Fevralın 1-də Yeni Azərbaycan Partiyasının Gənclər (YAP GB) Birliyi 2 Fevral Gənclər
Gününə həsr olunmuş tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, YAP GB-nin sədri Seymur Orucov tədbir iştirakçılarını təbrik edərək təşkilatın ötənilki fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, minlərlə gənci öz ətrafında birləşdirən YAP GB yaradıcısı, müasir müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsini, milli siyasət strategiyasını dəstəkləmiş və hər an dövlətin gənclər arasında əsas dayağı olmağa çalışmışdır. 2013-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi yadda qalmışdır. YAP GB bu siyasi tədbirdə fəal iştirak edərək ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti haqqında əhali arasında geniş təbliğat işi aparmışdır.
Qeyd edilmişdir ki, bu gün Azərbaycan gəncliyi dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunmuşdur. Onların təhsili, asudə vaxtlarının səmərəli təşkili, dövlət idarəçiliyinə cəlb edilməsi Prezidentin siyasətinin prioritet istiqamətini təşkil edir.
Sonra tədbir iştirakçıları YAP GB-nin 2013-cü ildəki fəaliyyətini əks etdirən videoçarxa baxmışlar.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov gəncləri təbrik edərək demişdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi müxtəlif siyasi qrupların qeyri-qanunu silahlı birləşmələrinə cəlb edilərək hakimiyyət uğrunda mübarizədə bir alətə çevrilmişdi. Lakin ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin aparıcı istiqaməti olmuşdur. Ulu öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaradaraq onların gəncliyin sağlam məfkurə əsasında inkişafının əsasını qoymuşdur. Bu gün Heydər Əliyev ideyaları ilə müstəqil həyata qədəm qoyan gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətçiliyin inkişafına xidmət edirlər.
Bildirilmişdir ki, Azərbaycanın gələcək inkişafı gənclərdən asılıdır. Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər olmalıdır ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Azərbaycan Prezidenti İlham Əliyev gənclərinin xarici ölkələrdə təhsil olmalarını ona görə təmin edir ki, bu gün qazanılan uğurlar qorunub saxlanılsın və ölkəmiz daim dinamik şəkildə inkişaf etsin.
Gənclərə öz fəaliyyətlərində uğurlar arzulayan Əli Əhmədov demişdir ki, YAP gənclərin formalaşması və inkişafı üçün geniş imkanlar yaradan bir siyasi təşkilatdır. Partiyada təmsil olunan gənclər həmişə düzgün mövqedən çıxış edərək milli maraqların qorunmasına xidmət etmişlər.
Milli Məclisin sədr müavini Bahar Muradova gəncləri parlament üzvləri adından təbrik edərək, YAP-ın yarandığı dövrü xatırlamışdır. Qeyd olunmuşdur ki, həmin dövrdə məhz gənclər irəlidə gedərək ümummilli liderin fikirlərini ictimaiyyətə çatdırmış, Azərbaycanda siyasi sabitliyin bərqərar olunması üçün Heydər Əliyevin ətrafında sıx birləşmişlər. Bu gün isə vəziyyət başqadır. Gənclər internetdən istifadə edərək fəaliyyət dairələrini genişləndirir, xarici dövlətlərə səfər edir, biliklərini artırırlar. Dövlətimiz bütün bu işlərdə onlara yaxından kömək göstərir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirlik adından gəncləri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulayaraq demişdir ki, bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atmışdır. Artıq gəncləriniz dünyanın böyük idman arenalarında çıxış edərək Azərbaycanın bayrağını yüksəldir, ölkəmizi beynəlxalq aləmə tanıtdırırlar.
Təhsil nazirinin müavini Ceyhun Bayramov diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə hazırlanmış proqrama əsasən gənclərin dünyanın ən qabaqcıl universitetlərinə göndərilərək təhsil almaları prosesi uğurla davam etdirilir. Hazırda 2 min 625 tələbə müxtəlif dövlətlərin 500-dən çox universitetində təhsil alır. Azərbaycanda hər il yeni məktəblər tikilərək istifadəyə verilir. Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanın idarəçiliyi etibarlı əllərdə olacaqdır.
Daha sonra YAP GB-nin sədr müavini Samirə Quliyeva, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Cəmiyyətinin sədri Gülsel Səfərova həyata keçirdikləri layihələr və gələcək planları haqqında danışmışlar.
Sonda YAP GB-nin tədbirlərini işıqlandıran jurnalistlərə və fəal gənclərə mükafatlar təqdim olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.