Nyu-Meksiko ştatının Nümayəndələr Palatası ABŞ Administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsi üzrə səylərini bərpa etməyə çağıran qətnamə qəbul etmişdir

 

 

Yanvarın 28-də Nyu-Meksiko ştatının Nümayəndələr Palatası ABŞ Administrasiyasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsi üzrə səylərini bərpa etməyə çağıran qətnamə qəbul etmişdir.

Sənəddə Azərbaycan Respublikasının Birləşmiş Ştatlarla strateji tərəfdaş olması, 1992-ci il fevralın 28-də ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılması, Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi vurğulanır. Qətnamədə daha sonra ABŞ ilə Azərbaycan arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotrafikə və insan alverinə qarşı mübarizə, son iyirmi ildə kütləvi qırğın silahının yayılmaması məsələlərinə dair tərəfdaşlığın genişlənməsi və əməkdaşlığın inkişafından bəhs edilir, ABŞ dövlət katibi Con Kerrinin 2013-cü ildə söylədiyi nitqindən sitat gətirilir. Diplomat həmin nitqində Azərbaycanı “Əfqanıstanda təhlükəsizliyi dəstəkləyən beynəlxalq qüvvələrdə (İSAF) mühüm tərəfdaş, Şimal Paylaşdırma Şəbəkəsində, Cənub Qaz Dəhlizində və bizim üçün əhəmiyyətli olan başqa məsələlərdə mühüm tərəfdaş” adlandırmışdır.

Qətnamədə Azərbaycanın iqtisadi nailiyyətləri, ÜDM-nin üç dəfə artması, Azərbaycanın regional inkişafa töhfələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və digər regionlararası layihələr barədə də məlumat verilir. Qətnamədə deyilir ki, yuxarıda adları çəkilən pozitiv uğurlara baxmayaraq, Cənubi Qafqazda çoxdan davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə təhlükə mənbəyi olaraq qalmaqdadır və bu cür münaqişələr regional əməkdaşlığın daha da inkişaf etdirilməsinə mane ola bilər.

Qətnamədə deyilir: Nyu-Meksiko ştatının Nümayəndələr Palatası 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya tərəfindən bu münaqişənin beynəlxalq hüquq əsasında, siyasi yolla tənzimlənməsi haqqında birgə bəyannamə qəbul etməsini; ABŞ, Fransa və Rusiyanın münaqişənin beynəlxalq hüququn prinsip və normalarına, ATƏT tərəfindən qəbul edilmiş qərarlara və sənədlərə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq qəti tənzimlənməsi üçün Ermənistanla Azərbaycan arasında danışıqlara şərait yaradılması məqsədilə təsis edilmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri olmasını; 2013-cü il avqustun 5-də Prezident Barak Obamanın xüsusi nümayəndəsi Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri təyin edilməsini, beynəlxalq birliyin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmələrini və Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadıqlarını dəfələrlə bəyan etdiklərini; BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq etməsini; beynəlxalq birlik, o cümlədən NATO, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmamaq Hərəkatı kimi beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təkrarən bəyan etmələrini və bu münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri əsasında həll edilməli olmasının təsdiqləmələrini nəzərə alaraq Birləşmiş Ştatlar Administrasiyasını ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı dəstəkləməyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına dair səylərini bərpa etməyə çağırmağı qərara almışdır.

Qətnamənin surətləri Nyu-Meksiko ştatı qubernatorunun ofisinə, mədəni əlaqələr üzrə katibə və ABŞ dövlət katibinə göndəriləcəkdir. Ştatın Nümayəndələr Palatasına qanunverici Nora Espinoza tərəfindən təqdim edilmiş qətnamə mütləq səs çoxluğu ilə qəbul edilmişdir.

Xatırladaq ki, Nyu-Meksiko ştatının Nümayəndələr Palatası və Senatı keçən il Xocalı qırğınını tanımışlar.

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında