşılıqlı səfərlər zamanı daha da möhkəmləndirilmiş, energetika, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əlaqələrin inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır.

Ali Məclisin sədri əlaqələrimizin inkişafında İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğunun da mühüm xidmətləri olduğunu diqqətə çatdırmış, bütün bunlara görə cənab Baş konsula və konsulluğun əməkdaşlarına təşəkkürünü bildirmiş, bir daha İran xalqını İnqilab günü münasibətilə təbrik etmişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında