Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın dünya enerji siyasətində yerindən bəhs edilmişdir

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında almaniyalı deputat Doris Barnettin “Enerji şaxələndirilməsi davamlı inkişafa əsas töhfə kimi” mövzusunda təqdim etdiyi məruzə zahirən iqtisadi məsələlərə aid olması təsiri bağışlasa da əslində ciddi siyasi problemlərə də toxunur.

Elə bu səbəbdən Parlament Assambleyasında həmin məruzə ətrafında geniş müzakirələr aparılmış və müxtəlif ölkələrdən deputatlar məsələ ilə bağlı fikirlərini bildirmişlər. Problemin geniş maraq doğurmasının bir göstəricisi də budur ki, yalnız avropalı deputatlar deyil, AŞPA-nın müşahidəçi statuslu üzv ölkəsi olan Kanadadan da təmsilçilər fikir mübadilələrinə qatılmışlar.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmiz üçün vacib əhəmiyyət daşıyan bu məsələ ilə bağlı çıxışında Azərbaycanın müstəqillik dövründə öz neft siyasətini hansı maneələri aşaraq qurması barədə məlumat vermişdir. R.Hüseynov demişdir: “Bu, aydın bir həqiqətdir ki, enerji ehtiyatları yalnız davamlı inkişaf, keyfiyyətli həyat şərtləri üçün deyil, ümumilikdə həyatın, insanın mövcudluğu üçün vacib olan başlıca amildir. İndi, XXI əsrdə dünya əhalisinin sayının da, tələbatlarının da durmadan artdığı bir zamanda enerji problemləri daha artıq aktuallıq kəsb edir və sırf iqtisadi amil olmaq hüdudlarından kənara çıxır. Dövrümüzdə enerji məsələləri ciddi siyasi fenomen səviyyəsinə qalxmış, dünyada tarazlıq və sabitliyin, sıx beynəlxalq əməkdaşlığın, eləcə də insan haqları anlayışının daimi müşayiətçisi və etibarlı təminatçısına çevrilmişdir. Mənim ölkəmin - Azərbaycanın enerji şaxələndirilməsi sahəsindəki uğurları bunun əyani göstəricisi sayıla bilər. İyirmi üç il əvvəl kommunist əsarətindən qurtularaq dövlət müstəqilliyini bərpa edən Azərbaycan həm də ölkənin enerji resurslarının şəriksiz sahibi olmaq haqqını qazandı. Müstəqilliyinin elə üçüncü ilində - 1994-cü ildə Azərbaycanın bir sıra aparıcı dünya dövlətlərinin yatırımlarını cəlb etməklə Xəzərin enerji ehtiyatlarının istifadəsi üçün bağladığı müqavilənin rəmzi olaraq “Əsrin müqaviləsi” adlandırılması təsadüfi deyildi. Çox ağır xarici təzyiqləri aşaraq bağlanmış o müqavilə həm Avropa və dünyanın enerji landşaftında yeni mənzərənin yaranmasına təkan verdi, həm də Azərbaycanın sonrakı güclü iqtisadi inkişafına, suverenliyinin qorunub saxlanmasına töhfələrini gətirdi”.

R.Hüseynov Azərbaycanın enerji siyasətində son nailiyyətlərdən danışmış, ölkəmizin dünya dövlətləri üçün bu sahədə ən uğurlu tərəfdaşlardan olduğunu konkret faktlar əsasında şərh edərək demişdir: “Əsrin müqaviləsi”nin imzalanmasından təxminən 20 il ötəndən sonra - 2013-cü ilin sonlarında Azərbaycan bir sıra Avropa ölkələri ilə “Şahdəniz-2” üzrə yekun investisiya qərarını imzaladı. Bu, beynəlxalq iqtisadi-siyasi leksikona “XXI əsrin müqaviləsi” kimi daxil oldu. Yalnız ona görə yox ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindəndir. Bu layihənin əsas əhəmiyyəti Avropada enerji təhlükəsizliyinə, enerji şaxələndirilməsinə, müqaviləyə qoşulan ölkələrin və şirkətlərin geniş və dərin beynəlxalq əməkdaşlığına möhkəm təməl yaratmasıdır. Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlıqda ölkənin mövqeyini dəqiq və aydın ifadə etmişdir. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyası dostluğa, qarşılıqlı dəstəyə əsaslanır və Azərbaycan heç vaxt öz enerji ehtiyatlarından başqa məqsədlər üçün istifadə etməmişdir, gələcəkdə də etməyəcəkdir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol son illərdə tam təsdiqini tapmış həqiqətdir. Xüsusən də ölkədə yeni kəşf edilən qaz yataqları bu əhəmiyyəti daha da artırır. Azərbaycanı cəlbedici edən təkcə ölkənin zəngin karbohidrogen ehtiyatlara malik olması deyildir. Əsas şərtlərdən biri də budur ki, regionda enerji sistemləri şəbəkəsinin yeni və əlvan spektrini yaratmaqda qətiyyət göstərən Azərbaycan karbohidrogen məhsulların Mərkəzi Asiyadan Avropaya nəqli üçün də mühüm, həm də ən əsası bu zaman risklər, problemlər vəd etməyən ölkədir. Bir tərəfdən Azərbaycan özü enerji resurslarını Türkiyə və Avropaya nəql edir, digər tərəfdən Qazaxıstan nefti Xəzər dənizi vasitəsilə Azərbaycandan keçməklə dünya bazarlarına ötürülür. Yəni, bununla da Azərbaycan Avropa və dünya enerji bazarında konsolidasiyaya, eyni zamanda, əməkdaşlıq edən ölkələr arasında yaxınlaşmanın, anlaşmanın daha artıq bərqərar olmasına faydalarını verir. Bu kontekstdəki ölkələrdən biri olan və hazırda iqtisadi çətinliklər yaşayan Yunanıstanın Trans-Adriatik boru kəməri (TAP) layihəsi çərçivəsində 2015-2018-ci illəri əhatə edəcək təbii qaz xəttinin inşasında gəliri 320 milyon avro təşkil edəcək və 2 min 700 iş yeri açılacaqdır. Ümumilikdə, kəmərin fəaliyyətə başlamasından sonrakı 50 ildə (2019-2069) TAP Yunanıstana 35 milyard avroya yaxın gəlir gətirəcəkdir. Təbii ki, bununla da ölkə yetərincə dirçəlmək, inkişaf etmək imkanı qazanacaqdır. Elə təkcə bu fakt Azərbaycanın enerji şaxələndirilməsi istiqamətində Avropaya verdiyi töhfələrin miqyasının nə qədər əzəmətli, necə əhatəli olması barədə təsəvvür yarada bilir”. Dünyada bir sıra ölkələr üçün hələ də enerji çatışmazlığı probleminin kəskin şəkildə yaşandığını qeyd edən Rafael Hüseynov enerji  ehtiyatlarının istifadəsində əməkdaşlığın daha sabit və firavan dünyanın bərqərar olmasında əhəmiyyəti məsələsi üzərində də ayrıca dayanmışdır: “Bu gün dünyada enerjidən məhrum milyard yarım insan yaşayırsa, Avropa əhalisinin 32 faizi enerji qıtlığından əziyyət çəkirsə, deməli, dünyada enerji siyasətinin nizamlanması yolunda hələ çox işlər görülməlidir. İqtisadi və siyasi lüğətdə ”enerji yoxsulluğu”, “enerji aclığı”, “enerji təcavüzü” kimi kədərli, arzuolunmaz ifadələr olsa da, “enerji dialoqu” kimi işıqlı, ümidverici ifadə də vardır. Əsas istək də ondan ibarətdir ki, enerji dialoqu qarşıdurmalara, təsir altına salmalara yox, qarşılıqlı səmərəli əməkdaşlığa aparsın, daha sakit dünya quruculuğuna yardımçı olsun”.

Azərbaycanlı deputatın məzmunlu çıxışı, ölkəmizin enerji şaxələndirilməsi haqqında tutarlı məlumatları AŞPA üzvlərinin marağına səbəb olmuşdur.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında