Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsəri Litva dilinə tərcümə edilmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” adlı əsəri Litva dilinə tərcümə edilmişdir. 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilmişdir ki, əsərin tərcümə olunmuş variantının bir hissəsi Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Litvanın populyar www.slaptai.lt portalında yerləşdirilmişdir.

Əsəri Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə etmişdir. Tərcüməçi tərəfindən yazılmış ön sözdə litvalı oxuculara akademik Ramiz Mehdiyevin həyatı və yaradıcılığı haqqında məlumat verilmişdir.

 Akademik Ramiz Mehdiyev 2000-ci ildə yazdığı “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dini və geosiyasi köklərini dərindən araşdırıb üzə çıxarmış, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığını və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparmışdır.

  Əsərlə tanış olan litvalı siyasətçilər və tarixçilər akademik Ramiz Mehdiyevin bu əsərini 20 Yanvar faciəsinin tarixinin doğru-dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndirmişlər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış əsər öz elmi-tarixi məziyyətləri ilə yanaşı, Azərbaycan tarixinin, eyni zamanda, ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.

Xatırladaq ki, Litva xalqı azadlıq istəyən dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsindən yaxşı bilir. Belə ki, Bakıda baş vermiş 20 Yanvar hadisələrindən bir il sonra – 1991-ci ilin yanvarında litvalılar da qanlı Vilnüs hadisələrini yaşamışlar. Hər iki xalqın eyni aqibətlə üzləşməsinə baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixi və geosiyasi planda belə yığcam şəkildə və dərindən təhlil edib açıqlayan əsər yox idi. Bu baxımdan akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” əsərinin Litva dilinə tərcümə edilib yayılması Litvada azərbaycanşünaslığa verilmiş əhəmiyyətli bir töhfədir.

Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik Ramiz Mehdiyevin bu əsəri ilə Litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyinə daha yaxından bələd olacaq və Ermənistan-Azərbaycan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsl mahiyyətini dərindən öyrənmək imkanı əldə edəcəklər.

Litva ictimaiyyətinin marağını nəzərə alaraq, əsərin yaxın zamanlarda Litva dilində tam şəkildə nəşr edilməsi planlaşdırılır.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında