Prezident İlham ƏLİYEV: “Bu gün Azərbaycan güclü dövlət, dünya miqyasında öz sözünü deyən ölkələrdəndir”

 

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edərək bildirmişdir ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynamışdır.

2009-2013-cü illəri əhatə edən ikinci proqramın da regionların inkişafında, ümumiyyətlə, ölkəmizin iqtisadi potensialının gücləndirilməsində böyük rolu olmuşdur. Bunun nəticəsidir ki, hazırda Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Əsas səbəb isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkəyə xeyli gəlir gətirmişdir. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə uğurla istiqamətləndirilmişdir.

Azərbaycanın iqtisadi potensialından danışan Prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını vurğulamışdır. Xatırlatmışdır ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çataraq 28 milyard dollar təşkil etmişdir. Daxili sərmayələr xarici sərmayələri üstələmişdir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalmışdır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulmuşdur.

Sahibkarlığa qayğı göstərilməsinin mühüm önəm daşıdığını vurğulayan Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməsinin bundan sonra da davamlı olacağını diqqətə çatdırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olmuşdur. Həmin müddətdə 17 elektrik stansiyası tikilmiş, ölkəmizin 90 faizə yaxın ərazisində qazlaşdırma aparılmış, yolların tikintisi üzrə  mühüm  layihələr reallaşdırılmışdır.

Sosial infrastruktur layihələrindən danışan Prezident İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləmiş və növbəti 5 il ərzində bu prosesin sürətlənəcəyini vurğulamışdır. Dövlətimizin başçısı xatırlatmışdır ki, 10 il ərzində 2 min 700 məktəb tikilmiş, 500-dən çox tibb müəssisəsi inşa edilmiş, yaxud təmir olunmuş, 41 olimpiya idman kompleksi istifadəyə verilmiş, çoxlu sayda mədəniyyət ocağının  tikintisi və bərpası başa çatdırılmışdır.

Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək üçüncü Dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını bildirmişdir. Konfransda həmçinin,  diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son 10 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyənləşdirilmiş  hədəflərə doğru  inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.

Bu uğurların  əldə edilməsində müstəsna rolu olan  dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Nəticədə 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmişdir. Regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini daimidir.

Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2 dəfə, sənaye məhsulu 3,1 dəfə, rabitə xidmətləri 6,1 dəfə, əhalinin gəlirləri 6,3 dəfə, orta aylıq əməkhaqqı 7,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə  artım tempi ölkə üzrə müvafiq göstəricilərdən  daha yüksək olmuşdur.

Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Azərbaycan Prezidentinin  10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240 sərəncam regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.

Regionların inkişafının  mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılmış, nəticədə regionlarda  kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bundan əlavə, son 10 ildə su anbarları, hidroqovşaqlar,  kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların  dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşmasına imkan yaradır.

Regionlarda “ASAN xidmət”in fəaliyyətə başlaması  göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırmış və əhalinin gündəlik həyatını asanlaşdırmışdır.

Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə  yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi  işləri davam etdirilmiş, regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Ölkə  Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  “bir pəncərə” prinsipinin tətbiqi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılmışdır.  Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti  regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi broiler”də həyata keçirilən  layihələrdə iştirak etmişdir. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.

Son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Təkcə güzəştli kreditlər hesabına  ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, 80 müəssisə istifadəyə verilmiş, 24-ü  üzrə isə işlər davam etdirilir. 2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir.

İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət,  həyata keçirilən dövlət dəstəyi tədbirləri öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Dövlət başçısının göstərişinə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda  Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri yekunlaşmaqdadır.

Prezident İlham Əliyev yekun nitqində demişdir: “Növbəti illərdə ölkəmizin ümumi iqtisadi inkişafı təmin edilməlidir, makroiqtisadi vəziyyət sabit olaraq qalacaqdır. Keçən ilin nəticələri bunu deməyə əsas verir. Keçən il ölkə iqtisadiyyatına rekord həddə sərmayə qoyulmuşdur - 28 milyard dollar. Eyni zamanda, keçən il maaşlar, pensiyalar qaldırılmışdır. Sovet vaxtından qalmış əmanətlər qaytarılmışdır. Yəni, ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulmuşdur və dövriyyəyə böyük pul kütləsi buraxılmışdır. İnflyasiya cəmi 2,4 faiz artmışdır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam iqtisadiyyatdır, makroiqtisadi sabitlik qorunur və əhalinin pul gəlirləri son 10 il ərzində inflyasiyanı daim üstələyirdi, bir neçə dəfə üstələyir. Ona görə növbəti illərdə sürətli inkişaf templərini saxlamaq və onları artırmaq üçün makroiqtisadi vəziyyət sabit olmalıdır, olacaqdır. Buna tam nəzarət edilir və beləliklə, uğurlu inkişafımız üçün gözəl əlavə imkanlar yaranacaqdır.

Maliyyə vəziyyətimizlə bağlı bu gün heç bir problemimiz yoxdur. Maliyyə vəziyyətimiz yaxşıdır, sabitdir. Maliyyə sistemimiz sağlamdır. Növbəti illərdə həm neft-qaz, eyni zamanda, qeyri-neft sektorlarının inkişafı sayəsində ölkəmizə böyük valyuta axını gözlənilir. Bu vəsait, əlbəttə ki, şəffaf şəkildə saxlanılacaq, əsas xərclər üçün istifadə ediləcək, sosial məsələlərin həllində istifadə ediləcək, eyni zamanda, infrastruktur layihələrinin icrası  diqqət mərkəzində olacaqdır".

Dövlət başçısı ölkədə aparılan islahatların beynəlxalq  maliyyə qurumları tərəfindən qiymətləndirilməsini də diqqətə çatdıraraq demişdir ki, Azərbaycanın kredit reytinqləri yüksəlir. Hətta böhranlı illərdə 3 əsas reytinq agentliyi Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 39-cu yerdədir. Bu da Azərbaycanda aparılan islahatların nəticəsidir.

Prezident İlham Əliyev çıxışında aqrar sektorda əldə edilən uğurlara toxunaraq konkret tövsiyələrini də vermişdir: “Kənd təsərrüfatına yararlı torpaqlardan bəzi bölgələrdə təyinatı üzrə istifadə edilmir. Bu məsələyə də diqqət yetirilməlidir. Ərzağın keyfiyyəti daim diqqət mərkəzində olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları təbiidir, keyfiyyətlidir. Biz burada kəmiyyət dalınca qaçmamalıyıq və bu təbii keyfiyyəti saxlamalıyıq.

Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq...".

Dövlət başçısı çıxışında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ən ciddi şəkildə davam etdiriləcəyini,  regionların sosial infrastrukturunun növbəti beş il ərzində yeniləşəcəyini, sənayenin inkişafına xüsusi diqqət göstəriləcəyini də nəzərə çatdırmışdır.

Azərbaycan Prezidenti yekun nitqində ötən 10 ildə qarşıya qoyulan bütün vəzifələrin tamamilə icra olunduğunu deyərək, əminliklə vurğulamışdır ki, qəbul ediləcək üçüncü Dövlət proqramı da ölkənin inkişafına yeni töhfələr verəcəkdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında