Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) qış sessiyasında ən böyük maraq doğuran müzakirə mövzularından biri “İnternet və siyasət: informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” adlı məruzə olmuşdur.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov internetin demokratiya və insan haqlarına faydaları və mümkün təhlükələri ilə bağlı demişdir: “XIX əsrin ortalarında nəşr edilmiş və ölkə-ölkə dolaşan bir kitabın ilk cümləsi qitəni və dünyanı dəyişə biləcək yeni cərəyan barədə xəbərdarlıq edirdi: “Avropada bir kabus - kommunizm kabusu dolaşmaqdadır”. O ifadənin birinci dəfə səsləndiyi 1848-ci ildən sonra həqiqətən həmin kabus asta-asta dünyanın hər bucağına yeridi və çox şeyləri dəyişdi. İndi XXI əsrdir. Avropada və dünyada yenə nəhəng bir kabus dolaşmaqdadır. Doğrudur, bu kabus o əvvəlki kabusdan fərqli olaraq mahiyyəti etibarilə işıqlıdır, hər bir insana yardımçı olmağa, həyatı daha rahat etməyə köklənmişdir. Lakin bütün müsbət keyfiyyətlərinə baxmayaraq, həmin yeni kabusun - bütün dünyanı bürümüş internet şəbəkəsinin, təəssüf ki, öz qüsurları, öz təhlükələri də vardır. Bir neçə il əvvəl internet fəzasındakı sərbəstlik demokratiyanın vacib təzahürlərindən biri kimi dəyərləndirilirdisə, indi bu nəhəng “hörümçək” həm də demokratiyaya, insan haqlarına ara-sıra zədələr vurmağa bais olan qüvvə kimi səciyyələndirilir. Belə təhlükələrin bir istiqaməti də internetin rasizm, dözümsüzlük, millətlər, dinlər, mədəniyyətlər arasına ixtilaflar sala bilmək üçün münasib vasitə kimi istifadə edilməsi, müəyyən məkrli əllərlə xalqlar, ölkələr arasında ədavət yaratmağa münasib bir məkana döndərilməsidir. Otuz il əvvəl hansısa bir ölkədə hətta mətbuat səhifələrində bu qəbil istənilməz hallar baş verəndə bunun əks-səda doğurması, müxtəlif ölkələrə yayılaraq mənfi, ya müsbət reaksiyalar oyatmağı uzun müddət tələb edirdi. Ona görə də bəzən qəsdən ortaya atılmış hansısa rasist, dözümsüzlük nümunəsi olan yazı, bəyanat, çağırış vaxtın uzanması ilə asta-asta soyuyur, onu dövriyyəyə buraxmış, bununla da müəyyən çirkin niyyətlərini gerçəkləşdirmək məqsədi güdmüş fitnəkarların istəyinin əksinə olaraq hədəfə yetişmədən unudulurdu. Hazırda isə vəziyyət tamam başqa cürdür. İnternetə yerləşdirilmiş kiçicik nifrət qığılcımı bir neçə dəqiqə ərzində dünya boyunca yayılır və həmin fəsadı törədənlər elə internetin özünün ani yayabilmə yardımı ilə ocağı soyumağa qoymamağa da müvəffəq olur, qarşılıqlı nifrət yaradan və bunu dərinləşdirən əməliyyatları an-an dərinləşdirirlər. Dövlətlər, hökumətlər, parlamentlər rasizmi, dözümsüzlüyü rədd edən, millətlərarası ədavətə bais ola biləcək hərəkətlərin qarşısını alan çox qərarlar qəbul edə, sənədlər hazırlaya bilər. Bunlar hamısı əlbəttə ki, lazımdır və bundan sonra da davam etdirilməlidir. Lakin internet şəbəkəsinin uzun əllərindən istifadə edən bir və bir neçə başıpozuq həmin ən nümunəvi qanunlara və sənədlərə məhəl qoymadan öz qara əməllərini asanlıqla törətməkdə davam edə bilərlər. Ona görə də internet şəbəkəsinə məhz həmin qanunların müstəvisində nəzarəti təmin edə biləcək mexanizmləri tam gücündə işlətməyə nail olmalıyıq. Hüquqi normaların internet fəzasına bütün istiqamətlərdə yetərincə hakim kəsilməsi həm də ona görə vacibdir ki, bu mühüm sərvət - internet, dəyər olaraq, demokratiyaya maneələr yaradan deyil, demokratiyaya dayaq olan güc kimi əhəmiyyətini daha da artırsın. Dünya, bu mehriban Yer Kürəsi hamımızın ortaq evimiz, müştərək yuvamızdır. İnternet bu yuvanı get-gedə daha balaca, daha yığcam edən, bizi bir-birimizə daha çox yaxınlaşdıran qüdrətdir. Bu kiçilən yuvada rasizmə, dözümsüzlüyə, nifrətə, ədavətə yer nə qədər az qalsa, evimiz olan Yer kürəsi də daha yaşamalı, daha sevimli olacaqdır. Dünyanı kiçildərək, yığcamlaşdıraraq bu böyük həqiqəti insanlara daha yaxından anladan “internet kabusu”nun indiki tarix məqamı üçün bəlkə də ən ali vəzifəsi insan haqlarına zidd ola biləcək istənilən təmayülün qarşısına ən sərt çəpərlər çəkə bilməsidir. Bu yöndə gərək hamımız, o cümlədən Avropa Şurası səylərimizi qətiyyətlə birləşdirək".
AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin təmsilçisi R. Hüseynovun çıxışında qaldırılan məsələlərə münasibət bildirmiş, həqiqətən internet şəbəkəsində insan haqları və demokratik dəyərlərə münasibətdə ifratların da mövcudluğunu təsdiqləyərək belə hallarla mübarizədə səylərin müştərək aparılması təklifi ilə razılaşdığını bildirmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.