İstanbulda XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir

İstanbulda Marmara Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir.

Zirvənin açılış mərasimində Avrasiya İqtisadi Zirvəsinin tarixi haqqında sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrikinin mətnini oxumuşdur. Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, dünyanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanmış, dövlətimizin başçısı  bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulamışdır.

Türkiyə Prezidenti Abdullah Gülün Zirvə iştirakçılarına məktubunda Avrasiya məkanında əməkdaşlığın əhəmiyyəti, regionda sülhün və sabitliyin təmin olunmasında bu cür tədbirlərin rolu vurğulanmışdır.

UNESCO-nun baş katibi İrina Bokovanın Zirvə iştirakçılarına müraciətində də sülh və sabitliyin əhəmiyyəti, qlobal dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsində siyasətçilərin, mədəniyyət və din xadimlərinin mühüm rolu qeyd olunmuşdur.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında bildirmişdir ki, bu Zirvə çərçivəsində enerji məsələləri - TANAP, TAP və “Şahdəniz-2” layihələri diqqət mərkəzində olacaqdır. Azərbaycan təbii qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna diqqət çəkən natiq demişdir ki, bu layihələr sayəsində Türkiyə mühüm enerji mərkəzinə çevriləcəkdir. Zirvənin gündəliyinə İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya  layihələri, insan ticarəti, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri daxil edilmişdir.

Açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, BMT-nin Mədəniyyətlər İttifaqı ali komissarı Nassir Əbdüləziz Əl Nasser, Bosniya və Herseqovinanın Baş naziri Vjekoslav Bevanda qlobal dünyada siyasi, iqtisadi və sosial problemlərin həllində dialoq prosesinin əhəmiyyətindən bəhs etmiş, Zirvənin işinə uğurlar diləmişlər.

Sonra Zirvə öz işini “İpək yolunda iqtisadiyyat və enerjinin gələcəyi”, “Dialoqun sülh üçün əhəmiyyəti” mövzularında bölmə iclasları ilə davam etdirmişdir.

Bölmə iclasında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Fənər Rum patriarxı Varfolomey,  Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasında din xadimlərinin rolundan bəhs etmişlər. Çıxışlarda Azərbaycanda ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi mükəmməl din-dövlət münasibətləri, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdəki dini tolerantlığın müntəzəm olaraq yer aldığı öz əksini tapmışdır.

Enerji və iqtisadi məsələlərə həsr olunmuş bölmə iclasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Türkiyənin maliyyə naziri Məhmət Şimşək və digər natiqlər bölgənin iqtisadi vəziyyətini dəyərləndirmiş, enerji sektorunun perspektivlərindən bəhs etmişlər. Vurğulamışlar ki, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçiriləcək yeni enerji layihələri - TANAP və TAP boru xətləri regionda iqtisadi və sosial tərəqqiyə şərait yaradacaq, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə olacaqlar.

XVII Avrasiya İqtisadi Zirvəsi fevralın 6-da öz işini davam etdirəcəkdir.   

  Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında