Arizona Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etmişdir

 

 

 

ABŞ-ın Arizona ştatının ali qanunverici orqanının Senat və Nümayəndələr Palatasında Azərbaycana dair geniş qətnamə qəbul olunmuşdur.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayev qətnamənin qəbul edildiyi hər iki palatanın plenar iclasında iştirak etmişdir. Qəbuldan öncə, qətnamə müəllifləri baş konsulu qanunvericilərə təqdim edərək, Azərbaycanın ABŞ üçün önəmi barədə danışmışlar. Qətnamə hər iki palatada yekdilliklə qəbul edilmişdir.

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ və Arizona tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurası, eləcə də NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Münaqişənin həlli yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlıya kömək edəcəkdir.

Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini dəstəklədiklərini bildirirlər.

Qətnamədə həmçinin, Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs olunur, Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun 80%-nə nəzarət edən Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğu bildirilir. Həmçinin, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edilərək, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan və ABŞ-ın regiondakı digər müttəfiqlərinin rifahına verdiyi töhfələr vurğulanır. Qətnamədə Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyindən beynəlxalq terrorizmə qədər geniş sahədə inkişaf edən çoxtərəfli əməkdaşlıq münasibətlərinə diqqət çəkilir, Arizonanın ABŞ-Azərbaycan strateji tərəfdaşlığını dəstəklədiyi bildirilir.

Xatırladaq ki, bu, Arizona parlamentinin Azərbaycana dair qəbul etdiyi ikinci qətnamədir. İlk qətnamə 2013-cü ilin may ayında qəbul olunmuş və Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında